Əli Kərimlinin gün təyinatı aranı qatdı: Müxalifətin mitinq qırğını – STATUSLAR VƏ RƏYLƏR
Milli Şuranın sentyabrın 17-nə mitinq təyin etməsi Müsavatla çoxdan moratorium qoyulmuş qovğanı yeniləmiş oldu. Müsavatın ayın 18-də keçirəcəyi mitinqdən bir gün qabaq M.Ş-nın növbəti mitinq keçirmək planı aranı qatıb.
Cumhuriyyet.az xəbər verir ki, tərəflər artıq bir-birini Feysbukda ittiham etməyə başlayıblar.
Ağ partiya üzvü Kərim Ağarza:“Hakimiyətin repressiyalar,təqib və təzyiqlər,şərləyib həbs etmələr və əlində cəmləşdirdiyi böyük əks təbliğat vasitələri qarşısında dünənki 11 sentyabr mitinqi müxalifətin və bütövlükdə xalqımızın uğurudur. Dünən hər şey möhtəşəm idi – təşkilatçılıq da,iştirakçılarda . Çox təəssüf ki, Əli bəyin növbəti mitinqi 18-i Müsavatla eyni günə yox, məhz 17-nə təyin etməsi mübariz insanları məyus etdi”.
Keçmiş müsavatçı Amid Süleymanov: “Yenə başlandı da. O buna söz soxur, bu ona söz soxur. Çox iyrənc görsənirsiniz! Vallah bu ölkənin bu cür pis gündə olmasının səbəb və səbəbkarlarından biri də elə sizin bu cür didişmələriniz, bir-birinizə düşmən olmağınızdır”.
Müsavat üzvü Kərim Kərimli: “Allahınıza şükür edin ki, dünən Əli Kərimli Müsavatın 18 Sentyabr mitinqini pozmaq üçün 26 Noyabr 2005-ci ildəki kimi oturaq aksiya keçirməyə təşəbbüs göstərmədi.
AXCP sədrinin müavini Nurəddin Məmmədli: “Hər işi yaxşı başlamaq asandır, lakin hər işi yaxşı qurtarmaq heç də həmişə mümkün olmur. Milli Şuranın 11 sentyabr mitinqi yaxşı başlanğıc oldu. Xalqımızın öz gücünə inamının artdığının şahidi olduq. Lakin etiraf etməliyəm ki, hələ xalqımızın xilas olması uğrunda mücadiləmizi qələbəyə qovuşdurmaq üçün çox işlər görməliyik. Bu mənada 17 sentyabr mitinqinə önəmli fürsət kimi baxmalıyıq”.
AXCP üzvü Xalid Qarayev: “Həftənin bazar günü Müsavat Partiyasının mitinq keçirməsinə nə mane olur? Və ya Milli Şuranın şənbə günü keçirəcəyi mitinq, bir gün sonra, daha əlverişli gündə keçiriləcək mitinqə necə təsir edə bilər? Niyə indidən keçirəcəyiniz mitinqə uğursuzluq donu geyindirir, günahkar axtarırsız? Milli Şuranın qərarları sizin üçün əhəmiyyətlidirsə, bu qərarlar sizin mitinqlərə əngəl gücünə malikdirsə, niyə tayfa mətbuatında, sosial şəbəkələrdə mitinqinizə təsir etmək gücü olan qüvvəyə savaş açmısınız? Niyə enerjnizi xalqla işləməyə, səfərbər olub xalqı meydana çıxarmağa sərf etmirsiz? Açığı, Bb, uğursuzluğu öncədən görüb, məsuliyyətini başqasının üzərinə atmaqdan başqa bir şey deyil. Sanki verdiyiniz qərarın nə qədər məsuliyyətli olduğunu sonradan dərk etmisiniz”.
11 sentyabr aksiyasının iştirakçısı, dini kəsimin nümayəndəsi Elxan Zaman sosial şəbəkədə sözügedən qərara sərt etiraz edib: “Mitinqdə xoşuma gələn o oldu ki, mitinqin yarisi mömin insanlar idi. Acığıma gələn isə o oldu ki Əli Kərimli yenə cığallıq edib ayrıseçkilik saldı. Mitinqlər üçün “tamam, yoxsa davam” soruşub, iştirakçılardan “davam” sözünü eşitdikdə, növbəti mitinqin gələn bazar günü “müəyyən səbəblərdən” mümkün olmadığından, gələn şənbə günü keçiriləcəyini bəyan etdi. Gələn bazar günündəki “müəyyən səbəb” isə Məhsul stadionun Müsavatın mitinq keçirməsidir. Mən düşünürdüm ki, Əli Kərimli bir centlmen jesti edər, vəhdət və ümumi mənafe xatirinə tərəfdarlarını gələn bazar günü Müsavatın mitinqində iştiraka dəvət edər, çünki məhz Müsavat bu cür jesti etmişdi”.
Elçin Əmirov, Cumhuriyyet.az
Short URL: http://www.cumhuriyyet.net/?p=75710