Türkiyəli nazir Bakıdan Moskvaya mesaj verdi

28.11.2015 - 11:53

oorduTürkiyə XİN başçısının Azərbaycan görüşlərində Türkiyənin Qarabağla bağlı mövqeyi də bir daha bəyan olundu; “İşğal altındakı torpaqlarının azad olunması məsələsində Azərbaycanın yanındayıq…”

 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun noyabrın 26-da Bakıya qəfil səfər edərək, 27 noyabrda yüksək səviyyədə görüşlər keçirməsi həftənin əsas hadisələrindən biri oldu. Belə ki, Azərbaycanda hələ Avropa Şurası Baş Assambleyasındakı (AŞ PA) fəaliyyəti dövründən yaxşı tanınan M.Çavuşoğlunun budəfəki Bakı səfəri Türkiyə-Rusiya münasibətlərindəki gərginliklər səbəbindən tam fərqli qarşılandı. 
İlk olaraq türkiyəli nazir və onun başçılıq etdiyi nümayəndə heyətini prezident İlham Əliyev qəbul edib. “AzərTAc”ın yaydığı məlumata görə, prezident öncə M.Çavuşoğlunu yeni hökumətdə yer alması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Dövlət başçısı daha sonra deyib: “Çox şadam ki, siz ilk səfəri Azərbaycana edirsiniz. Bu ənənə artıq neçə ildir ki, yaşayır. Həm dövlət, hökumət başçıları, həm nazirlər seçkilərdən sonra ilk səfəri qardaş ölkəyə edirlər. Fürsətdən istifadə edərək, Sizi bu yaxınlarda Antalyada uğurla keçirilmiş G20 Zirvə görüşü münasibətilə təbrik etmək istəyirəm. Bu, Türkiyənin çox böyük uğurudur. Türkiyə bir daha nümayiş etdirdi ki, böyük dövlətdir, böyük gücə malik olan bir dövlətdir. Şadam ki, qardaş ölkə Azərbaycanı bu toplantıya dəvət etdi. Bu, bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir və həm bizim xalqlara, həm dünyaya göstərir ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir”. İki ölkə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan prezident onların bütün istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini bildirib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu da öz növbəsində prezidentə təşəkkür edib. Sitat: “Xarici işlər naziri olaraq vəzifəyə təyin edildikdən sonra ilk səfərimi qardaş Azərbaycana etməkdən, ənənələrimizi davam etdirməkdən böyük qürur duyduğumu vurğulamaq istəyirəm. Sizi də 1 noyabr parlament seçkiləri münasibətilə təbrik etmək istəyirəm”. M.Çavuşoğlu Azərbaycanın G20-nin Antalyada keçirilən Zirvə toplantısında iştirakına görə də dövlət başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyevin G20-nin Zirvə toplantısında iştirakından qürur hissi keçirdiyini deyən Türkiyə XİN rəhbəri prezidentin bu cür mötəbər tədbirdə beynəlxalq məsələlərlə bağlı söylədiyi dəyərli fikirləri yüksək qiymətləndirdiyini vurğulayıb. Deyib ki, Azərbaycan belə bir toplantıda iştirak etməklə Türkiyənin mövqeyini daha da gücləndirdi.
Görüşdə hər kəsin xüsusi olaraq gözlədiyi Ankara-Moskva münasbətlərindən də bəhs olunub. Mətbuat üçün rəsmi açıqlamada bildirilir: “Söhbət zamanı dövlət başçısı Türkiyə ilə Rusiya arasında münasibətlərdə yaranmış gərginliyə toxunaraq qeyd etdi ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır”.
Daha sonra qonağı baş nazir Artur Rasizadə qəbul edib. Görüş zamanı Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi, bölgədə sabitliyin qorunub saxlanması, regional və beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
M.Çavuşoğlunun növbəti görüşü Milli Məclisin sədri Oqtay Əsədovla olub. Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə AKP-nin qələbəsi münasibətilə təbriklərini çatdırıb. Sədr bildirib ki, ölkələrimiz arasında qarşılıqlı rəsmi səfərlərin sayının artması əlaqələrimizi daha da möhkəmləndirir:“Son zamanlar Türkiyədə baş verən terror hadisələrindən biz də narahatlıq hissi keçiririk”. 
Türkiyəli nazir parlamentarilərimizin beynəlxalq qurumlardakı birgə əməkdaşlığını yüksək qiymətləndirib. O, Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını qeyd edib. Milli Məclisdəki görüşdə də Türkiyə-Rusiya qarşıdurması diqqətdən kənarda qalmayıb. Əsədov deyib ki, Azərbaycan Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsindən narahatdır: “Biz iki ölkə arasındakı münasibətlərin düzəlməsi üçün əlimizdən gələni etməyə hazırıq. Azərbaycan bu məsələnin müsbət həlli üçün Rusiya ilə Türkiyə arasında vasitəçilik etməyə hazırdır”.
