117 beynəlxalq müşahidəçi referendumu izləyəcək
“Sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi (referendum) üçün bütün işlər nəzərdə tutulduğu kimi vaxtında və yüksək səviyyədə yekunlaşıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dairələr bütün texniki vasitələrlə təchiz edilib ki, bütün məlumatları operativ şəkildə MSK-nın internet saytına ötürə bilsinlər:
“Ölkədə fəaliyyət göstərən KİV-lər də görülən işləri aşkar şəkildə müşahidə edə biləcəklər. Polis orqanları ilə də sıx əməkdaşlıq edilib. Təlimlər keçirilib və onlara bütün lazımi göstərişlər verilib. Eyni zamanda, Penitensiar Xidmətin əməkdaşları üçün də təlimlər olub. Media nümayəndələrinin seçki günü necə işləməli olduğu izah edilib”.
MSK sədri onu da qeyd edib ki, referendum seçkisi ilə əlaqədar 38 konsul və xarici səfirliklərin nümayəndəliklərində seçki məntəqələri yaradılıb:
“Hesab edirəm ki, sabah səsvermə zamanı heç bir problem yaranmayacaq. Məntəqələrin hamısı müşahidəçilər və KİV nümayəndələri üçün açıqdır. Akreditasiyadan kimsə keçibsə, o da rahat şəkildə müşahidə apara biləcək”.
Məzahir Pənahov, həmçinin vurğulayıb ki, seçki prosesində əsas kompanentlərdən biri də məhz müşahidəçilərdir. Sabahkı seçkini 117 beynəlxalq müşahidəçi izləyəcək:
“Seçkini izləmək üçün 16 ölkənin mətbuat nümayəndəsi ölkəmizə gələcək. Bundan başqa, 53 min 531 yerli müşahidəçi akreditasiyadan keçib. Onlardan 1097 nəfəri MSK-da qeydiyyatdan keçib. Həmin şəxslər həm paytaxtda, həm də bölgələrdəki seçki prosesini müşahidə edə bilərlər. Yerdə qalan 52 min 434 nəfər isə dairə seçki komissiyalarına müraciət edib”.(Report.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=76664