ABŞ-dakı dinləmələrin şok pərdəarxası: AXCP-də müəmmalı varislik və Qarabağ unutqanlığı
Azərbaycana aid dinləmədə “Dağlıq Qarabağ“ və “Ermənistan“ ifadələri yalnız bir dəfə, həm də amerikalı tərəfindən səsləndirilib…
Acınacaqlı mənzərədir. Ermənidən daha çox erməni olan bu konqresmenlərə Azərbaycanı təmsil edən Türkel bəy və Xədicə xanım hesabat verirdi. Və onların söykəndiyi erməni maraqlarını maksimum nəzərə almaqla danışırdılar…
Çıxışlara da nəzər salmaqda fayda var. Türkel Kərimli dedi ki, mən ona görə burada oturmuşam ki, mənim atama 10 ildən çoxdur ki, xaricə çıxmağa pasport vermirlər. Altını qırmızı cızaraq dedi ki, İlham Əliyev monarxiya qurmaq istəyir və oğlunu iqtidara gətirməyi düşünür…
Amma bu iddianı ortaya atanda düşünmək lazım deyilmi ki, Əli Kərimli varis məsələsində hansı yanaşmanı sərgiləyir? Öncə bu suala cavab verilməlidir. Niyə məhz Türkel Kərimli dinləmələrdə iştirak edir? Yəni, Əli Kərimlinin oğlu olmaq o deməkdirmi ki, o, AXCP sədrinin yerinə bu təşkilatı xaricdə təmsil etməlidir? Belə şey olarmı? Diktaturada bu, normaldır. Ancaq özünü demokrat sayan adam “oğlum, mən gələ bilmirəm, sən get, dinləmədə məni təmsil et”, deyə bilməz ki…
Nədən demokratiyadan dəm vuran AXCP həmin tədbirə partiya xətti ilə bir funksioner göndərməyib? Bəlkə AXCP-də belə kadrlar yoxdur? Var. Sadəcə, məsələyə yanaşma dədə-baba qaydası ilə həyata keçirilib.
Bir məqamı da deyim. Türkel Kərimli çıxışında qeyd etdi ki, sentyabrın 11-də keçirilmiş mitinqdə 15 min nəfər iştirak edib… Ən azı, iştirakçıların sayını iki dəfə şişirtmək ondan xəbər verir ki, bu gənc siyasətçi artıq yalan danışmağı bacarır. Bu isə o deməkdir ki, biz bundan sonra onun bu kimi yalanların çox eşidəcəyik. Çünki bu keyfiyyət Azərbaycan siyasətçiləri üçün son dərəcə gərəklidir…
Xədicə İsmayılova “Azadlıq“ radiosunun əməkdaşı kimi təqdim olunsa da, özünü daha çox Əli Kərimlinin müşaviri kimi aparırdı. Yəni, AXCP-nin maraqlarında olan məqamları qabardırdı. Xədicə xanım və Türkel bəy bu məsələdə sinxron hərəkət edirdilər. Tədbirdə yalnız bir dəfə Müsavat Partiyasının adı çəkildi. Türkel Kərimli siyasi məhbuslardan danışanda dedi ki, Müsavat başqanının müavini Fərəc Quliyev də həbsdədir…
Bu iki məruzəçi əsasən bu məqamları vurğuladılar:
1) “Azadlıq“ qəzeti Azərbaycanda yeganə müstəqil qəzetdir. Hökumət süni maneələrlə onu məhv etmək istəyir. Qəzetə dəstək vermək lazımdır;
2) “Meydan TV“ və “Azərbaycan saatı“ Əliyev rejimi ilə mübarizədə uğurlara imza atıb. Yəni, maliyyə yardımları zamanı bu məqam nəzərə alınmalıdır;
3) Həbsdə olan islamçılarla bağlı narahatlığı aradan qaldırmaq üçün dönə-dönə vurğulandı ki, islamçıların lideri Taleh Bağırzadə demokratiyaya təhlükə deyil. Əksinə, dindarlar da Azərbaycanda demokratik hərəkata dəstək verirlər. Elə buna görə də onları həbsə atıblar. Xədicə xanım isə onu da qabartdı ki, Azərbaycanda siyasi məhbuslara o qədər də işgəncə vermirlər. Öz təcrübəmdə də bunun şahidi olmuşam. Ancaq islamçı siyasi məhbuslara ən qəddar şəkildə divan tutulur…;
4) Azərbaycanda 138 nəfər siyasi məhbus var. Ancaq iqtidar ölkədə siyasi məhbus olmadığını iddia edir.
Bizim media da o vurğulandı ki, Xədicə xanım həm də ABŞ-ın Azərbaycandakı səfirliyin və şəxsən səfir Robert Sekutanın fəaliyyətini kəskin tənqid edib. Onları “vətəndaş cəmiyyətinə lazımi dəstək verməməkdə və Azərbaycan hökumətindən qorxmaqda” günahlandırıb. Doğrudur. Ancaq bu, hamısı deyil. Xədicə xanım Fransa səfirliyini daha kəskin ifadələrlə ittiham edib. Sözünün canı o oldu ki, Fransa səfirliyi qapı-pəncərəni bərk-bərk bağlatdırıb ki, birdən bir müxalifətçi səfirliyin yanından keçər, bu tərəflərdə şəkil-zad çəkdirər. Səfirliyin düşüncəsi budur ki, iti görüm, qurdu görüm, ancaq Azərbaycan müxalifətçisini bu həndəvərdə görməyim. Vətəndaş Cəmiyyəti təmsilçisini isə heç görməyim. Xədicə İsmayılova Almaniya və Norveç səfirliklərinin də adını müxalifətə və Vətəndaş Cəmiyyəti fəallarına arxa çevirənlər sırasında çəkib. Hətta onu da dedi ki, Azərbaycan iqtidarı seçkilərin nəticəsini saxtalaşdırır və Qərb saxta nəticələrə görə Azərbaycan prezidentini təbrik edənlər sırasında birinci olur. Ən azı bunu etməməlidir.
Yəni, Xədicə xanım etiraf etdi ki, ABŞ başda olmaqla, heç bir Qərb ölkəsi Azərbaycanda müxalifətə nəinki dəstək vermir, tam əksinə, İlham Əliyev iqtidarının yanında yer alır. Bu məqam Azərbaycanın bugünkü siyasi reallığını tam çılpaqlığı ilə özündə əks etdirir…
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçin çıxışında isə bir məqam diqqətimi çəkdi. O, bildirdi ki, referendumdan dərhal sonra Azərbaycanda prezident seçkiləri keçiriləcək. Keçmiş səfir bu tələsikliyi iki amillə əsaslandırdı:
1) Azərbaycan iqtisadiyyatı fəlakət həddindədir;
2) Dağlıq Qarabağla bağlı Azərbaycanla Ermənistan arasında spontan şəkildə müharibə başlaya bilər….
Bax, bu dinləmədə “Dağlıq Qarabağ“ və “Ermənistan“ ifadələri yalnız amerikalı tərəfindən özü də bu cür, səsləndirildi…
Short URL: http://www.cumhuriyyet.net/?p=76520