Qarabağ məsələsi Ankara-Moskva münasibətlərinin girovuna çevrilir?

01.12.2015 - 10:28

susa“Su-24“ insidentindən sonra Türkiyə üçün Azərbaycan, Rusiya üçün isə Ermənistanın önəmi artıb; hərbi ekspert: ”Qarabağla bağlı status-kvonun dəyişəcəyinə ümidlər bir qədər arxa plana keçəcək…“

 
Noyabrın 24-də Rusiyanın “Su-24″ təyyarəsi ilə bağlı yaşanan insident Dağlıq Qarabağ problemi ətrafındakı situasiyaya da təsir edib. Söhbət təkcə Türkiyə-Rusiya münasibətlərinin qəfil pisləşməsindən dolayı bu iki dövlətin münaqişənin həllinə yönəlik ortaq səylərinin uzun müddətə aradan qalxmasından getmir, – hərçənd münasibətlər yüksək səviyyədə olanda da Moskva konfliktin çözümünə yardımçı olmayıb, – həm də ondan gedir ki, işğalçı Ermənistanın Kreml üçün önəmi indi bir az da artıb. 
Sadə səbəbə. Çünki forpost və marionet Ermənistan Rusiyadan ötrü “düşmən Türkiyə” önündə ən vacib cəbhə, plastdarm rolundadır. Kreml Ankaranı təhdid eləmək istəsə orada atom silahı da yerləşdirə bilər. Demək, Qarabağ məsələsində Moskvanın bundan sonra ermənilərin xətrinə dəyəcək hansısa addımını gözləmək, ümumiyyətlə, inandırıcı görünmür.
Başqa sözlə desək, son vaxtlar aktiv müzakirə edilən “5 rayon məsələsi” – guya Azərbaycanın bir neçə rayonunun işğaldan azad edilməsi üçün Rusiyanın İrəvana təzyiq eləməsi barədə iddialar gündəmdən çıxmış sayıla bilər. Artıq aydındır ki, şimal qonşumuz bölgədə Türkiyənin təsirini hər hansı şəkildə gücləndirəcək heç bir addıma getməyəcək. Azərbaycanın Dağlıq Qarabağ məsələsində uğur qazanması isə elə Türkiyənin də bölgədə uğurlu mövqe əldə eləməsi, Güney Qafqaza təsir imkanlarının genişlənməsi deməkdir.
***
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu da o qənaətdədir ki, baş verən insidentdən sonra Kreml Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasında israr etməyəcək. Onun sözlərinə görə, bir çox beynəlxalq məsələlərdə (Suriya, Ukrayna) Rusiya ilə ABŞ arasında ciddi fikir ayrılığı qaldığı vaxtda Qarabağ münaqişəsinin həllinin detalları məsələsində Vaşinqtonla Moskvanın razılığa gəlməsi inandırıcı deyil.
 
“Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Kreml Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasında israr etməz, israr etsə də, əvəzində sazişdə referendum tarixinin keçiriləcəyi günü göstərməyə çalışacaq ki, bu da Azərbaycanın maraqlarına uyğun deyil” – qeyd edib politoloq.
Yəni yenə son anda Moskva erməniləri və onların maraqlarını, separatçıları üstün tutacaq. Bu da təbiidir. Çünki hər necə olmasa, Azərbaycandan fərqli olaraq Ermənistan Rusiyanın Cənubi Qafqazda yeganə hərbi-siyasi müttəfiqidir, 50 illiyə icarəyə götürülən forpost ölkədir. Rusiyanın bölgədə yeganə legitim hərbi bazaları da məhz işğalçı Ermənistanda, Gümrüdədir, təcavüzkar ölkənin xarici sərhədlərini, hava məkanını Rusiya hərbi qüvvələri qoruyur.
***
Bu arada Rusiyanın “Kommersant” qəzeti başda olmaqlab nüfuzlu KİV-ləri Türkiyə ilə bağlı Qarabağ məsələsinə də birbaşa dəxli olan yeni iddia ortaya atıblar. İddiaya görə, Türkiyə tərəfi “Su-24″ təyyarəsini vurmasından sonra nəinki geri çəkilmək, hətta Rusiya ilə münasibətləri bir az da gərginləşdirmək niyyətindədir.
Qeyd olunur ki, Rusiyanın saxta “erməni soyqırımı”nı danmağa görə cəza nəzərdə tutan qanun layihəsi hədəsindən sonra Türkiyədən dərhal reaksiya gəlib və: “Türkiyənin baş naziri Davudoğlu  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi üçün hər bir dəstəyi verəcəklərini bildirib”. Rusiya KİV-i Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun məhz bu səbəbə Bakıya gəldiyini yazıb.
 
