Müxalifət niyə referendumlarda can verir? – siyasətin San -Marinosuna sözardı…
Müxalifətin son 8 ildəki fəaliyyətinə xitam verilmiş demək olar. İki referendum görmüş demokratik düşərgə hər ümumxalq səsverməsi ərəfəsində öləziymiş vəziyyətdə yaxalanır. Partiyaların 26 sentyabr referendumuna gücsüz və taqətsiz getdiyini söyləmək mümkündür. Niyə hər referendumda müxalifət müqavimət göstərə bilmir? Bunun ciddi siyasi və fiziki səbəbləri var. 2009-cu ildə keçirilən referendumda müxalifət 2005-ci il şokundan ayılmamışdı. Partiyalar 2006-cı ildən başlayaraq ümidsizliyə qapılmış və həbslərlə tam zəif vəziyyətə salınmışdı.
2008-ci il prezident seçkilərində də hər hansı qüvvə ilə meydana çıxa bilməyən müxalifət bu dövrəni boşa vermiş oldu. Yəni gücünü toparlamağa, enerjisini bərpa etməyə nə zaman yetdi, nə psixoloji hazırlığı oldu. Artıq 8 il geridə qalıb və 2016-cı ildə növbəti referendumdur. Müxalifət 2008-ci ildəki ovqatından fərqlənmir. 2013-cü ildəki siyasi şoudan sonra dağılmış, bir-birini satqın, xəyanətkar çıxarmış qüvvələr, Milli Şuradan qopmuş təşkilatların təması qeyri-mümkündür.
Bu da hakimiyyətə yenə də divident qazandırır ki asanlıqla referendum təşkil etsin. Nə xalq, nə müxalifət aktivdir. Bu situasiyanı müxalifəti “yaman yerdə axşamlamaq” yaxud “Axilles” dabanı”nı tapmaq kimi qymətləndirmək olar.
Nə zaman ki müxalifət can verir, hakimiyyət güclü şəkildə ortaya çıxaraq istəklərini reallaşdırır. Bununla da siyasi təşkilatlar ofsayda düşür. Müşahidələr də göstərir ki, İsa Qəmbər, Əli Kərimli kimi tanınmış müxalif liderlər də referendum mübarizəsinə ürəklə qoşulmur.
Yorğunluq, inamsızlıq, ruhsuzluq öz sözünü deməkdədir. Bunu partiyalar etiraf etməsə də, mənzərə göz deşir. Hətta təyin olunan mitinqlərin də kütləvi keçməyəcəyinə əmindirlər. Bu məğlubiyyət sindromundan çıxmaq lazımdır. Ancaq müxalifət qələbəyə o qədər həsrət qalıb ki, artıq uduzmağa vərdiş edib.
Təxminən futboldakı San-Marinonu xatırladır. Hər dəfə uduzan demokratik düşərgəyə stimul verən, ayağa qaldıran, onu tətikləndirən səbəblər olmalıdır. Bu səbəblər isə mühitə uyğun deyil. Müxalifətə beynəlxalq dəstək və xalqın mitinqlərə qoşulması ilə can vermək olar.
Amma günahı özündə axtarmaq böyük ürək tələb edir. AXCP və Müsavat isə özündə heç zaman qüsurları görmək istəmir, sual etmir ki niyə xalq bzdən üz döndərib, nə üçün daha mitinqlərə qatılmır?! Bu suallar açıq qalsa da, hamı üçün cavabları var: səbəb müxalifət daxilindəki intriqalar, iqtidarla ayrı-ayrı vaxtlardakı əməkdaşlıqlar, birliyə nail olunmaması, vahid namizəd seçimində qırğınlar xalqın münasibətini dəyişdi.
Referendumdan sonra müxalifət yenə də qış yuxusuna gedəcək. Bütün fəsilləri virtualda, sosial şəbəkələrdə yola verən müxalifət bir də yazda aktivləşmək haqda düşünür. Heç o da alınmır. İndi 2018-ci il prezident seçkilərinə də oxşar ssenari ilə gediləcək və hər hansı fors-major vəziyyət yaranmasa hazırki prezidentin yenə qalib gələcəyini söyləmək olar. Çünki müxalifət 1993-dən 2018-ci ilə qədərki fəaliyyətinə nəzər salıb dərs çıxarmalıdır.
Hətta referenduma olan münasibətdə də aralarında yarışmanın olması açıq şəkildə sezilir. Bunun da əsasında təbii ki, ambisiyalar durur. Şəxsi olmasa da, təşkilati ambisiyalar. Lap tutaq referendumda müxalifət vahid mövqedən çıxış etdi. Bu gün müxalifət konstitusiyaya dəyişikliklə bağlı vahid mövqe təşkil edirsə, o demək deyil ki, əsaslı olan vahid mövqedir.
Prezident seçkiləri ərəfəsi, “dövlətə kim rəhbərlik etsin?” mövzusu gələndə bu birlik yenidən dağılacaq. Onlar referendumla bağlı da bir araya gələ bilmirlərsə, xalqın problemlərini həll etmək üçün necə bir araya gələ biləcəklər?
Müxalifət liderləri şəxsi iddialarını, partiya maraqlarını dövlət, millət maraqlarından üstün tuturlar. Bir şey var ki, müxalifətin köhnə liderlərinin əksəriyyəti artıq “səhnədən” gedib. Hazırda Azərbaycan müxalifəti formal olaraq mövcudluğunu qoruyub saxlamağı bacarıb. Hakimiyyət hər vəchlə müxalifəti proseslərdən kənarda tutmağa çalışır. Ancaq müxalifət də gərək imkan verməsin ki bu dərəcə küncə sıxılsın.
Çingiz Coşqun, Cumhuriyyet.az
Short URL: http://www.cumhuriyyet.net/?p=75472