Türkiyəli nazir M.Çavuşoğlu isə Azərbaycanın bu cür mövqeyinə görə spikerə təşəkkür edib. Sitat: “Türkiyə beynəlxalq hüququn tələblərinə əsaslanan addım atıb. Türkiyə gərginlik tərəfdarı deyil. İnşallah, biz bu cür vəziyyəti diplomatik yolla dəf edəcəyik. Ancaq eyni mövqeyi Rusiyadan da gözləyirik”.
Onun Azərbaycan səfəri çərçivəsində sonuncu görüşü həmkarı Elmar Məmmədyarovla olub. Daha sonra isə nazirlər XİN-də mətbuat üçün brifinq keçiriblər.
“Yeni Müsavat”ın əməkdaşının brifinqdən verdiyi məlumata görə, Azərbaycan XİN başçısı E.Məmmədyarov türkiyəli həmkarının Bakı səfərində qeyri-adiliklər axtarılmasına ehtiyac bilməyib: “Azərbaycan və Türkiyə arasında bir adət-ənənə yaranıb ki, prezident, baş nazir, yaxud nazirlər seçiləndən sonra ilk olaraq Bakıya, yaxud Ankaraya qarşılıqlı səfərlər həyata keçirilir. Ona görə də mən əziz dostum və qardaşımı Bakıda görməkdən çox şadam”. E.Məmmədyarov ikitərəfli və çoxtərəfli görüşlərin keçirildiyini və aktual məsələlərin müzakirə olunduğunu deyib: “Mən öz tərəfimdən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların son vəziyyəti ilə bağlı Mövlud Çavuşoğlunu məlumatlandırdım. Son aylarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov əvvəlcə Azərbaycana gəlmişdi, sonra Ermənistana getdi. O, danışıqları intensivləşdirməyi təklif edib. Ancaq hamı qəbul edir ki, ən böyük problem torpaqların işğal altında olmasıdır. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşməsi təhlükəsizlik, sosial-iqtisadi baxımdan bütün regiona problem yaradır. Baxmayaraq ki, Rusiya XİN başçısı İrəvana tək getmişdi, amma təklifləri həmsədr ölkələrin adından verib. Sonuncu dəfə həmsədrlər Azərbaycana gələndə təklif olundu ki, prezidentlərin görüşü keçirilsin. Biz ilin sonuna kimi bu görüşün keçirilməsinə razılıq vermişik və həmsədrlər də bunun üzərində işləyirlər”.
Azərbaycan XİN başçısı enerji məsələlərinin də əsas müzakirə mövzularından olduğunu qeyd etdi. “Azərbaycan və Türkiyə enerji məsələlərində eyni mövqedədir. TANAP layihəsi vaxtında yerinə yetirilir. Region üçün çox önəmli olan və əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcək Bakı-Tiflis-Qars dəmir yolu xəttinin inşası uğurla həyata keçirilir”. XİN başçısı bir gün öncə Tiflisdə olarkən gürcü həmkarı ilə də bu barədə danışdıqlarını vurğuladı.
E. Məmmədyarov ilin sonunadək 3 ölkənin xarici işlər nazirlərinin görüşünün təşkili barədə razılığın əldə olunduğunu bildirdi: “Mövlud bəyin də razılığını aldıq. İqlim şəraiti yaxşı olsa, dəmir yolunun tikinti aparılan yerinə də gedəcəyik. İnanırıq ki, çox önəmli olan bu dəmir yolu xətti bu il olmasa da, gələn il fəaliyyətə başlayacaq. Əminəm ki, bu xətt Azərbaycan-Türkiyə əməkdaşlığını yeni mərhələyə çıxara bilər”.
Mövlud Çavuşoğlu isə jurnalistlərə açıqlamasında Azərbaycanda, Bakıda olmasından dolayı özünü xoşbəxt saydığını bildirdi. Prezident, baş nazir və spiker tərəfindən qəbul edilməsinə görə təşəkkür edən nazir Azərbaycanın G-20-də iştirakından, hər iki ölkədə keçirilən seçkilərdən bəhs etdi, münasibətlərdən məmnunluğunu ifadə etdi: “Azərbaycanla Türkiyə arasında hər sahədə münasibətlər mükəmməl səviyyədədir. İki ölkənin iştirak etdiyi layihələri müvəffəqiyyətlə icra edirik”.
