Qorxuya düşən Kəmaləddin Heydərov oğluna nə tapşırdı?
Azərbaycan iqtisadiyyatında yaşanan böhran hakimiyyəti bir sıra tədbirlər görməyə məcbur edib. Artıq hakimiyyət gömrük başda olmaqla istisadiyyatın müəyyən sahələrində məmur inhisarçılığına son vermək niyyətini açıq-aşkar nümayiş etdirir.
Bahalı neft dövründə məmur oliqarxiyasının nəzarətində olan qeyri-neft sektorunun sıradan çıxmasının fərqində olan siyasi hakimiyyət bazar iqtisadiyyatının tələbləri əsasında yeni münasibətlər sisteminin yaradılmasının zəruri olduğunu və bu məsələdə xeyli gecikdiyini dolayısı ilə etiraf edir. Düzdür, yeni istisadi münasibətlər sisteminin Azərbaycanda formalaşdırılması hakimiyyət üçün çox çətin olacaq. Ancaq başqa alternativ variantı yoxdur. Çünki neftin ucuzlaşması fonunda ölkənin düşdüyü ağır-iqtisadi vəziyyət bunu diqtə edir. İşsizlik səviyyəsinin artması və Ümumi Daxili Məhsulun (ÜDM) həcminin kəskin azalması ölkədə sosial vəziyyəti xeyli pisləşdirib. Bu vəziyyət isə hakimiyyətdən narazıların sayını artırır.
Bunların fonunda son aylarda hakimiyyət daxilində baş verənləri təsadüf saymaq olmaz. Belə ki, nəqliyyat naziri Ziya Məmmədovla başlanan proses milli təhlükəsizlik nazi Eldar Mahmudovun və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun işdən çıxarılmasına qədər davam etdi. Mətbuatda yazılanlara inansaq sözügedən prosesin səhiyyə naziri Oqtay Şirəliyev, təhsil naziri Mikayıl Cabbarov və vergilər naziri Fazil Məmmədovla davam edəcəyi gözlənilir.
Bununla belə yeni istisadi münasibətlər sisteminin formalaşdırılmasında ən böyük əngəl hesab olunan fövqəladə hallar naziri Kəmələddin Heydərovun adı sözügedən prosesdə ardıcıl olaraq hallanmadı. Millət vəkilləri Fəzail Ağamalı və Yevda Abramovun gömrükdəki “monopoliya”nı tənqid edəndən sonra gözləmək olardı ki, ixrac sahələrini nəzarətdə saxlayan Kəmaləddin Heydərov da cəzalandırılacaq. Ancaq bu açıq müşahidə olunmadı.
Redaksiyamıza daxil olan məlumatlara görə, Kəmaləddin Heydərov siyasi hakimiyyətin yeni istisadi münasibətlər sistemi yaratmaq planına hər cür dəstək verəcəyini və inhisarında olduğu sahələrdən vaz keçəcəyini vəd etməklə cəzalanmaqdan yayına bilib. “Fövqəlnazir”ə yaxın olan çevrələrdən sızan məlumatlara görə, Kəmaləddin Heydərov oğlu, “Gilan” Holdinqin prezidenti Taleh Heydərovla görüşərək ona artıq real biznesə hazırlaşmağı tapşırıb. Bundan sonra holdinqə dəstək verə bilməyəcəyini bildirib. Fövqəladə hallar nazirinin oğluna tapşırığından sonra “Gilan” Holdinqə daxil olan şirkət və müəssisələrdə kütləvi ixtisarların başladığı da bizə çatan məlumatlar sırasındadır.
Bu isə onu göstərir ki, Taleh Heydərov yeni vəziyyətdən çıxış yolu kimi aztəminatlı işçiləri ixtisar etməklə çıxmaq niyyətindədir…
Vüqar Zeynalov, xüsusi olaraq cumhuriyyet.az üçün
Short URL: http://www.cumhuriyyet.net/?p=42545