Putinin kompromis mesajı və işğalçıya verilən rus silahları
18.10.2016 - 10:01
Politoloqdan həmsədr ölkələrin ikili oyununa reaksiya: “Onların özlərinə vasitəçi lazımdır”; Azərbaycan ordusu bütün tank bölmələrində təlimlərə başladı…
Aprel müharibəsində atəşkəsin əldə olunmasında aparıcı rol oynayan və tərəfləri masa arxasında əyləşdirməyə nail olan Rusiya prezidenti Vladimir Putinin son addımları təəccüb və təəssüf doğurur. Belə ki, Rusiyanın “İsgəndər” raket komplekslərini işğalçı ölkəyə hədiyyə eləməsindən sonra Ermənistana yeni “uzaqvuran və dəqiq silahlar” göndərməyə hazırlaşması haqda xəbər yayılıb.
Bu barədə hakimiyyətə yaxın erməni hərbi ekspert Sergey Minasyan bildirib. Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərində ilk növbədə hərbi-texniki sahədə ciddi irəliləyişlər var. “Kifayət qədər ciddi silahların verilməsinə dair razılaşma əldə olunub. Qısa müddət ərzində Ermənistan silahlı qüvvələri uzaqvuran, yüksək dəqiqlikli silahlar alacaq” – Minasyan əlavə edib. Onun sözlərinə görə, silahlar yaxın günlərdə Ermənistana daxil olacaq.
Hələlik rəsmi Bakı Rusiyadan Ermənistana verilən silah-sursat və raket komplekslərinə hər hansı reaksiya verməyə tələsmir. Lakin güman olunur ki, artıq bundan sonra işğalçıya aşkar dəstəyin verilməsinə susmaq mümkün olmayacaq. Bundan əvvəl ABŞ Qarabağ separatçılarına müasir gecəgörmə qurğuları göndərmişdi.
Xatırladaq ki, ölkə prezidenti ad çəkməsə də, qapalı danışıqlarda Dağlıq Qarabağın müstəqilliyinin tanınması istiqamətində təzyiqlərin olduğunu demişdi. Yeri gəlmişkən, prezident Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Ermənistana “İsgəndər” raketlərinin verilməsi Azərbaycan üçün sürpriz olmamalıdır. Çünki Ermənistan Rusiyanın hərbi müttəfiqidir, müttəfiqlik çərçivəsində hansı silahlar lazımsa Ermənistana verilir.
Rusiya prezidentinin son bəyanatı da gözlənilməz olmadı. Putin deyib ki, KTMT-yə üzv ölkələrin liderləri qurumun oktyabrın 14-də İrəvanda keçirilən sessiyasında Qarabağ münaqişəsi ilə bağlı kompromis tapılmasının zəruriliyi kontekstində müzakirə aparıblar.
“KTMT xarici təhdidlərlə bağlı yaradılıb. Biz yanımızda baş verənlərə də reaksiya verməliyik və keçmişdən bizə qalan bütün problemlərin sülh yolu və kompromis əsasında həllinə səy göstərməliyik. Məhz kompromis nöqteyi-nəzərindən İrəvanda Qarabağ problemini müzakirə etdik” – Rusiya lideri bildirib.
***
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın işğal altındakı 5 rayonunun qaytarılması ilə bağlı Rusiyadan təklif irəli sürüldüyünü demişdi. İş o yerə çatıb ki, Qarabağ məsələsində Rusiyanın aparıcı roluna ümid edən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov da ümidsiz danışıb və Rusiyanın “ikibaşlı siyasət yeritdiyini” deyib. “İlk əvvəllərdə çox da çətin məsələ deyildi. Zaman keçdikcə Qarabağ münaqişəsinin bir alətə çevrildiyini gördük. Alət də maraq deməkdir. Böyük dövlətlərin maraqları şəxsi olmasa, bu məsələni masa ətrafında həll etmək mümkündür” – Mütəllibov Modern.az-a bildirib.

“Putinin Ermənistana səfəri zamanı Qarabağ münaqişəsinin həlli ilə bağlı suala verdiyi cavab bir daha göstərdi ki, yaxın gələcəkdə problemin həllinə ümid etməyə dəyməz”. Bu fikirləri “Yeni Müsavat”a politoloq Şahin Cəfərli söylədi. Ekspert xatırlatdı ki, Rusiya prezidenti könülsüz şəkildə bu məsələdə qarşılıqlı kompromislərin zəruriliyini söyləməklə kifayətləndi: “Kompromisə getməli olan əsas tərəf işğalçıdır. Bəs problemin həllinə məsul olan həmsədr ölkələr bu ölkəni kompromislərə vadar etmək üçün hansı addımları atır? Ermənistana təzyiq göstərilirmi? Biz bu təzyiqin hər hansı əlamətini müşahidə etmirik. Sərkisyan rejimi çox rahatdır. Bu isə onu göstərir ki, həmsədrlərdən real nəticələr gözləmək əbəsdir. Hazırda həmsədr ölkələrin qarşılıqlı münasibətlərində yaranmış vəziyyətə nəzər saldıqda görürük ki, onların özlərinə vasitəçi lazımdır”.

