Dollarla olan kreditlərlə bağlı məsələ niyə dalana dirənib?
“Ümumi razılıq belə olmuşdu ki, 10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə (1 dollar = 1.05 AZN) verilsin. Buna heç kim də etiraz etmir”. Bu sözləri musavat.com-a açıqlamasında deputat Vahid Əhmədov deyib. O daha sonra bildirib ki, Mərkəzi Bank bu məsələni həll etməlidir:
“Çünki burada əsas söhbət mənbədən gedir. Mərkəzi Bakın bu addımı atması üçün kifayət qədər ehtiyatı var. Burada təxminən 250-300 milyon manatdan söhbət gedir. Kreditlərin köhnə məzənnə ilə ödənilməsi barədə ümumi razılıq olsa da sonradan bunun nə üçün gecikdirilməsi barəsində məlumatımız yoxdur. Yəqin ki, bu məsələ üzərində müəyyən işlər aparılır”.
Qeyd edək ki, hökumət hələ də bu məsələ barədə qərarını açıqlamayıb. Vahid Əhmədovun da dediyi kimi əvvəlcə bəyan edildi ki, 10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə ödnəiləcək. Sonra bu məbləğ 5 min dollara salındı. Daha sonra Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirdi ki, bu problemi həll etmək üçün vəsait tapılmalıdır. Maliyyə naziri Samir Şərifov isə “banklar xeyriyyə cəmiyyəti deyil” deməklə bu məsələdə vətəndaşlara güzəşt olunmasının əleyhinə çıxdı. Bütün bunlar göstərirdi ki, hökumətdə dollarla olan kreditlərlə bağlı iki mövqe var. Vahid Əhmədovun açıqlaması da bunu deməyə əsas verir. Göründüyü kimi deputat deyir ki, məsələ həllini tapmaq üzrədi idi. Bəzi mülahizələrə görə problemin hələ də qalması bank sahibləri olan oliqarx məmurların hökumətə təzyiqilə bağlıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=52792