Bu gün Leyla Yunus azad edilə bilər
Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun məhkəmə prosesi davam edəcək.
Qaynar.info-nun etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Leyla Yunus məhkəmə zalından azad edilə bilər.
Buna səbəb isə Leyla Yunusun səhhətində olan problemlərdir.
Bir müddət öncə hüquq müdafiəçisinin yaxınları Leyla Yunusun hazırda mədəsinin yemək qəbul etmədiyini və yediklərini qaytardığını bildirmişdi.
Xatırladaq ki, Leyla Yunusla mühakimə olunmuş həyat yoldaşı Arif Yunus haqqında noyabrın 12-də həbs-qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalından azad edilib. Arif Yunus hazırda ev dustağıdır.
Bu ilin avqustunda Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir sıra beynəlxalq qurumlar onların həbsini siyasi motivli sayır.
Short URL: http://www.cumhuriyyet.net/?p=43395