Azərbaycan televiziyası nazirləri “yıxıb-sürüdü” – VİDEO
ATV telekanalı nazirləri və bütövlükdə məmurları kəskin tənqid edib. Bu barədə süjet telekanalda bu gün səhər nümayiş etdirilib.
Süjetdə məmurların KİV-lə əməkdaşlıqdan imtina etmələri də tənqid olunub. Bundan başqa, telekanal xatırladıb ki, dövlət başçısının nazirlər və icra başçılarına dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq. onlar hələ də xalqdan uzaqdırlar:
“Prezident dəfələrlə sübut edib ki, xalqın malına göz dikən, insanların heysiyyatına toxunan, rüşvət və korrupsiya bataqlığında çabalayan səlahiyyət sahiblərini bağışlamır. Kim inana bilərdi ki, ölkənin, deməli həm də hamımızın və hər şeyimizin təhlükəsizliyinə birinci məsul şəxs, bir günün içində imperiyasından məhrum olaraq istintaqa cəlb olunacaq? Və ya kim inanırdı ki, məmur şefinə arxayın olub sakinini hamının gözü qarşısında, öz səviyyəsinə uyğun şəkildə təhqir edən icra başçıları, həmin o vətəndaşın gününə düşəcək..? Görəsən niyə bütün bunları görmür və ya görmək istəmirlər..? Fikir verin, ölkədə hamı narahatdır, ikinci devalvasiyanın şoku çaşqınlıq yaradıb və neftin qiymətinin kəskin azalması fonunda postneft dövrünün büdcəsi müzakirə olunur, Milli Məclisdə isə məmur qıtlığıdır… Bunu biz yox, millətin vəkillərindən biri deyir:
Biz artıq çoxdandır ki, nazirliklərin birinci şəxslərindən informasiya almaq imkanlarını itirmişik. Əvvəlcə müavinləri, daha sonra mətbuat xidmətləri səviyyəsinə düşürdüldük. Biz “mətbuat katibi” də deyə bilərdik. Amma bu yerdə “xidmət” anlayışı daha çox yerinə düşür. Çünki həmin adamların işi, məhz mətbuata xidmətlə bağlıdır ki, bizim vergilərin hesabına naziri ona məvacib verir. Bizim içimizdən çıxmışlarınsa bir sözü var: Yazılı müraciət edin, suallarınızı da göstərin, sizə cavab deyərik. Bu, “YOX” kəlməsinin ən təhqiramiz ifadəsidir.
Dövlət başçısının birbaşa göstərişi ilə məmurlar rayonlarda vətəndaşları qəbul edir. Bu görüşlər “açıq qapı” şəklində keçrilmirsə, sizcə onun effekt hara qədər ola bilər? Diqqət edin, “heç bir təsiri yoxdur” demirik, sadəcə təsir dairəsinin az olmasından danışırıq. Effektə təsir edən əsas amil, o görüşlərin keçrilməsində rolu olan yerli icra orqanlarının rəhbərləridir. Biz hələ sadə vətəndaşla məmur məsafəsindən danışırıq, görün bizim bu millətin vəkilləri ilə munasibətlər hansı formadadır..?
Maraqlı bir sual yaranır, görəsən xalqın içində olmaq vaxt itkisidir, yoxsa laqeyidlik? Bəlkə məmurun “XALQ” sözünə bir allergiyası var..? Əyər belədirsə adı da dəyişək, təki yaxınlıq, doğmalıq olsun..”, – deyə telekanal vurğulayıb.
Daha ətraflı “ATV Səhər”in təqdimatında izləyək:
Short URL: http://www.cumhuriyyet.net/?p=59290