“Erməni soyqırımı” sənədi Rusiya parlamentinə gətirilsə…
Bakı bu təşəbbüsü əngəlləməyə çalışacaqmı? Fəzail Ağamalı: “Elə mövqe ortaya qoymalıyıq ki, Rusiya qıcıqlanmasın…”
Xəbər verildiyi kimi, Rusiyada bir qrup deputat Dövlət Dumasına “erməni soyqırımı”nı tanımayanların cəzalandırılması ilə bağlı təklif veriblər. Deputatlar Ədalətli Rusiya partiyasının üzvləridir. Partiya üzvləri “soyqırım”ı inkar edənləri 5 il müddətinə azadlıqdan məhrum etməyi, yaxud onları 500 min rubl (8 min 50 manat) məbləğində cərimələməyi istəyirlər.
Qanun layihəsində erməni xalqının Osmanlı Türkiyəsində 1915-ci ildən 1922-ci ilə qədər olan dövrdə “soyqırım”ı faktını inkar etməyə görə eyni zamanda “bu cinayətlərin” təqdir edilməsinə görə 300 min rubl (4 min 830 manat) və ya 2 il ərzində əməkhaqqı dəyərində cərimələməklə, yaxud 3 il müddətinə azadlıqdan məhrum etməklə cəzalandırmaq təklif edilir. Əgər bu, kütləvi informasiya vasitələrinin köməyi ilə edilibsə, cəriməni, ən yüksək həddini 500 min rubla (8 min 50 manat) qədər artırmağın mümkün olduğu bildirilib. Belə olan halda azadlıqdan məhrum olma müddəti isə 5 ilə qədər artırıla bilər.
Qeyd edək ki, təklifin Türkiyə-Rusiya münasibətlərinin pisləşməsindən sonraya təsadüf etməsi bir çox mətləblərdən xəbər verir. Rus deputatların təklifi Dağlıq Qarabağ problemi yaşayan ölkəmizdə də narahatlıqla qarşılanıb. Heç şübhəsiz ki, bu təklif qəbul olunarsa, Azərbaycan-Rusiya münasibətlərinə də ciddi təsir edəcək.
İqtidaryönlü deputat Fəzail Ağamalı bildirdi ki, “erməni soyqırımı” ilə bağlı təklif Rusiyanın Türkiyəyə qarşı qəti mövqedə olduğunun göstəricisidir: “Rus təyyarəsinin Türkiyə sərhədində vurulması münasibətləri kritik həddə çatdırıb və getdikcə Rusiya tərəfindən bütün sahələri əhatə etməkdədir. Görünən odur ki, Rusiya bunu diplomatik təzyiq, dəyən ziyan kimi qəbul etmədi. Putinin son dərəcə kəskin mövqeyi, onun verdiyi tapşırıqlar bütün sahələrdə Türkiyə ilə münasibətlərin dayandırılmasına səbəb oldu. Türkiyə indiyə qədər Rusiya ilə hansı münasibətlərə malik idisə, hamısına qadağa qoyuldu. Hazırda hər iki ölkə arasında formal münasibətlər qalır. Türkiyənin səfiri Rusiyada, Rusiyanın səfiri Türkiyədədir. Bundan o tərəfə münasibət yoxdur. ”Soyqırım”ı qəbul etməyənlərlə bağlı cəza növünün tətbiq edilməsi ilə bağlı deputatların təklifi göstərir ki, Rusiya Türkiyəyə qarşı qəti mövqedədir. Rusiya o vaxta qədər bu münasibəti davam etdirəcək ki, istədiyini alsın. Türkiyəni məcbur edir ki, üzr istəsin. Amma Türkiyə üzr istəsə, bir dövlət kimi özünü aşağılamış olacaq. Bu da dövlətçiliyə, Ərdoğanın imicinə ciddi zərbə olar. Türkiyənin bunu edəcəyini düşünmürəm. Dövlətin imici aşağı səviyyəyə enər”.
F.Ağamalı yaranmış vəziyyətin Azərbaycanın dövlət maraqlarına cavab vermədiyini bildirdi: “Biz hər zaman arzulamışıq ki, Türkiyənin dünyada mövqeyi güclənsin. Çünki bu mövqeyin güclənməsi, Azərbaycanın mövqeyinin güclənməsi deməkdir. Eyni zamanda ölkəmizin gücü Türkiyənin gücü deməkdir. Nəzərə alaq ki, Azərbaycan-Rusiya arasında sıx əlaqələr mövcuddur. Bu, ölkə prezidentinin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Rusiya ilə münasibətlərimizin daim yüksək səviyyədə olmasını istəyən şəxsəm. Biz şimal qonşumuzla ehtiyatlı davranmalıyıq. Olub-keçənləri düşünərək bu qənaətə gəlmişəm. Amma bir halda bu mümkündür ki, dövlətimizin suverenliyinə və müstəqilliyinə zərər gəlməsin. İndiki vəziyyətdə yaşananlar bizim də mövqeyimizə ciddi təsir edir. Nəzərə alaq ki, ortada erməni amili var. Rusiya hər zaman Ermənistanın yanında olub. Eyni zamanda Qarabağ məsələsində Minsk Qrupunun həmsədrlərindən biridir. Yaranmış vəziyyətdən ermənilər bacarıqla istifadə etməkdədirlər. Münasibətlərin xoşagəlməyən səviyyəyə çatmasından sonra Rusiya dondurduğu, soyuducuda saxladığı erməni politoloqları efirlərə buraxmağa başladı. Rus kanallarının əksəriyyətində ermənilər görünməkdədir. Ermənilər Türkiyə ilə münasibətlərdə Azərbaycan amilini ortaya atıblar”.
Partiya sədri hazırda Rusiyanın Azərbaycana qarşı münasibətlərində təhdidlər olmadığını söylədi: “Rusiya Azərbaycanı Türkiyə ilə eyniləşdirəcək münasibət ortaya qoymur. Bu üzdə belədir. Amma içəridə qapalı münasibətlərin gedişində Azərbaycana da yer ayrıldığını güman edirəm. Ən azı Türkiyəyə qarşı siyasətdə Azərbaycanın da yer alması ilə bağlı ermənilər tərəfindən təhdidlər ola bilər. Buna görə də, ehtiyatlı davranmağımız vacibdir. Ölkə başçısı məsələni çox doğru qoydu ki, Azərbaycan hər iki dövlət arasında yaranmış gərginliyin aradan qaldırılmasında öz töhfəsini verə bilər. Dövlət olaraq biz buna çalışmalıyıq. İctimai rəydə ehtiyatlı münasibət sərgiləməliyik. Türkiyənin rus təyyarəsini məhv etməklə qarşı dövlətin nüfuzuna ciddi zərbə vurduğu göz önündədir. Bu baxımdan elə mövqe ortaya qoymalıyıq ki, Rusiya bundan qıcıqlanmasın, bizi də Türkiyənin yanına qoşmasın. Ermənilər hazırda buna çalışırlar. Hadisələrin gedişini gözləyək. Əminəm ki, müdrik prezidentimiz bunların fərqindədir. Çalışaq ki, yaranmış vəziyyətdən ölkəmizə zərbə gəlməsin. Cəmiyyət olaraq çalışmalıyıq ki, Rusiya və erməni lobbisi verdiyimiz bəhanələrlə üzərimizə gəlməsin”.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=41829