Lukaşenko Putinlə görüşə getmədi, İlham Əliyevlə danışıqlara üstünlük verdi
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev Belarusa ikigünlük rəsmi səfərə gedir.
Virtualaz.org saytı xəbər verir ki, səfər ərəfəsində çox maraqlı və müxtəlif ehtimallara yol açan nüans ortaya çıxıb. Belarus prezidenti Aleksandr Lukaşenko Moskvaya noyabrın 25-26-na nəzərdə tutulmuş səfərini gözlənilmədən təxirə salıb.
Lukaşenkonun Moskvaya səfərini qəfil təxirə salması haqda xəbər Suriya ilə sərhəddə Türkiyə tərəfindən Rusiya bombardmançısının vurulması hadisəsi ilə eyni vaxtda yayıldığından informasiya məkanında xüsusi rezonansa səbəb olmayıb.
Belarus prezidentinin administrasiyası bildirib ki, Lukaşenko “sıx iş qrafikinə görə” Moskvaya səfərini təxirə salıb.
Lakin səfərin təxirə salınması üçün göstərilən rəsmi səbəb o qədər də inandırıcı hesab edilmir. Analitiklər bunu Lukaşenkonun növbəti hiyləgər manevri adlandırırlar. Çünki Lukaşenkonun noyabrın 25 və 26-da hansısa fövqəladə vacib işlərlə məşğul olması barədə heç nə məlum deyildi.
Prezidentin mətbuat xidməti bu günlər ərzində Lukaşenkonun cəmi iki təbrik teleqramı haqda məlumat yayıb.
Son vaxtlar Rusiya ilə Belarus arasında müəyyən narazılıq hökm sürür. Çünki Rusiya Belarus ərazisində aviabaza yaradılmasına dair razılıq əldə edildiyini elan etsə də Lukaşenko belə razılığın olmadığını bildirir.
Onun fikrincə, Belarus ərazisində Rusiya aviabazasının yaradılmasına zərurət də yoxdur.
Həmçinin Lukaşenko son vaxtlar Qərblə münasibətlərini qaydaya salmağa çalışır. Artıq Avropa İttifaqı onun hakimiyyətinə qarşı sanksiyaları dondurub. Belarus Qərb maliyyə təsisatlarından kredit cəlb etmək üçün danışıqlar aparır. Rusiyanın Qərbə qarşı tətbiq etdiyi ərzaq embarqosundan müxtəlif yollarla yayınmağa çalışır. Bu baxımdan səfərin hansı tərəfin təşəbbüsü ilə təxirə salındığını təxmin etmək çətindir.
Bəzilərinin qənaətinə görə, bu təşəbbüs Moskvadan gəlib. Çünki Putin indi daha vacib işlərlə məşğuldur və Lukaşenko ilə danışmağa vaxtı yoxdur. Digərlərinə görə isə Lukaşenko ölkəsinin Rusiyadan asılılığını azalda bilmək üçün manevrlər edir və aviabaza məsələsində “xoşagəlməz söhbətdən” yayınmaq üçün səfəri təxirə salaraq bir müddət vaxt qazanmağa çalışır.
Ümumiyyətlə, Belarus prezidenti Rusiya ilə münasibətlərdə son vaxtlar dəfələrlə belə manevrlər edib. Və Azərbaycanla münasibətlər də bu kontekstdə Lukaşenko üçün xeyli mühümdür.
Təsadüfi deyil ki, Lukaşenko cəmi bir gün əvvəl Moskvaya səfər etmək üçün vaxt qıtlığını əsas gətirsə də Belarus mənbələri onun Azərbaycan prezidenti ilə danışıqlara xüsusi hazırlıq gördüyünü yazırdı.
Vaxtilə Rusiya Belarusu sıxışdıranda Lukaşenko kömək üçün Azərbaycana müraciət edib. Məsələn, Belarusa “Qazprom”a borcu təcili ödəmək üçün yüz milyonlarla dollar borc lazım olanda köməyə Azərbaycan çatıb və qısa müddət ərzində Belarusa bu vəsaiti ayırıb.
Azərbaycanın kritik məqamlarda Belarusa verdiyi dəstəyi Lukaşenko həmişə dəyərləndirib və iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsi qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq səviyyəsidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=41538