“Heç problem yoxdur, kreditlərimizi ödəyirik”
Tikinti sahəsində çalışan sahibkarlara uzunmüddətli kreditlər verilməlidir ki, bu sektor güclənsin, yeni-yeni iş yerləri açılsın, insanlarımız çalışsınlar.
Bu sözləri Axar.az-a “Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Konsern”in rəhbəri Hacı İbrahim Nehrəmli deyib.
Şirkət rəhbəri bildirib ki, insanları işlə təmin etmək dövlətin yox, sahibkarların işidir: “Ona görə də iş adamlarına kreditlər verilməlidir, investisiya cəlb olunmalıdır.
Əgər insanları işlə təmin etmək öhdəliyini hər hansı bir nazirlik üzərinə götürsə, bu alınmaz. Çünki sahibkarlıq inkişaf edəndə bütün sahələrdə iş yerləri açılır.
Artıq prezident mühüm qərarlar, tapşırıqlar verib, sahibkarlıqla bağlı müəyyən problemlər aradan qaldırılıb. Bu da bizə imkan verir ki, çoxlu iş yerləri açaq. İnşallah, buna nail olacağam. Biz dövlətin arxamızda olduğunu hiss edirik”.
İ.Nehrəmli qeyd edib ki, tikinti işlərini sürətləndirib: “Bizim 600 texnikamız, minlərlə işçimiz var. Artıq Zabitlər parkı yaxınlığında tikdiyimiz binalara qeydiyyat şəhadətnaməsi də vermişik.
Nazirlər Kabinetində çalışanlar üçün tikdiyimiz yeni binaları da təhvil vermişik, martda təmirə başlayacaqlar.
Yəni, işlərimiz dayanmayıb, əksinə, sürətlənib. Amma iş adamlarına uzunmüddətli güzəştli kreditlər də verilməlidir ki, tikinti sektoru daha da güclənsin.
Cənab prezident sahibkarlara hər zaman dəstək olub və bu gün də iş adamlarının yanındadır. Prezident ölkədə əmin-amanlığın olmasını istəyir və buna da nail olur”.
Hacı İbrahimin sözlərinə görə, banka 250 milyon manat borcu var: “2019-cu ilə qədər kredit borclarımızı ödəməyə vaxtımız var. Hazırda 2 milyard dollar əmlakımız girovdadır. Heç bir problem yoxdur və kreditlərimizi ödəyirik.
Manatın üzən məzənnəyə keçidindən sonra heç kimi ixtisar etməmişik. Sadəcə, məlum hadisələrlə bağlı apreldə 5 min işçini ixtisar etməli olduq. Hazırda 200 nəfər şirkətdə işçi var. Amma onların işə bərpası üçün çalışırıq və bu məsələlər həllini tapacaq”.
İ.Nehrəmli fevralın 15-də küveytli iş adamlarından ibarət 6 nəfərlik nümayəndə heyətinin “Xəzər adaları” layihəsi ilə əlaqədar Azərbaycana səfərə gələcəyini də açıqlayıb. Onun sözlərinə görə, ərəblər layihəyə 2 milyard dollar investisiya qoymağı planlaşdırır.
Short URL: http://www.cumhuriyyet.net/?p=52113