İranın neft istehsalı fonunda Azərbaycanın qazanc imkanları

23.01.2016 - 18:08
iranEmbarqoların götürülməsindən sonra İranın dünya neft bazarının tərkib hissəsinə çevrilməsi Azərbaycanın regiondakı mövqeyinə təsir edə bilər.
Azərbaycanın dövlət büdcəsinin 70 faizdən çoxu birbaşa və vergilər vasitəsilə neft gəlirləri hesabına formalaşır. Buna görə də, ölkənin gələcək aqibəti gündəmin əsas mövzusudur.
Nəzərə alsaq ki, 2015-ci ildə milli valyuta 98 faiz dəyərdən düşüb və neftin dünya bazarındakı qiyməti də sürətlə aşağılara doğru irəliləyir, o zaman məsələnin nə dərəcədə aktual olduğunu proqnozlaşdırmaq çətin deyil.
Oxşar və fərqli baxışlar
Təhlilçilər ölkənin gələcəyi ilə bağlı əsasən bədbin proqnozlar səsləndirsələr də, qismən fərqli baxış meyarları da mövcuddur.
İqtisadi təhlilçi Natiq Cəfərli hesab edir ki, İran neftinin Azərbaycana təsiri iqtisadi problemləri daha da dərinləşdirəcək, büdcənin dolmasına problemlər yaradacaq, ən əsası isə ölkəyə gələn valyuta axını xeyli dərəcədə zəifləyəcək.
“Valyuta axını zəiflədikcə, bu, manata basqıları artırır, çünki ölkənin ehtiyacları idxaldan böyük şəkildə asılıdır və idxalın təmin olunması üçün hər ay Azərbaycandan külli miqdarda valyutanın çıxması ehtimalı var, belə ki, kapital axınını nəzərə almasaq, sırf idxal üçün çıxan valyutanın həcmi 1 milyard dollar civarındadır.”
İqtisadçı neftin qiymətinin indiki səviyyələrdə uzun müddət qalacağı tədqirdə, manatın növbəti devalvasiyasının qaçılmaz olduğunu deyir.
“İranın bazara neft çıxarıb-çıxarmamasının Azərbaycan üçün hansısa bir önəmi yoxdur. Ona görə ki, İran neftinin bazara çıxarılan əlavə həcmləri 2016-cı ildə qlobal bazarda təklif edilən həcmlərin cox cüzi bir hissəsidir. Beynəlxalq Enerji Agentliyinin ötən il açıqladığı hesabata görə, 2016-cı ildə dünyada gündəlik olaraq 95,2 milyon barel neft istehlak olunmalıdır. Bu halda İranın bazara çıxaracağı əlavə həcmlər onun qiymətində hansı əhəmiyyət kəsb edə bilər?” neft məsələləri üzrə ekspert İlham Şaban sual edir.
İlham Şabana görə, bazarda neftin qiymətinin formalaşmasında İran faktoru sadəcə şişirdilmiş bir amildir və ötən ildən ona maraq böyük olduğundan hazırda birjalara neqativ təsirlər özünü biruzə verir, ancaq bir müddətdən sonra bazar iştirakçıları arasında onun ajiotaj təsirləri sönəcək: “Hazırkı korrektə edilmiş illik proqnozlar brent markalı neftin 2016-cı ildə 40,15 ABŞ dolları olacağına dəlalət edir.”
Nəzərə alınmalıdır ki, Azərbaycan üçün vəziyyəti mürəkkəbləşdirən hal builki hasilatın ötən illə müqayisədə təqribən 10 milyon barel azalmasıdır.
Sanskiyalardan öncə İran nefti
İranın indiki neft hasilatı 2,8 milyon bareldir. 0,4 milyon barel isə kondensat (qazla bərabər çıxan yüngül neft-S.K) istehsalıdır, İlham Şaban deyir.
Təxmini hesablamalar göstərir ki, gələcəkdə investisiyalar artsa, köhnə yataqlar işlənsə İranın gündəlik hasilatı yaxın 2 ildə təqribən 6 milyon barelə qədər yüksələcək, bunun da yarısı əlavə satış kimi bazara daxil ola bilər.
