Ermənistanın Türkiyə sisteminə keçidi Qarabağa nə vəd edir?

08.12.2015 - 12:23

qalibQabil Hüseynli: “Bunun arxasında Sarkisyanın hakimiyyət ambisiyaları dayanır, işğalçı ölkə tez-tez xaos, qarşıdurmalarla üzləşəcək…”

Bazar günü Ermənistan Konstitusiyasına edilən dəyişikliklərlə bağlı keçirilən eferendumda Serj Sarkisyan hakimiyyətinin təqdim etdiyi Konstitusiya layihəsi qəbul olunub. Yeni qanuna əsasən, düşmən ölkədə tətbiq edilən hazırkı yarımprezidentlik idarəetmə sistemindən parlament idarəetmə sisteminə keçirilməsi nəzərdə tutulur.

Yeni qanunla prezident hazırda olduğu kimi 5 il deyil, 7 il müddətinə seçilir. Bundan sonra Ermənistan prezidenti olacaq şəxslər ikinci dəfə namizədliklərini irəli sürə bilməyəcəklər. Referendumla prezident seçkilərinin keçirilməsi üsulu da dəyişib. Ölkə başçısı əvvəlki kimi seçki vasitəsilə ilə deyil, parlament üzvləri tərəfindən seçiləcək. Ölkə rəhbərliyinə iddiaçı şəxsin seçilməsi üçün deputatların 75%-nin səsi həlledici olacaq. Əgər birinci turda qalib müəyyən edilməsə, ikinci turda 60% kifayət edəcək. Bu turda da qalib müəyyən olunmasa, prezident deputatların yarısından çoxunun səsi ilə seçiləcək.

Yeni Konstitusiya üzrə ölkənin ali icraçı orqanı baş nazirin rəhbərlik etdiyi hökumət elan edilir. Baş nazir prezident tərəfindən parlament seçkilərində qalib gəlmiş partiya və ya partiyalar blokun üzvü təyin olunur. Yəni bir növ Türkiyədəki siyasi sistem kimi.
Konstitusiyaya edilən dəyişikliklər düşmən ölkədə etiraz aksiyaların yeni mərhələsinin başlamasına rəvac verib. Müxalifət referendumun saxta keçirildiyini, nəticələrin ləğv edilməsini tələb edir. Onlar hesab edirlər ki, qanuna dəyişiklik hazırkı prezident Serj Sarkisyanın hakimiyyətini uzatmaq məqsədi daşıyır. Belə ki, Konstitusiya dəyişikliyi 2018-ci ildə prezidentlik müddəti başa çatacaq hazırkı prezidentin hökuməti nəzarətində saxlamaq baxımından böyük imkanlar qazandırır. Üç ildən sonra prezidentlikdən gedəcək Sarkisyanın baş nazir olacağını indidən demək də tez deyil. Dekabrın 6-dakı referendumla böyük ölçüdə bu suala aydınlıq gəlib.

Konstitusiya dəyişiklikləri bir sıra suallar yaradıb. Əsas suallardan biri Azərbaycan rəhbərliyinin münaqişənin həlli üçün danışıqları Ermənistanın prezidenti, yoxsa baş naziri ilə aparacağı məsələsidir.

Məsələ ilə bağlı danışan politoloq Qabil Hüseynli bildirdi ki, konstitusiyada belə dəyişikliklər olduğu zaman prezident simvolik xarakter daşıyır: “İcra hakimiyyətinin başçısı baş nazir olacaq. Danışıqları da o aparmalıdır. Konstitusiyada o, icra hakimiyyətinin rəhbəri kimi tanınır. Prezident simvolik hakimiyyətə malik olur. Danışıqlar aparılması üçün prezidentə də səlahiyyətlər verilə bilər. Amma inanmıram ki, Serj Sarkisyan baş nazir olduğu zaman başqasının onu əvəz etməsinə imkan yaratsın”.

Q.Hüseynli yeni qanunun Ermənistanın gələcəyi üçün nə vəd etdiyini açıqladı: “Ermənilərin digər xalqlar kimi siyasi mədəniyyətləri, şüur səviyyələri, müəyyən demokratik ənənələri yüksək olsaydı, problemlər yaranmazdı. Amma totalitar rejimdən sıyrılmış xalqın parlamentar üsuli idarəsinə adaptasiya olunması zəif gedəcək. Ölkə tez-tez xaos, qarşıdurmalarla üzləşəcək. Parlamentar rejimdə baş naziri parlament seçidiyindən, “hakimiyyətin mənbəyi xalqdır” fikri tamam sıradan çıxacaq. Bu da yeni narazılıqlar dalğasının başlamasına səbəb olacaq. Ermənistan mitinqlər, baş nazirin devrilməsi və yeni parlament seçkilərinin keçirilməsi çağırışları ilə daim üzləşəcək. Bu baxımdan parlamentar üsuli idarəsinin Ermənistana verə biləcəyi müsbət heç nə görmürəm”.

Politoloq Ermənistan konstitusiyasında edilən dəyişikliyin Qarabağ münaqişəsinin həllində müsbət tərəflərinin olacağını proqnozlaşdırır: “Ola bilsin ki, bu dəyişiklik ordunun içərisində də siyasiləşmənin getməsinə səbəb olsun. Siyasiləşmiş ordunun Qarabağ məsələsində Ermənistanı müdafiə edəcəyi inandırıcı görünmür. Hesab edirəm ki, Ermənistanın bu siyasi sistemə keçməsi Azərbaycan üçün əlverişlidir. Həm Qarabağ probleminin, həm də hakimiyyətdaxili çəkişmələrin güclənməsi baxımından bizim üçün önəmlidir. Nominal hakimiyyətə malik olan prezidentlə, hər şeyi əlində cəmləşdirmiş baş nazir arasında olacaq fikir ayrılıqları və çəkişmələr Azərbaycan üçün xeyirdir”.

Q.Hüseynli referendumun dünya tərəfindən müsbət qarşılanacağını zənn edir: “Dünyada belə şeylərə müsbət yanaşırlar. Amma baxır hansı ölkədə baş verir. Təəssüf edirəm ki, Qərb Ermənistana qarşı münasibətində loyallığını qoruyur. Bu baxımdan referendumun Qərb tərəfindən necə qarşılanacağı ilə bağlı pozitiv fikirlər söyləmək olmaz. Qərbə ciddi təsiri olan erməni lobbisi bu prosesləri nizama salacaq ciddi qüvvələrdən biridir. Bu nöqteyi-nəzərdən Ermənistanın Rusiyaya yaxın olması Qərb ölkələri üçün elə də əhəmiyyət daşımır”.
Q.Hüseynli referendumun keçirilməsində düşmən ölkənin hazırkı rəhbərliyinin güddüyü məqsədlərdən də danışdı: “Konstitusiyanın dəyişməsinə heç bir ehtiyac yox idi. Bunun arxasında Sarkisyanın hakimiyyət ambisiyaları dayanır. O, bir daha prezident seçilə bilməzdi. Çünki iki il müddətinə seçilmişdi. O, baş nazir olmaq niyyətindədir. Öz klanını hakimiyyətdə saxlamaq üçün məhz bu üsula əl atdı”.

Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=43654

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31