Nüvə silahı olan tək müttəfiqimiz – Pakistanın baş naziri Bakıya nə ilə gəlir?
10.10.2016 - 10:22
Natiq Miri: “Bakı, Ankara və İslamabad arasında tezliklə hərbi müqavilə imzalanmalıdır”; Üzeyir Cəfərov: “Hərbi sənayesi inkişaf etmiş nüvə dövləti ilə müttəfiqlik Azərbaycanın üstünlüyüdür”
Pakistanın baş naziri Nəvaz Şərif oktyabrın 13-15-də Azərbaycana rəsmi səfərə gələcək. Səfər zamanı Azərbaycan və Pakistan arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ən yüksək səviyyədə müzakirə ediləcək.
Pakistanın prezidenti Məmnun Hüseyn 2015-ci ilin martın 11-də, müdafiə sənayesi naziri Rana Tanvir Hussain isə 2016-cı sentyabrın 26-da böyük nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olub. Bu səfərlərin ardınca Pakistanın baş nazirinin gəlişi ciddi hadisə hesab edilir. Pakistan Azərbaycanın nüvə silahı olan ən yaxın müttəfiqi sayılır. Bu ölkə ilə müttəfiqliyin dərinləşməsi nə vəd edir?
Politoloq Natiq Miri bildirdi ki, Pakistan məhz Qarabağ torpaqlarını işğal etdiyi üçün Ermənistanı diplomatik səviyyədə tanımayan tək ölkədir, ikincisi, nüvə silahı olan tək müsəlman ölkəsidir: “Üçüncüsü, müdafiə sənayesi inkişaf etmiş müsəlman ölkəsi kimi Azərbaycan üçün vacib bir dövlətdir. Dördüncüsü, Qarabağda savaş başladığı təqdirdə qeyd-şərtsiz , birmənalı Azərbaycanın yanında olacağını bəyan etmiş iki ölkədən biridir. Bütün bu amilləri və Azərbaycanın hər an onu boğmağa hazır olan ölkələr çevrəsində olduğunu nəzərə alanda Pakistanın dövlətimiz üçün nə qədər geosiyasi və geostrateji əhəmiyyət daşıdığı ortaya çıxır. Ayrıca Pakistan Türkiyə ilə də strateji müttəfiq ölkədir. Məsələyə bu üç müttəfiq müsəlman ölkəsinin birliyi kontekstində yanaşanda Azərbaycanın təhlükəsizlik baxımından bu müttəfiqliyin əhəmiyyətinin daha böyük olduğu ortaya çıxır. Ona görə də Pakistan Azərbaycan üçün həm yaxın, həm də uzaq perspektivdə çox əhəmiyyətli müsəlman ölkəsidir. Bu baxımdan Pakistanla iqtisadi, siyasi, hərbi əməkdaşlıq yüksək səviyyəyə qaldırılarsa bu, ölkəmizin xeyrinə olar. Pakistanın baş nazirinin səfərini də bu kontekstdə dəyərləndirmək lazımdır”.

Politoloqa görə, hazırda Azərbaycanın bir çox məsələlərə dair ortaq mövqedən çıxış etdiyi əsas iki dost, qardaş, müttəfiq ölkə var ki, onlardan biri Türkiyə, digəri isə Pakistandır: “Unutmaq lazım deyil ki, Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə olub. Bundan başqa, rəsmi İslamabad Ankara ilə yanaşı, Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməkdə və müdafiə etməkdə davam edir. BMT qətnaməsinə əsaslanaraq rəsmi Bakı da öz növbəsində, Pakistanı Kəşmir probleminin həll edilməsində dəstəkləyir. Bir sözlə, bu gün Azərbaycan Türkiyə və Pakistan arasında olduqca sıx əlaqələr mövcuddur. Rəsmi İslamabad dəfələrlə bəyan edib ki, Pakistan hər zaman Türkiyə və Azərbaycanın yanındadır, daim dost və qardaş ölkələri dəstəkləməyə davam edəcək. Odur ki, ikinci Qarabağ savaşı başlayacağı təqdirdə, şübhəsiz Ermənistana Rusiya hərbi, siyasi və iqtisadi dəstək verəcək, Azərbaycan isə qardaş ölkələrin – Türkiyə və Pakistanın yardımlarını alacaq. Bu səbəbdən də Bakı, Ankara və İslamabad mövcud əməkdaşlığı daha da möhkəmləndirməli, hətta tərəflər arasında tez bir zamanda hərbi müqavilə bağlanmalıdır. Ermənistanın Rusiya ilə belə bir sazişi mövcuddur. Yəni bunun üçün əlimizdə kifayət qədər əsas var”.