2011-ci ildə İran tamamilə neft bazarından uzaqlaşdırıldı və OPEC-də (Neft İxrac Edən Ölkələrin Təşkilatı) olan kvotası əlindən alındı. Belə ki, həmin il neftin qiyməti 100 ABŞ dolları civarında idi.
Natiq Cəfərlinin fikrincə, İrana tətbiq olunan embarqonun bir müsbət cəhəti o oldu ki, müxtəlif sahələrin inkişafına təkan verdi: “Tək problem keyfiyyətlə bağlıdır, çünki ölkədə yeni texnologiya və avadanlıq yoxdur. Amma daxili bazarı təmin etmək üçün kifayət qədər böyük qeyri neft sektoruna malikdir. Büdcə neft və daxili bazarın stimullaşdırılması ilə formalaşırdı. Ətraf ölkələrlə, embarqoya düşməyən məhsulların dövriyyəsi ilə İran sıçrayışla irəliləyirdi.”
İranın Cənubi Koreya, Hindistan, Çin, Türkiyə, Əfqanıstan, Pakistan, Rusiya, Azərbaycan, Ernənistan, Gürcüstanla ticarət əlaqələri mövcuddur. Bu əlaqələr İranın təkcə enerji daşıyıcılarının istehsalçısı kimi deyil, hazır məhsulun istehsalçısı kimi də önə çıxarırdı. İranın ən zəif nöqtələrindən biri də hazır benzin və dizeldir.
Baxmayaraq ki, neft ölkəsidir, avadanlıqlar həddindən artıq köhnə olduğu üçün, öz istehsal həcmləri kifayət etmir. Çinə xam nefti verib əvəzində benzin və dizel alır.
Azərbaycan neftinin gələcək aqibəti
İran neftindən sonra Bakı-Tbilisi-Ceyhan boru kəmərinin aqibəti necə olacaq? BTC-nin çiçəklənən dövrü artıq arxada qalıb və indiki halda Azərbaycan üçün ən əlverişli məlumat bu olardı ki, gələcəkdə Qazaxıstan neftinin BTC üzərindən tranzitini saxlaya bilsin.
“2017-ci ildən sonra Qazaxıstanda “Tengiz” və “Kaşaqan” yataqlarından çoxlu miqdarda neft hasilatı gözlənilir və bu ölkə yaxın 2 ildə neft hasilatını ən azı 1 milyon barel artıracaq. BTC-nin ən yaxşı vaxtlarında gündəlik neft nəqli 1 milyon barelə yaxınlaşmışdı. İndiki halıda isə 560-570 min barelə düşüb,” Cəfərli əlavə edir.
İkinci sual doğuran məsələ “Azəri-Çıraq-Günəşli” ilə bağlıdır ki, burada da neft hasilatı 2024-cü ilə qədər bitir. İlham Şaban isə narahatlığa əsas görmədiyini bildirir, çünki SOCAR elə bu layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişini imzalamağa hazırlaşır.
“Çox güman ki, bu, 2016-cı ilin üçüncü rübünə təsadüf edəcək. Bu müqavilə ona imkan verəcək ki, ACG layihəsi bitməmiş orada yeni bir 48 quyuluq platforma tikilsin və hasilatın 2040-cı ilə qədər 20-25 milyon səviyyəsində saxlanmasını təmin etsin”.
İrana investisiya qoyuluşu…gələcəkdə
Özəl sektor İran iqtisadiyyatını 36 illik izolyasiya dövründə müəyyən qədər xarici təsirlərə davam gətirməyə imkan yaradıb, çünki dövlət sektoru ancaq hərbi, hərbi-sənaye sektoruna və enerji sektoruna işləyirdi.
Özəl sektor isə hər yerdə vardı, o cümlədən tibbdə.
Azərbaycanın özəl sektoru İrana gələcək böyük investisiyalar, həmçinin İranın xaricdəki dondurulmuş kapitalından necə yararlanmaq üzərində düşünə bilər.
Dünya Bankının hesablamalarına görə, İranın dondurulmuş kapitalının həcmi 107 milyard dollardır. Azərbaycanda qarşılıqlı fayda verə biləcək real layihələr təklif edəcək şirkətlər olarsa, İran bundan faydalana bilər.(BBC)

Short URL: http://www.cumhuriyyet.net/?p=50546

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728