Başqa bir iddiaya görə, Rusiya Suriyada antiterror əməliyyatları apardığı kimi, Türkiyə də suveren dövlət olaraq Azərbaycanın xahişi və razılığı ilə işğal altındakı Dağlıq Qarabağ və ya onun ətrafında antiterror əməliyyatı apara bilər. Rusiyanın isə buna qarışmaq hüququ yoxdur, ona görə ki, Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycan əraziləridir və üstəlik, onun ətrafındakı 7 rayonda heç vaxt erməni əhali yaşamayıb.   
Politoloq, Putinin yaxın adamı Sergey Markov isə “Su-24″ insidentindin sonra bu variantı təhlükəli hesab edir. Sitat: ”Türkiyə və Rusiya arasında müharibənin olmasını heç kim istəmir. Digər tərəfdən isə təhlükəli vəziyyət yaranıb. Suriyada həm Türkiyə, həm də Rusiya öz varlığını göstərməyə çalışır. Hətta Türkiyədə bəzi siyasətçilər Azərbaycanı Dağlıq Qarabağa hərbi müdaxilə etməyə təşviq edir. Halbuki Azərbaycan və Ermənistan arasında müharibə başlayarsa, Rusiya Ermənistanla bağladığı müqavilələr çərçivəsində Dağlıq Qarabağa müdaxilə etmək məcburiyyətində qalacaq. Bu təhlükələr qarşısında son dərəcə soyuqqanlı olmaq lazımdır”.
***
Maraqlıdır, o hansı müqavilədir ki, iki ölkəyə – Rusiya və Ermənistana üçüncü bir suveren dövlətin – Azərbaycanın ərazisinə soxulmaq, hərbi qüvvə yeritmək hüququ verir? Bu, elə beynəlxalq hüququn pozulması, hərbi təcavüz deyilmi? Hərgah, nəzərə alanda ki, bu fikirləri hansı ölkənin rəhbərinə yaxın şəxs deyir, o zaman təəccüblənməyə dəymir. 
 
Bu – Rusiyadır ki, dünyanın gözü qarşısında, beynəlxalq hüquq normalarını ayaqaltı edərək, 2008-ci ildə hərbi yolla Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini işğal edib, ora öz silahlı qüvvələrini yeridib, orada bazalar qurub, suveren dövlət olan Ukraynaya məxsusi Krımı “öz müqəddəratını təyinetmə” bəhanəsi ilə özünə birləşdirib və ora da qoşunlar yeridib, bazalar qurub. Üstəlik, Donbası “yaşıl adamcıqları” hesabına işğal altında saxlayır.
Bir şey dəqiqdir ki, SSRİ-nin çöküşündən sonra onun hüquqi varisinə çevrilən şimal qonşumuz nəinki hansısa münaqişənin həllinə yardım edib, hansısa konstruktiv təkliflə çıxış edib, tam əksinə öz imperiya maraqları naminə yenilərini yaradıb və yaratmaqdadır.
Hər halda, yaxın tarix, ələlxüsus da Türkiyə-Rusiya münasibətlərinin ən yüksək səviyyədə olduğu 24 noyabradək olan dönəmdə Kremlin Dağlıq Qarabağa dair ciddi təşəbbüslə çıxış etməməsi, yalnız konstruktivlik görüntüsü yaradaraq boş vədlər verməsi bu qənaətə şübhə yeri saxlamır. Ankara-Moskva əlaqələrinin dalana girdiyi hazırkı dönəmdə isə Rusiyadan konstruktivlik gözləməyə heç dəymir.
***
“Hesab edirəm ki, Türkiyə ilə Rusiya arasında olan gərginlikdən ən çox ziyan görəcək tərəflərdən biri Azərbaycandır”. Bu fikirləri salamnews-a açıqlamasında hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib. Ekspert bildirib ki, yaxın vaxtlara kimi Qarabağla bağlı hansısa gözləntilərimiz və status-kvonun dəyişəcəyinə ümidlər çoxalmışdısa, indi bu məsələnin müsbətə doğru dəyişməsinə inam bir qədər arxa plana keçəcək: “Belə bir durumda torpaqlarımızın erməni işğalından azad olunması istiqamətində hər hansı aktiv döyüş əməliyyatlarının başlayacağını da zənn etmirəm”.
“Sözsüz ki, Türkiyənin özü və ona müttəfiq olan ölkələr qardaş ölkəyə üzləşdiyi çətinlikləri dəf etməkdə lazım olan yardımları edəcək. Necə ki, artıq Azərbaycan atmalı olduğu addımlardan və ən önəmlilərindən birini atdı. Prezident İlham Əliyevin təlimatı ilə Orta Asiyaya gedən türk yük maşınları Azərbaycandan keçməklə mənzil başına çatacaqlar”, – deyə polkovnik-leytenant qeyd edib.

 

Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=42106

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31