Akif Çovdarovun məhkəməsində nələr gizlədilməyə çalışılır?
İlham İsmayıl: «Məhkəmədə müttəhimlər hansısa informasiya verə bilərlər ki, onun da siyasi yükü əhəmiyyətli ola bilər»
Müzəffər Baxışov: “Təbii, əgər işə qapalı məhkəmə iclasında baxılması barədə məhkəmənin müvafiq qərarı yoxdursa…”
Dünən sabiq MTN generalı Akif Çovdarovun məhkəməsi üzrə hazırlıq iclası keçirilib. İclasa heç bir media əməkdaşı buraxılmayıb. Maraqlıdır, bu kimi hallarda media əməkdaşlarının məhkəmə zalına buraxılmaması qanuni baxımdan nə dərəcədə doğrudur?
Tanınmış hüquqşünas Müzəffər Baxışov bunun qanunvericiliklə tənzimləndiyini, habelə məhkəmənin səlahiyyətində olan bir məsələ olduğunu vurğuladı: “Mən işlə tanış deyiləm. Amma AR-nın CPM-nin tələblərinə görə, əgər cinayət mühakimə icraatı zamanı konfidensiallığın qorunması zərurəti varsa, o zaman məhkəmə prosesi qapalı keçirilə bilər. Konfindensiallığın qorunması isə şəxsi və ailə, eləcə də dövlət sirrinin, peşə və kommersiya sirrinin qorunması ilə bağlı ola bilər. CPM-nin 200-cü maddəsinə görə, cinayət mühakimə icraatı zamanı dövlət sirrini təşkil edən məlumatların qorunması üçün bu məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür. Eyni maddənin 2-ci bəndində isə göstərilir ki, cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə dövlət sirrini özündə əks etdirən məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir. Cinayət prosesini həyata keçirən orqan şəxsə dövlət sirrini özündə əks etdirən məlumatların bildirilməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə, o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir».
M.Baxışovun sözlərinə görə, əgər belə hallar varsa, məhkəmənin hazırlıq iclasında həmin işə qapalı məhkəmə iclasında baxılması barədə qərar qəbul edilir: «Məndə belə bir qərarın qəbul edilib-edilməməsi ilə bağlı konkret bi məlumat yoxdur. Əgər bu işə qapalı məhkəmə iclasında baxılması barədə məhkəmənin hazırlıq iclasında belə bir qərar çıxarılmayıbsa, KİV-in həmin məhkəmə iclasına buraxılmamasını qanunsuz hesab edirəm. Əgər bu qərar məhkəmə kollegiyası tərəfindən kifayət qədər əsaslandırılıbsa, həmin prosesdə dövlət sirrinin yayılması təhlükəsinin olması ilə bağlı ciddi əsaslar varsa, işə qapalı məhkəmədə baxılması qərara alınıbsa, bu səlahəiyyət məhkəməyə aid olduğuna görə onun müqayisələndirilməsi qeyri-mümkündür”. (moderator.az)
Bəs, hakimiyyət nədən narahatdır? A.Çovdarovun məhkəməsinin qapalı keçirilməsi hansı zərurətdən irəli gəlir?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, bu barədə mətbuatda qeyd edilmişdi. Keçmiş MTN işçilərinin məhkəməsinin qapalı olacağı fikri hələ əvvəl də səslənmişdi. İ.İsmayılın sözlərinə görə, məsələnin həm qanuni, həm də qanunsuz tərəfi var: «Birincisi odur ki, əgər məhkəmədə əməliyyat işləri ilə bağlı məsələlər müzakirə olunacaqsa, orada məxfi əməliyyatların adı çəkiləcəksə, ola bilsin ki, məhkəmə qapalı keçirilsin. Amma mən daha çox ehtimal edirəm ki, məhkəmədə sadəcə olaraq müttəhimlər hansısa informasiya verə bilərlər və həmin informasiyanın siyasi yükü konturmaterial kimi daha çox ola bilər. Ona görə bundan ehtiyatlanıb, məhkəməni qapalı keçirirlər».
Short URL: http://www.cumhuriyyet.net/?p=76248