“Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər” – Prezidentin çıxışına şərh
08.10.2016 - 12:32
Prezident İlham Əliyev dünən keçrilən Nazirlər kabinetinin iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqlı fikirlər səsləndirib. Dövlət başçısı bildirib ki, Azərbaycana Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməklə bağlı təzyiqlər edilir.
“Bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, – referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, – heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik” deyə İlham Əliyev bildirib.
Qaynarinfo.Az xəbər verir ki, prezidentin çıxışı ilə bağlı danışan politoloq Elxan Şahinoğlu həmsədrlərin məqsədini şərh edib: “Prezident İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında dediyi “qapalı görüşlərdə bizi Qarabağı tanımağa məcbur etmək istəyirlər” fikri o demək deyil ki, həmsədrlər sözün həqiqi mənasında tələbi məhz bu şəkildə qoyurlar. Böyük ehtimalla tələb bu şəkildə səsləndirilir ki, “Siz Dağlıq Qarabağda referenduma razılaşmalısınız ki, bunun müqabilində torpaqlarınız azad olunsun”. Ancaq elə bunun özünün də prezidentin dediyi kimi “müstəqilliyin” tanınması tələbindən fərqi yoxdur. Çünki referendumun nəticəsi əvvəlcədən bəllidir”.
Politoloq bildirib ki, böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyir: “Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ümidi var idi. Ancaq Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığına işarə idi. Əskinə təzyiq bizə var imiş. İndi Ermənistan prezidenti də rahat şəkildə cəmiyyətinə deyəcək ki, “gördüz bizə heç bir təzyiq yoxdur, bunu rəsmi Bakı da etiraf edir”. Ermənistana təzyiq yoxdursa, bununla böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər. Bizə başqa alternativ qoymurlar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=78234