Rusiya əslində kimin yanındadır…

06.10.2016 - 10:02

img2209770Politoloq Qabil Hüseynli: “Daha nələr olmalıdır ki, Kremlin kimi dəstəklədiyini bilək?!”

Bu ilin aprelində Qarabağ cəbhəsində yaşanan 4 günlük müharibədən sonra Rusiyanın davranışlarına siyasi və hərbi ekspertlər birmənalı rəy vermirlər. Bəziləri Rusiyanın apreldən sonra əvvəlki kimi Ermənistanı dəstəkləmədiyini, daha çox Azərbaycanla yaxın olduğunu iddia edirlər. Bəziləri isə Rusiyanın yenə də Ermənistanın yanında olduğunu bildirirlər.
Bəs əslində Rusiya kimin yanındadır?
Politoloq Qabil Hüseynli bildirdi ki, tarixə nəzər saldıqda Rusiyanın həmişə Ermənistanın yanında olduğu açıq-aşkar görünür. Ermənilərin bu bölgəyə köçürülməsində də, bir dövlət kimi formalaşdırılmasında da Çar Rusiyasının, sonralar isə SSRİ-nin rolu olub. Azərbaycanın ikiyə bölünməsində də Rusiya xüsusi mənfi rol oynayıb. Bu mənfi rol Azərbaycan dövlətçiliyinin süqutuna, torpaq itiklərinə gətirib çıxarıb.
İndi də birmənalı olaraq söyləmək mümkündür ki, Rusiya buradakı xristian anklavını qorumaq missiyasını öz üzərinə götürüb, Ermənistana həmişə dəstək verib, dəstək verməkdədir: “Azərbaycanın rayonlarının işğal olunması üçün Rusiyanın Ermənistana hər cür dəstək verdiyi sirr deyil, Xocalı soyqırımını təkcə ermənilər həyata keçirməyib. Son aprel döyüşlərində Azərbaycan hərbçiləri Dağlıq Qarabağ separatçılarının arteriyası olan Sərsəngi, Madaqisi almaq üzrəydi. Ermənilərin köməyinə yenə Rusiya çatdı. Moskva imkan vermədi ki, əməliyyatlar davam etsin. Rusiya heç zaman müstəqil Azərbaycanın tərəfində olmayıb. İndiki Putin iqtidarı isə özünün bütün davranışları ilə Ermənistanın yanında olduğunu hər addımı ilə nümayiş etdirməkdədir. Aprel hadisələrindən sonra Rusiya Ermənistanı açıq surətdə müdafiə etməyə başladı. İllərdir Ermənistana pulsuz silahlar göndərir. ”İsgəndər-M” raketini ikinci ölkəyə satmaq beynəlxalq konvensiyalarla qadağandır. Amma bu yaxınlarda məlum oldu ki, Rusiya ümumi dəyəri iki milyard dollardan çox olan “İsgəndər-M” raketlərini Ermənistana pulsuz verib”.
 
Politoloq xatırlatdı ki, aprel əməliyyatlarından sonra Rusiya rəhbərliyi sülh danışıqlarının sürətləndirilməsi barədə vədlər vermişdi, prezident Putin şəxsən bu məsələ məşğul olacağını vəd vermişdi. Sergey Lavrov isə “beş rayonun qaytarılması üçün erməniləri güclə razı sala bilmişik” kimi bir ifadə işlətmişdi. Amma aylar keçdi və bu gün başqa bir mənzərənin şahidi olmaqdayıq: “Danışıqlar prosesi sanki donub. Həmsədrlərin gəlib getməsi imitasiyadan başqa bir şey deyil. Rusiyadan isə səs-səmir çıxmır. Payızda danışıqlar prosesi özünün intensiv fazasına daxil olmalı idi. Bu intensiv fazada Azərbaycanın Dağlıq Qarabağın hüdudlarından kənardakı işğalda olan rayonlarının mərhələ-mərhələ geriyə qaytarılması prosesi başlamalı idi. Buna paralel surətdə Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələr də açılmalı idi. Amma bunların heç biri hələ baş verməyib. Silah balansında Azərbaycanın qabağa çıxdığını, xüsusilə daha müasir silahlarla silahlandığını görən Rusiya son zamanlar Ermənistana müasir silahlar verməkdədir. ”İsgəndər”ləri də ona görə verdi ki, silah balansındakı fərqi aradan qaldırsın. Düzdür buna nail ola bilməyəcəklər, amma hər halda onların niyyəti bundan ibarətdir.
Rusiyanın baş naziri aprel hadisələrindən sonra Bakıya gələndə dedi ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir, Azərbaycan isə strateji tərəfdaşıdır. Bu bəyanatın özü Rusiyanın kimin yanında olduğunu deyir. Rusiya Ermənistanla hava hücumundan müdafiə sistemlərini birgə qurur. Rusiya ilə Ermənistan birləşdirilmiş hərbi hissələr yaradırlar. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Hərbi Akademiyasını İrəvanda yaradır.
Qarabağla bağlı proses Rusiyanın istədiyi kimi donmuş şəkildədir, danışıqlar prosesi demək olar ki, aparılmır. Daha nələr olmalıdır ki, Rusiyanın Ermənistanın yanında olduğunu deyək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=77959

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31