Dini qanuna edilən dəyişikliklər birmənalı qarşılanmır
Xaricdə təhsil alanların dini ayin və mərasimlərə rəhbərlik etmələri qadağan olunur; yeni qanunda yüksək cərimə və azadlıqdan məhrumetmə nəzərdə tutulur
Fazil Mustafa: “Məsələnin bu formada həllində ehtiyatlı olmaq lazımdır”
Əvəz Zeynallı: “Dini daha dərindən bilən xaricdən gələnlərdir”
Nardaran hadisələrindən sonra ölkəmizdə dini ayinlər, mərasimlər, dini şüarlar və dini bayraqların asılması ilə bağlı qaydalar sərtləşdirilir. Artıq “Dini etiqad azadlığı haqqında” qanuna ediləcək dəyişikliklər layihəsi dekabrın 2-də parlamentin komitələrinin iclasında müzakirə olunub.
Qanuna əsasən, İslam dininə aid ayin, mərasimlər yalnız Azərbaycan vətəndaşları tərəfindən icra oluna bilər. Xaricdə təhsil alan vətəndaşlarımızın dini ayin və mərasimlər aparmaları qadağan olunub. Əgər bu hal baş verərsə, 1000 manatdan 5000 min manata qədər cərimə və ya 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Göründüyü kimi, kifayət qədər sərt qərarlardır. Hazırda Azərbaycanda 2166 nəfər xaricdə təhsil alan dini kəsimin nümayəndəsi var. Kifayət qədər ciddi rəqəmdir. Bu şəxslərin xaricdə təhsil almalarında dövlətin böyük rolu var. Belə ki, dövlət bu şəxslərin təhsil almaları üçün kifayət qədər vəsait xərcləyib. Bəzi ekspertlər hesab edirlər ki, bu qərarın müzakirəyə çıxarılması Nardaran hadisələrinin fonunda birbaşa Hacı Tale Bağırzadə ilə bağlıdır. Hacı Tale də xaricdə təhsil ilahiyyatçılardan sayılır. O, İranın Qum şəhərində dini təhsil alıb.
Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişiklər ictimaiyyətdə heç də birmənalı qarşılanmayıb. Qərar ətrafında ikitirəlik yaranıb. Qərarın əleyhinə çıxanlar lehinə olanlardan qat-qat üstünlük təşkil edirlər. Onlar hesab edirlər ki, ölkəmizdə dini təhsilin səviyyəsi aşağı olduğundan qanuna belə dəyişikliklərin edilməsi doğru deyil.
Deputat Fazil Mustafa qərarı doğru hesab etmədiyini söylədi: “Əvvəldən belə qərar var idi. İndi daha çox aktuallaşmağa başladı. Qərara münasibətim müsbət deyil. Hesab edirəm ki, Dini Qurumlar üzrə Dövlət Komitəsinin lisenziya vermək hüququ yaradılsın. Bunun əsasında problem öz həllini tapmalıdır. Əks halda bunu başqa cür həll etmək çətin olacaq. Bu qanunların qəbul edilməsi ilə xaricdə təhsil alanların işdən kənarlaşdırılması cəhdi kimi başa düşülməməlidir. Sadəcə belə görünə bilər. Burada dini ayin və mərasimlərdən söhbət gedir. Hansısa dini pedaqoji fəaliyyətdən söhbət getmir. Bu şəxslərin xaricdə təhsil almalarında dövlətin çəkdiyi xərclər danılmazdır. Məsələnin bu formada həllində ehtiyatlı olmaq lazımdır. Müəyyən mənada problemlər yaranar. Burada problemlər qalmaqdadır. Çalışılmalıdır ki, məsələ bu qədər şişməsin. Xaricdə təhsil alma ilə bağlı bəzi xoşagəlməz nəticələr ola bilər. Xaricdə təhsil alan dindarla yerli təhsilə yiyələnən dindar arasında ciddi fərq var. Bu baxımdan hesab edirəm ki, bu məsələdə problemlər qalacaq”.
Dini təhsil almasa da, Türkiyədə ali təhsil alan “Xural” qəzetinin baş redaktoru dini qanunlara edilən dəyişikliklərin əleyhinə olduğunu söylədi: “Qanuna edilən dəyişiklikdən xəbərim var. Dini sərtləşdirmələrin, cəzalandırmaların, cərimələrin artırılmasının əleyhinəyəm. Xüsusilə, xaricdə təhsil alan tələbələrin dini icmaya rəhbərlik etmələrinin qarşısının alınması kökündən yanlışdır. O zaman bu dövlət həmin şəxsləri xaricə niyə göndərirdi? Bu tələbələr İran, Türkiyə və başqa yerlərdə təhsil alanda dövlət niyə maraqlanmırdı? İllərdir biz bu barədə yazırıq ki, dövlət məsələyə əl qoymalı, tələbələri nəzarətdə saxlamalı, bu şəxslərin problemləri ilə məşğul olmalıdır. Biz oxuduğumuz dövrdə də dövlət bizimlə maraqlanmadı. Çox güman ki, indi də elədir. Xaricdə təhsil alan tələbənin ölkəmizdə hər hansı bir dini icma rəhbərliyi tərəfindən uzaqlaşdırılması çox pis bir tendensiyasının əsasını qoya bilər. Çünki dini daha dərindən bilən xaricdən gələnlərdir. Bu şəxsləri yerlərindən uzaqlaşdırıb, yerlərinə kimləri təyin edəcəyik? BDU-nun ilahiyyat fakültəsi bu tələbi yerinə yetirirmi? Azərbaycanda yüksək təhsil verən dini məktəblər yoxdur. Bununla dindən xəbəri olmayan ortada gəzən mollara rəvac veririk. Cəzalandırma asandır. Bunu Tale Bağırzadəyə görə edirlər. Xaricdə təhsil almış dəyərli kadrlar var. Onların bir çoxunu tanıyıram. Hesab edirəm ki, bu yanlış qərardır. Azərbaycan yanlış bir istiqamətə gedir”.
Ə.Zeynallı xaricdə oxumuş şəxslərin təhsil almalarında dövlətin rollarından da söz açdı: “O qədər absurd qərardır ki, heç bilmirəm kimin ağlına gəlib. Azərbaycan prezidentinin qarşısına bu qanun layihəsini kim qoyub, maraqlıdır. Axı Azərbaycanın yüksək təhsil verən universitetləri yoxdur. Ölkəmizdə din çox bərbad vəziyyətdədir. İslam dini qeyri-peşəkarlar tərəfindən təhrif olunub. Bunun qarşısını almaq üçün xaricdə təhsil almış tələbələrə ehtiyacımız var. Xaricdən gələnlərə etibar etmirsiniz, yerlərdə də kadr yetişdirmirsiniz. Bəs bunların axırı nə olacaq? Xalqın 80-90%-nin dini İslamdır. O zaman Türkiyə, İran, Səudiyyə Ərəbistanla münasibətlər kəsilməlidir. Bunun altından çıxmaq mümkün deyil. Bu qanun ölüdür. Məncə, işləməyəcək”.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=43054