Ş.Cəfərli qeyd etdi ki, bu “üçlük” arasında əməkdaşlıq yox, rəqabət, konfrontasiya və etimadsızlıq önə çıxıb:“ABŞ-Rusiya münasibətləri ilə yanaşı, son həftələr Fransa-Rusiya münasibətləri də pisləşib. Rusiya BMT Təhlükəsizlik Şurasında Fransanın Suriya ilə bağlı hazırladığı qətnamə layihəsinə veto qoyub. Bundan sonra Fransa tərəfi Putinin Parisə səfər proqramını ixtisar etməklə, Rusiya prezidentinə ”gəlmə” mesajı yollayıb və nəticədə Putin səfərdən imtina edib. Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi də gündəmdədir. ABŞ və Rusiya arasında cərəyan edən proseslər isə “soyuq müharibə” dövründən az fərqlənir. Üç dövlətin qarşılıqlı əlaqələrində yaranmış bu durum sözsüz ki, onların ən müxtəlif istiqamətlərdə əməkdaşlığına neqativ təsir göstərir. Dağlıq Qarabağ münaqişəsi də bu baxımdan istisna deyil. Həmsədr ölkələr arasındakı bu durum onların məhsuldar əməkdaşlıq imkanlarını azaldır”.
KTMT-yə gəldikdə isə, politoloq bildirdi ki, Rusiyanın bu qurumu effektiv hərbi bloka çevirmək cəhdləri hələ ki lazımi nəticəni vermir: “İrəvanda keçirilən sonuncu sammitdə Qazaxıstan prezidentinin iştirak etməməsi KTMT daxilində səmimi müttəfiqlik münasibətlərinin olmadığını göstərir. Belarus prezidenti Lukaşenkonun açıqlamaları təşkilat daxilindəki real durumu anlamaq baxımından önəmlidir. Lukaşenko KTMT-nin dünyada heç kim tərəfindən ciddiyə alınmadığını söyləyib. O, İrəvan toplantısının gündəliyində prezidentlər səviyyəsində müzakirə olunacaq məsələlər olmadığını da vurğulayaraq həmin mövzuların əhəmiyyətsizliyinə işarə vurub. KTMT postsovet məkanının Rusiyanın nüfuz dairəsində qalmış hissəsində bu ölkənin hegemonluğunu qoruyub saxlamağa yönəlmiş bir qurumdur və Qazaxıstan, Belarus kimi ölkələrin marağında deyil. Təşkilata erməni baş katibin təyin olunmasının təxirə salınması da qurum daxilindəki problemlərin mövcudluğunun, Qazaxıstan və Belarusun müəyyən məsələlərdə Rusiyadan fərqli mövqe tutmasının göstəricisidir”.
Ötən həftə gözləntilərin əksinə olaraq KTMT-nin baş katibi vəzifəsinə Ermənistan nümayəndəsinin təyin olunmaması da suallar doğurdu. Bir sıra ekspertlər Ermənistan rejiminin fiaskosundan bəhs edir. Ancaq Putinin açıqlamaları, Rusiyanın işğalçını silahla təchiz etməsi A.Mütəllibovun dediyi kimi, Rusiyanın ikibaşlı oyun oynadığını təsdiqləyir. Ancaq görünür, işğalçını silahlandıran Kreml Bakının könlünü KTMT-nin səlahiyyətini hələlik (!) Ermənistan təmsilçisinə verməməklə almaq istəyir. Növbəti mərhələdə bu da baş verəcək. Onsuz da bu qurumda söz sahibi Rusiyadır.

Politoloq Arzu Nağıyev bu fikirdədir ki, Putinin İrəvandan verdiyi açıqlama ATƏT-in Minsk Qrupunun bəyanatından o qədər də fərqlənmir: “Çünki bu bəyanat, sadəcə olaraq, bütün cavabdehliyi yenə də Azərbaycan və Ermənistan üzərinə qoymaqdan başqa bir yenilik deyil. Eyni zamanda KTMT- nin beynəlxalq statusu olmayan bir qurum kimi müvafiq qərar verə bilməməsi də özünü göstərdi. Deməli, KTMT üzvləri arasında da qeyri-müəyyənlik, qarşılıqlı narazılıqlar, fərqli fikirlilik hökm sürür. Qazaxıstan prezidenti cənab Nazarbayevin tədbirə qatılmaması, Belarus rəhbəri Lukaşenkonun gündəlikdən məmnun olmaması, Ohanyanın təyinatı ilə bağlı Qırğızıstan və Qazaxıstanın mövqeyi və ümumiyyətlə, bu məsələnin Sankt-Peterburqda müzakirə ediləcəyi məsələsi bir sıra mətləblərdən xəbər verir. Məlumdur ki, Azərbaycan tərəfi ərazi bütövlüyü ilə bağlı heç bir kompromisə getməyəcək və təbii ki, güzəştdən də söhbət gedə bilməz. Deməli, Ermənistana təsir və təzyiq mexanizmindən istifadə edilməli və məhz güzəşt onlardan gözlənməlidir. Bu gün şərt qoyan tərəf Azərbaycandır. Məlumdur ki, Azərbaycan münaqişənin həllinin hərbi variantına əl atsa, nə Rusiya, nə də KTMT bununla razılaşmayacaq, ona görə də istər bu təşkilat, istərsə də Rusiya Ermənistan rəhbərliyi və separat rejimi buna təhrik etməlidir”.
***
Bu arada müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə hərbi hissələrində döyüşə hazırolma səviyyəsinin yoxlanmasından sonra Silahlı Qüvvələrin bütün tank bölmələrində təlimlərə başlanılıb. Müdafiə Nazirliyinin məlumatına görə, məşqlərin əsas məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlik və relyefi çətin keçilən ərazidə sürülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir.
Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər. Şübhəsiz ki, düşmənin davamlı şəkildə silahlanması Azərbaycan ordusunu adekvat addımlar atmağa və işğalçının bütün təxribatlarına dərhal cavab vermək, ona sarsıdıcı zərbələr endirmək üçün hazır olmağa vadar edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=79383