Beynəlxalq ticarət sövdələşmələri və sənədləşmə… – Gömrük Komitəsinin rəhbərliyi seminara qatıldı
Bu gün Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Beynəlxalq ticarət sövdələşmələri və sənədləşmə” mövzusunda seminar işə başlayıb.
Cümhuriyyət.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, tədbirin açılışında çıxış edən Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin rəhbəri Roger Herman rəhbərlik etdiyin ofisin fəaliyyəti barədə qısa məlumat verib və seminarın əhəmiyyətindən bəhs edib.
Seminarda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığın müvəffəqiyyətlə davam etdiyini və şəbəkənin Bakıdakı Regional Ofisinin təşkilatçılığı ilə keçirilən bu tədbirə Azərbaycanın aparıcı təhsil ocaqlarının cəlb olunmasının gömrük işi sahəsində biliklərin daha da möhkəmlənririlməsinə öz faydasını verəcəyini bildirib.
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin katibi Mixail Kaşubski seminar iştirakçılarını salamlayaraq təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Seminarın önəmindən bəhs edən Mixail Kaşubski bu tədbirin birinci olmaqla yanaşı, davamlı xarakter daşıyacağına əminliyini ifadə edib.
Daha sonra Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Üç gün davam edəcək seminarın növbəti günlərində isə “Beynəlxalq hüquq çərçivəsinin nəzərdən keçirilməsi”, “Ekspeditor və qiymətləndirmənin rolu”, “Satış üzrə beynəlxalq müqavilələr”, “Beynəlxalq ticarət şərtləri – INKOTERMS 2000 & INKOTERMS 2010”, “Dəniz yolu ilə malların daşınması”, “Hava və çoxmodallı nəqliyyatla malların daşınması”, “Beynəlxalq ödəmələr”və “Mübahisələrin həlli” mövzusunda məruzələr dinləniləcək.
Xatırladaq ki, seminar yanvarın 28-dək davam edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=51425