Ukraynaya səfir təyinatının gecikməsində Rusiya faktoru?
14.10.2016 - 10:26
Azərbaycanın Ukraynadakı səfiri postunun il yarıma yaxındır boş saxlanması suallar yaradıb
Eynulla Mədətlinin 2015-ci il iyunun 3-də Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılmasından 1 il yarıma yaxın vaxt keçsə də, yerinə təyinat hələ də olmayıb. İl yarıma yaxındır Azərbaycanın Ukraynada səfiri və GUAM yanında daimi nümayəndəsi funksiyasını səfirin müavini həyata keçirir.
Bu ilin iyulunda Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana rəsmi səfəri oldu. Belə proqnozlar verilirdi ki, səfir təyinatı bu səfərdən sonra olacaq. Ancaq proqnozlar doğrulmadı.
Bir neçə dəfə mediada Azərbaycanın Ukraynaya səfir göndərəcəyi şəxsin kimliyinin müəyyən olunduğu və təyinatın tezliklə rəsmiləşəcəyi barədə xəbərlər yayılsa da, bu da gerçəkləşməyib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri “Ukraynaya səfir təyinatı niyə gecikir” sualına hər dəfə “səfir təyinatı ölkə prezidentinin səlahiyyətinə aiddir. Ona görə də bu barədə dəqiq fikir söyləyə bilmərəm” cavabını verir.
Bəzi siyasi ekspertlərin fikrincə, Ukraynaya səfir təyinatının bu qədər gecikməsinin səbəblərindən biri Rusiya-Ukrayna münasibətlərinin gərgin olmasıdır.
Politoloq Qabil Hüseynli bu barədə “Yeni Müsavat”a açıqlamasında Ukraynaya səfir təyinatının gecikməsində Rusiya faktorunun olmasını söyləməkdə çətinlik çəkdiyini bildirdi. Onun sözlərinə görə, hansı faktorun bu təyinatın gecikməsinə səbəb olmasından asılı olmayaraq Ukrayna kimi strateji əhəmiyyətli ölkədə Azərbaycanın səfirinin olması vacibdir: “Ukrayna ilə bizim hərbi-strateji əməkdaşlığımız var, Ukrayna bizim üçün hərbi əhəmiyyətli məhsullar hazırlayır və hətta bəzi hərbi əhəmiyyətli zavodların Azərbaycanda tikilməsində iştirak etmək istəyir. Ukrayna ilə Azərbaycanın iqtisadi əlaqələri də yüksəkdir, Ukraynada xeyli azərbaycanlı yaşayır, orada biznesləri var. Strateji planda Ukraynanın bizim üçün əhəmiyyəti Rusiyadan heç də az deyil. Bu nöqteyi-nəzərdən Ukrayna ilə əlaqələrin intensivləşdirilməsinə və bu əlaqələrin daha gücləndirilməsinə böyük ehtiyac var. Bu məsələlərdə də səlahiyyətli səfir əhəmiyyətli rol oynaya bilər. Səfirin olmaması Azərbaycanın strateji maraqlarına uyğun gəlmir”.
Politoloq qeyd etdi ki, Ukraynanı daha yaxşı tanıyan, Ukraynada biznes fəaliyyəti ilə məşğul olan, Ukrayna ali məktəblərini bitirmiş, ukrain dilini gözəl bilən kadrlarımız var. Belə kadrlardan birinin Ukraynaya səfir təyin edilməsi yaxşı olardı: “Mən belə kadrlardan istifadə edilməsinin tərəfdarıyam. Ümumiyyətlə, səfir seçimi prezidentin səlahiyyətinə daxil olduğundan qərarı da prezident verməlidir. Amma səfir yerinin vakant qalması, zənnimcə Azərbaycana xeyir gətirmir. Hansı səbəb olur-olsun heç bir ölkə ona yaxın olan dövlətdə səfir postunu başsız qoymur. Düzdür, Ukraynadakı səfirliyimizdə müvəqqəti işlər vəkili işləri həyata keçirir. Amma səfir ranq etibarilə daha yüksək təmsilçilik səviyyəsidir və səfirin səlahiyyətləri daha yüksək səviyyə daşıyır. Bu nöqteyi-nəzərdən səfir təyinatı gecikdirilməməlidir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü müdafiə edib, onun yanında olub, bu gün də müdafiə edir. Azərbaycan prezidenti çox cəsarətlə Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi. Bu gün də Azərbaycanın xarici siyasət xəttində Ukraynanın ərazi bütövlüyü məsələsi ciddi surətdə müdafiə edilir. Səfir təyinatının bu qədər gecikməsi çətin başa düşülən məsələdir”.
“Sizə Ukraynaya səfir vəzifəsi təklifi gələrsə, qəbul edərsinizmi” sualına Qabil Hüseynlinin cavabı belə oldu: “Bu işi məndən daha yaxşı bacaran, Ukrayna ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmaq potensialına malik adamlar olduğundan mən onlara üstünlük verilməsinin tərəfdarıyam”.
Short URL: http://www.cumhuriyyet.net/?p=78987