Yeni nazirdən hökumətdəki oğrulara hədəli bəyanat: İdarələrinizi qaydaya salın!
Ermənistanın yeni təyin olunmuş baş naziri Karen Karapetian hökumətdə baş verən oğurluqdan söz açıb. Hökumətin sentyabrın 22-də keçirilmiş iclasında Ermənistan hökuməti aparatının rəhbəri David Arutyunyan dövlət orqanlarında çalışan məmurlara təyyarə biletlərinin alınmasında istifadə olunan elektron sistemi təqdim edib. Bu zaman baş nazir Karen Karapetyan kəskin bəyanat verib:
“Kifayət qədər mürəkkəb sistemdir. Nəyə yönəldiyini də bilirsiniz. Elə buna görə də əmr verilir – biz xırda oğurluğa son qoymaqdan ötrü mürəkkəb mexanizmlər seçəcəyik. İdarələrinizi qaydaya salın. Hansı sxemlərə əl atıldığını mənə danışırlar… Bu insanlar bu ağlı başqa yerdə istifadə etsəydilər, effekti bundan qat-qat yaxşı olardı”.
Baş nazirin kəskin bəyanatından sonra hökumət üzvlərinin heç biri heç nə deməyib. İclasda iştirak edən hüquq-mühafizə orqanlarının rəhbərləri də sükutu pozmayıblar.
Baş nazir hansı “primitiv oğurluq”dan söhbət getdiyini və onun kim tərəfindən törədildiyini açıqlamayıb. Jurnalistlər bu sualın cavabını üç gün öncə maliyyə naziri təyin olunmuş Vardan Aramyandan almağa çalışıblar.
“Dünyada belə problemlər və ya sistem əyrilikləri həmişə olur. Bu, həm də bizim sistemi normal vəziyyətə gətirməkdən ötrü dərhal işə başlamağımıza siqnaldır”, – yeni maliyyə naziri deyib.
İclasda baş nazir oğurluqdan danışan zaman hüquq-mühafizə orqanlarının rəhbərlərinin heç bir reaksiya verməməsi «Haykakan Jamanak»qəzetinin iqtisadi şərhçisi Haik Gevorkyanı qəzəbləndirib. “Oğurluq konkret cinayət kateqoriyasıdır. Baş nazir oğurluğun olduğunu deyirsə, deməli, cinayət işi açılmalı, istintaq aparılmalı, adamlar cəzalandırılmalıdır. Ya da bu bəyanatı verən adam üzr istəməli, bunun səhv olduğunu deməlidir”, – Gevorkian bildirib.
Onun sözlərinə görə, dövlət orqanlarının Ermənistan vətəndaşlarından toplanan vəsaiti səmərəsiz xərcləməsinə çoxlu misallar göstərmək olar.
“Nümunələrdən biri Mərkəzi Bankın Dilicanda tikilmiş tədris mərkəzidir. Rəsmi sənədlərə görə, onu 153 milyon dollara tikiblər. Dövlət Gəlirləri Komitəsinin… Dilicanda tikilmiş tədris mərkəzini də göstərmək olar. Ona 70 milyon dollara yaxın vəsait xərclənib”, – Haik Gevorkyan vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=76460