Gürcü deputatlar Ermənistana etiraz etdi

17.02.2016 - 12:51

parlamentGürcüstan parlamentinin deputatları Ermənistan mətbuatının Gürcüstan hökumətinin guya bu ölkədə türklərə və azərbaycanlılara daha çox üstünlük verməsi, erməniləri isə sıxışdırması və onların hüquqlarını pozması barədə son günlər yaydığı yalan məlumatlara etirazlarını bildiriblər.

Parlamentdəki “Gürcü arzusu” fraksiyasının rəhbəri Georgi Volski fraksiya adından etiraz bəyanatı yayıb. G.Volski müsahibəsində deyib ki, Ermənistan mətbuatı Gürcüstanın Cavaxetiya bölgəsindən olan Vaaqn Çaxalyanın heç bir etikaya sığmayan müraciətini yaymaqla böyük səhvə yol verib. Qatı millətçi olan V.Çaxalyanın bəyanatı birmənalı şəkildə təxribatçı hərəkətdir. Şərqdə baş verən mürəkkəb proseslər zamanı bu cür bəyanatlar Gürcüstanın qonşu ölkələrlə dostluq və iqtisadi əlaqələrini, biznes layihələrini zərbə altına qoyur. İlk növbədə, bu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu yolun Gürcüstan ərazisindən keçən böyük bir hissəsi Cavaxetiya bölgəsinə düşür: “Nəzərə alsaq ki, iqtisadi önəmi ilə yanaşı, bu dəmir yolu magistralı Şərqlə Qərb arasında münasibətlərin dərinləşməsində mühüm rol oynayan beynəlmiləl bir layihədir, onda belə hərəkətlərə heç bir halda yol vermək olmaz.

Çaxalyanın bugünkü fəaliyyəti bizim dövlətçiliyimizə qarşıdır və eyni zamanda, Gürcüstanda yaşayan etnik azərbaycanlılarla ermənilər arasında münaqişənin yaranmasına xidmət edir. Bu da müvafiq dövlət strukturlarından bu və digər faktlara dərhal reaksiya verməyi tələb edir. Bizim dövlətimiz bu cür təxribatçı hərəkətlərin qarşısını almağa və regional layihələrin və milli etniklərin təhlükəsizliyini qorumağa qadirdir”.

Hakim partiyadan olan deputat Mahir Rzayev məsələyə münasibət bildirərək deyib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə çox gözəl dostluq və qonşuluq münasibətləri var: “Biz xüsusilə Azərbaycan ilə strateji tərəfdaşıq. Bu gün bu üç ölkənin birbaşa iştirakı ilə regionda çox mühüm layihələr həyata keçirilir. Bu da təbii ki, bizi istəməyən qüvvələrin qısqanclığına səbəb olur”.

Deputat bildirib ki, Çaxalyanın bu cür bəyanatları onun tərəfində olan qüvvələrin daha böyük məqsədlərə hesablanmış addımlarıdır. Qarşıdan parlament seçkiləri gəlir və bəzi qüvvələr bundan öz məqsədləri üçün istifadə edə bilərlər. Digər tərəfdən, bu cür bəyanatlar bəzi qüvvələrin pozuculuq maraqlarına xidmət edir. “Amma əminəm ki, Gürcüstanın müvafiq dövlət və hökumət strukturları bu cür bəyanatlara kəskin reaksiya verəcəklər. Çaxalyan və onun kimiləri öz hərəkətlərinə görə layiqli cəzalarını alacaqlar”, deyə M.Rzayev vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın Cavaxetiya bölgəsindən olan Vaaqn Çaxalyan bu ölkədə milli, etnik zəmində qarşıdurmalar yaratdığına görə dəfələrlə məsuliyyətə cəlb olunub. O, Cavaxetiya bölgəsinin zorla Gürcüstandan alınaraq Ermənistana birləşdirilməsinə çalışıb. 2009-cu ildə ictimai asayişi ciddi şəkildə pozduğuna, eləcə də yenidən milli, dini və irqi zəmində qarşıdurmalar yaratdığına görə uzun müddətə azadlıqdan məhrum edilib. 2013-cü ilə hökumətin elan etdiyi amnistiya aktı ilə azadlığa buraxılıb. Yenidən fəallaşmağa başlayan Çaxalyan erməniləri və digər xristianları azərbaycanlılara və türklərə qarşı mübarizəyə səsləyib. (AzərTAc)

Short URL: http://www.cumhuriyyet.net/?p=54115

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728