Hərbi ekspert Üzeyir Cəfərov da Pakistanla hərbi əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu, bu ölkədən modernləşdirilmiş JF-17 qırıcılarının alınmasının Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirdi: “Bu gün dünyada 10 ən qabaqcıl hərbi-sənayesi inkişaf etmiş ölkə varsa, onlardan biri də Pakistandır. Və uzun illərdir ki, bizim ölkələrimiz arasında bütün sahələrdə, xüsusən də hərbi və hərbi-texniki sahədə ən yüksək səviyyədə əlaqələr mövcuddur. Biz yaxın perspektivdə Silahlı Qüvvələrimizin arsenalında Pakistan-Çin birgə istehsalı olan bu müasir döyüş texnikasını görmək imkanı əldə edəcəyik.
Bu hərbi texnikanın çox böyük üstünlükləri var. Bir müddət əvvəl Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərdə olarkən ”Azərbaycan bizim ürəyimizdə yaşayır, biz bunu hər zaman sübut etmişik” bəyanatı ilə çıxış etdi. Şübhəsiz, pakistanlı generalın “Azərbaycan bizim ürəyimizdə yaşayır” deməsi əbəs yerə deyil. Bu, bir daha onu təsdiqləyir ki, rəsmi Bakı və İslamabad bir çox məsələlərdə ortaq mövqedən çıxış edir, bir-birini dəstəkləyir, müdafiə edir.
Odur ki, tərəflər arasındakı münasibətləri pik nöqtəyə çatdırmaq gərəkdir. Bu ilin yanvar ayının ortalarına ölkəmizə rəsmi səfər edən Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Zakaullahın səfər çərçivəsində səsləndirdiyi fikirlər də belə deməyə əsas verir ki, İslamabad ikinci Qarabağ savaşı başlayacağı təqdirdə Azərbaycana öz dəstəyini əsirgəməyəcək. Pakistan bu istiqamətdə mövcud şəraitə uyğun olaraq əlindən gələni edir.

Məsələn, bir müddət əvvəl Azərbaycan Pakistandan orta və yaxın mənzilli müasir, yəni Ermənistanı darmadağın edə biləcək ballistik raketlər alıb. Bu barədə Pakistan kütləvi informasiya vasitələrində yayımlanan məlumatlarda deyilir ki, söhbət Pakistan istehsalı olan “Şahin-1″ raketlərindən gedir. Bu raketlər 750 kilometr məsafədə hədəfi məhv etmək qabiliyyətindədir. ”Hatf-1″ raketi isə “Şahin-1″in təkmilləşdirilmiş formasıdır və daha uzaq məsafədə hədəfi vura bilir. Onun uçuş məsafəsi 3 min kilometrdir. ”Pakistani defence” saytının məlumatına görə, bu raketlər yüksək dəqiqliyə malikdir və Hava Hücumundan Müdafiə sistemləri onu tuta bilmir. Raketlər strateji obyektlərin, komanda məntəqələrinin və infrastrukturun məhv edilməsi üçün nəzərdə tutulub. Hərbi sənayesi bu dərəcədə inkişaf etmiş bir ölkə ilə müttəfiqlik təbii ki, Azərbaycanın üstünlüyüdür”.
Short URL: http://www.cumhuriyyet.net/?p=78340