M. Çavuşoğlu bildirdi ki, tez bir zamanda Bakı-Tiflis-Qars layihəsi də uğurla həyata keçiriləcək: “Türkiyədə layihəni icra edən şirkətin hüquqi problemi səbəbindən gecikmə oldu. Qısa vaxtda bunu da tamamlayacağıq. Tək hədəfimiz Bakı-Tiflis-Qars deyil. Çinə qədər olan xətdə Azərbaycan böyük rol oynayacaq. Üçlü əməkdaşlıq mexanizmlərini də uğurla davam etdirəcəyik. Türkiyə-Azərbaycan-Türkmənistan görüşü oktyabrda baş tutmadı, amma 2016-cı ildə baş tutacaq. Bizim hər mövzuda Azərbaycanın yanında olduğumuzu Azərbaycan bilir. Xüsusilə Qarabağ məsələsində və Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması məsələsində Azərbaycanın yanındayıq. Yeni gələn təkliflərin Minsk Qrupunun təklifi kimi rəsmiləşməsini arzu edirik. Biz həmişə bu prosesə konstruktiv şəkildə dəstək veririk. Minsk Qrupunun daha fəal olması üçün konstruktiv şəkildə tənqid edərək bu işə töhfə verməyə çalışırıq. Minsk Qrupunu Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olmağa çağırırıq”.
Türkiyə XİN başçısı həmçinin Azərbaycanla birgə həyata keçirilən enerji layihələrinə toxunaraq bildirdi ki, əməkdaşlıq bundan sonra da davam edəcək. Azərbaycan ziyarəti zamanı ikitərəfli münasibətlərin xüsusi müzakirə edildiyini, planlaşdırılan layihələrin gerçəkləşdiyini, TANAP mövzusunda heç bir sıxıntının olmadığını deyən XİN başçısı Bakının Nardaran qəsəbəsində baş verən qanlı hadisələri “terror” adlandırdı:“Azərbaycanda baş verən terror hadisəsində iki polisin şəhid olması ilə bağlı Azərbaycana başsağlığı veririk”.
Nazir bildirdi ki, Azərbaycanla Türkiyə arasında terrora qarşı mübarizə sahəsində də işbirliyi var: “Biz Azərbaycana bu məsələdə də dəstək göstərəcəyik. Təəssüf ki, Türkiyənin belə bir təcrübəsi var. Ümid edirik ki, Türkiyə və Azərbaycanda bir daha terror olmayacaq”.
XİN başçısı Qarabağla bağlı qardaş ölkənin dəstəyini bir daha ifadə edib: “Biz Azərbaycanın razı olduğu hər məsələdə, xüsusilə də Qarabağ, Azərbaycan işğal edilmiş torpaqlarının geri qaytarılması məsələsində hər zaman qardaş Azərbaycanın yanındayıq, yanında olmaqda davam edəcəyik”.
Yeri gəlmişkən, baş nazir Əhməd Davudoğlunun da Azərbaycana səfəri gözlənilir. Bu barədə  M.Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıdakı görüşü zamanı bildirib. Onun sözlərinə görə, baş nazirin Bakıya səfəri dekabrın 3-nə nəzərdə tutulub. Bu, Davudoğlunun Türkiyə hökumətinin yeni tərkibinin təsdiq olunmasından sonra ilk rəsmi səfəri olacaq.
Bundan sonra nazir E.Məmmədyarov zamanın az olduğunu əsas gətirib brifinqi yekunlaşdırdı: “Təəssüf ki, Mövlud bəy təcili Ankaraya dönməlidir, çünki nazirlərin iştirakı ilə ilk toplantısına qatılacaq. Ona görə biz sualları qəbul edə bilmirik”.
Nazirlərin brifinqdə Rusiya-Türkiyə münasibətlərinə toxunmaması gözlənilməz olsa da, aldığımız məlumata görə, bu, razılaşdırılmış protokol qaydasıdır. Sadəcə, Ankara və Bakı Rusiyanı qıcıqlandıra biləcək hansısa ehtiyatsız ifadələrin səslənməməsi üçün məsələnin üstündən sükutla keçməyə qərar veriblər.
Politoloq Elxan Şahinoğlu da bildirdi ki, bu, çox həssas mövzudur: “Ankara Moskva ilə münasibətləri normallaşdırmaq istəyir. Bunda rəsmi Bakı da maraqlıdır. Ona görə də səhv başa düşüləcək fikir bildirmək istəmirlər. Çavuşoğlunun səfəri Rusiya hakim və siyasi dairələrində qıcıq oyadıb. Ümumiyyətlə, bundan sonra Rusiyada anti-Azərbaycan ritorikası da arta bilər. Çünki Rusiyanın hakim və siyasi dairələri Türkiyənin bölgədəki müttəfiqlərini də hədəf götürəcəklər”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=41623

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31