Strasburqda kritik Azərbaycan – Ermənistan qarşıdurması başlayır
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının qıs sessiyası açılır. Sessiyanın üçüncü iş günündə-yanvarın 26-da sessiya iştirakçıları iki məruzəni müzakirə edəcəklər: britaniyalı Robert Uolterin “Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə zorakılığın eskalasiyası” və Bosniya və Hersoqovinadan deputat Militsa Markoviçin “Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilirlər”.
Hər iki sənəddə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı təsbit olunub və onların AŞPA sessiyasının gündəliyinə daxil edilməsindən sonra aylardır İrəvanda bu sənədlərin qəbul edilməsinin qarşısını necə almaq barədə müzakirələr, mübahisələr gedirdi.
Robert Uolter
“Turan” xatırladır ki, Ermənistan hakimiyyəti bu sənədlərin qəbuluna əngəl törəməyə çalışır. Bu məqsədlə İrəvan bütün imkanlarını işə salıb – Ermənisana dost olan ölkələri bu sənədlərin qəbuluna mane olmağa razı salmağa cəhd göstərir.
Sessiya ərəfəsində Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Baltikyanı ölkələrə, Çexiya və Yunanıstana səfər edib. Bir neçə parlament komissiyasının rəhbəri Ovannes Saakyan, Artak Zakaryan və Samvel Farmanyan bəzi Avropa ölkələrində olublar.Erməni diasporu internetdə bir neçə aksiyaya və AŞPA-da antierməni sənədlərinin qəbuluna qarşı imza toplamağa təşəbbüs göstərib. Həmin sənədlərin AŞPA-nın qış sessiyasının gündəliyindən çıxarılması ilə bağlı erməni tərəfinin bundan öncəki cəhdləri baş tutmayıb.
Ötən həftə isə ATƏT-in Minsk Qrupu AŞPA-nı sözügedən sənədlərin qəbulundan çəkinməyə çağırıb. “Yaxın vaxtlarda AŞPA Qarabağ münaqişəsinə dair qətnaməni müzakirə edə bilər. Biz Assambleyaya, həmçinin digər regional və beynəlxalq təşkilatlara xatırladırıq ki, Minsk Qrupu danışıqlar üçün qəbul edilmiş yeganə format olaraq qalır”, – ATƏT-in Minsk Qrupu həmsədrlərinin 22 yanvar tarixli bəyanatında deyilirdi.
Militsa Markoviç
“Biz AŞPA üzvlərinin maraqlarını qiymətləndiririk, lakin ATƏT-in Minsk Qrupunun mandatına xələl gətirə biləcək və ya danışıqların davam etdirilməsini çətinləşdirə biləcək addımları qəbul etməməyə çağırırıq”, – sənəddə deyilir.
Bu bəyanat Azərbaycan XİN-in cavab reaksiyasına səbəb olub. XİN Minsk Qrupu həmsədrlərini Qarabağ münaqişəsinin nizanlanması prosesini monopoliya etmək cəhdlərində suçlayıb.
Öz növbəsində İrəvan sənədlərin qəbul edildiyi halda AŞPA-dan çıxa biləcəyilə hədələyib.
AŞPA-da bu məsələ ilə bağlı qüvvələr bölgüsü tam aydın deyil. Bakı Türkiyə nümayəndə heyətinin, Böyük Britaniya, Baltik ölkələri, Ukrayna, Moldova, qismən Gürcüstan, İspaniya və Fransa deputatlarının səsinə ümud edə bilər.
İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan hesab edir ki, AŞPA sessiyasında həmin sənədlərin qəbul edilməsi ehtimalı yüksəkdir. Lakin İsgəndəryana görə Ermənistan bundan narahat olmalı deyil. Çünki sənədlərin məcburi icra edilmək üçün hüquqi qüvvəsi olmayacaq. “AŞPA-a bundan əvvəl də belə sənədlər qəbul edilib. AŞPA-nın sənədi sənəd olaraq qalır, ancaq bu təşkilat münaqişələrin nizamlanması ilə məşğul olmur. Qarabağ münaqişəsi ilə Minsk Qrupu məşğuldur”-politoloq erməni ictimaiyyətini sakitləşdirməyə çalışaraq deyib.
Aleksandr İsgəndəryan
Lakin bundan əvvəl Ermənistan müxalifəti sənədlərin AŞPA sessiyasına çıxarılmasını İrəvanın xarici siyasətinin iflası hesab edirdi. Və Ermənistan XİN etiraf etmişdi ki, sənədlərin sessiyaya çıxarılmasının qarşısını almağa gücü çatmayıb. Məsələ Ermənistan prezidenti Serj Sərkisyanın XİN-də çağırdığı xüsusi iclasda da müzakirə edilmişdi, Sərkisyan sənədlərin qəbulunun qarşısını almaq üçün bütün imkanlardan istifadə olunmasına göstəriş vermişdi. Bu baxımda sənədlərin məcburi icra baxımından hüquqi qüvvəsi olmasa da Ermənistanın işğalçı kimi beynəlxalq təşkilatlar tərəfindən tanınması baxımından mühüm diplomatik-siyasi əhəmiyyəti var. Ona görə də yanvarın 26-da AŞPA-da keçiriləcək debatlar hər iki tərəf üçün mühümdür…
Short URL: http://www.cumhuriyyet.net/?p=50888