İcra başçısı deputatın xalası oğluna vəzifə verdi – AÇIQLAMA
Bir neçə gün bundan əvvəl saytımızda Sabunçu Rayon İcra hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyyasının sədri Səttar Mehbalıyevin xalası oğlu, Vüqar Əsədovun icra başçısı Adil Vəliyevin əmri ilə işdən azad olması haqda məlumat vermişdik.
Bizimyol.info saytının bu gün əldə etdiyi məlumata görə, Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyev Vüqar Əsədova yenidən vəzifə verib. O, Sabunçu Rayon İcra başçısının Balaxanı qəsəbəsi üzrə icra nümayəndəsi təyin edilib. İcra başçısının digər əmri ilə, Vüqar Əsədovun müavini işləmiş İlqar Hüseynov isə icra başçısının Zabrat qəsəbəsi üzrə icra nümayəndəsi təyin edilib.
Vüqar Əsədov Bizimyol.info -ya açıqlamasında məlumatın doğru olduğunu təsdiq edib.
Qeyd edək ki, bir müddət əvvəl Vüqar Əsədovun yeni təyin olunduğu Balaxanı qəsəbəsində sakinlər etiraza qalxmış, icra başçısı Adil Vəliyev vətəndaşları qəbul edərək onların problemlərini həll etmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=67523