Rusiya və “İsgəndər”in “buynuzu”…

19.10.2016 - 10:46

iskanderŞimal qonşumuzun işğalçı Ermənistana bahalı hədiyyəsinə laqeyd qalan Qərb artıq narahatdır; rəsmi Bakının Kremllə ehtiyatlı davranmasına ekspert şərhi

Sentyabrın 21-də İrəvanda keçirilən hərbi paradda nümayiş olunan “İsgəndər” raket komplekslərini ABŞ-ın nüfuzlu “Startfor” analitik təşkilatı “balansı qoruyan” hadisə kimi dəyərləndirmişdi. İşğalçı Ermənistanın bu təhlükəli silaha malik olmasını sanki qanunauyğunluq kimi qarşılayan Qərb bu gün həmin komplekslərin Kalininqrad vilayətində yerləşdirilməsindən ciddi şəkildə təşvişə düşüb. 
Düzdür, bəzi ekspertlər Ermənistandakı raketlərin də təkcə Azərbaycana qarşı deyil, həm də NATO-ya qarşı yönəldiyini deyirlər. Ancaq NATO ölkələri hələ ki bu məsələyə reaksiya verməyib. Belə xəbərlər var ki, Ermənistana aid olduğu deyilən “İsgəndər-M” kompleksləri əslində Rusiyaya məxsusdur və onlar Ermənistan ərazisində yerləşdirib. İstənilən halda bu kompekslərin Ermənistanda yerləşdirilməsinə dair xəbərlər daha çox Azərbaycanda narahatlıq doğurub. 
Bu arada “Rossiya-24″ kanalı tanınmış rus jurnalist Arkadi Mamontovun ”İsgəndər” raketləri haqda araşdırma filmini təqdim edib. Filmdə iddia olunur ki, “İsgəndər-M”in qarşısının alınması mümkün deyil, çünki onu atıldığı andan müşahidə etmək də mümkünsüzdür.
 
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, “İsgəndər” operativ-taktiki raketlərinin ən müasir silahlar sırasında olmasını heç kim danmır: “O da həqiqətdir ki, bu raketlər son illər Rusiya hərbi sənaye kompleksinin ortalığa çıxartdığı ən yaxşı, son nəsil silahlardan biridir. Amma düşünmək ki, bu raketlərə qarşı hər hansı adekvat cavab zərbəsi endirmək mümkünsüzdür, bu, sadəcə, blef və həqiqətdən çox uzaq olan yanaşmadır. O raketləri izləmək, kəşfiyyat və hücum avadanlıqları ilə aşkarlamaq da problem deyil, hətta onları zərərsizləşdirmək də mümkündür. İndi siz bir anlığa təsəvvür edin ki, bu imkanlar mövcud olmasaydı, Rusiya kimi bir militarist dövlət çoxlarına ”kəllə atmaqdan” çəkinməzdi”.
Image result for Üzeyir Cəfərov
 
Ü.Cəfərov qeyd etdi ki, ruslar öz silahlarının müsbət və mənfi cəhətlərini gözəl bilirlər: “Tanınmış rus araşdırmaçı telejurnalisti, Kremlə yaxınlığı heç kimdə şübhə doğurmayan Arkadiy Mamontovun da birdən-birə baş çəkdiyi raket-artilleriya qoşunlarının hərbi hissəsi də təsadüfən seçilməmişdi. Bu, daha çox informasiya müharibəsinə hesablanmış və rus silahının ”əvəzolunmazlığını” öz əzəli rəqiblərinə, xüsusən də NATO-ya göstərmək üçün bir jest kimi başa düşülməlidir. Və nəzərə alaq ki, son vaxtlar Rusiya siyasətinə qarşı böyük güclərin səsləndirdikləri kəskin bəyanatlar da rəsmi Moskvanı çox narahat edir. Ona görə də onlar son model hesab etdikləri “İsgəndər-M” operativ-taktiki raketlərini də geninə-boluna reklam etməklə məşğuldurlar. Bədnam qonşularımız Ermənistan da məsələnin məğzini başa düşəndən sonra İrəvanda keçirdikləri hərbi paraddan sonra artıq eyforiyadan bir az uzaqlaşıblar. Bir sözlə, “İsgəndər-M” raketləri də nə qədər müasir və ağır fəsadlar törədə bilən silahlardan olsa da, ondan çəkinmək, qorxmaq lazım deyil. Ona qarşı da çox modern və güclü HHQ və HHM sistemləri var. O cümlədən Azərbaycanın o silahı zərərsizləşdirmək gücündə olan sistemləri mövcuddur”.
Qeyd edək ki, “İsgəndər” operativ-taktiki raket sistemləri Rusiyadakı Kolomna maşınqayırma konstruktor bürosunda hazırlanıb və ilk dəfə ictimaiyyətə 1999-cu ildə təqdim edilib (virtualaz.org). Bu raket sistemlərinin adı tarixdə iz qoymuş məşhur sərkərdə Makedoniyalı İsgəndərin adından götürülüb. Makedoniyalı İsgəndər iki buynuzu olan dəbilqə taxdığından, tarixdə onun adı həm də ikibuynuzlu İsgəndər kimi qalıb. “İsgəndər” raket kompleksinin də tərkibində iki raket olduğu üçün onu məhz bu cür adlandırıblar.
***
Rəsmi Bakının “İsgəndər” raketlərinə görə Rusiyadan izahat istəməməsi də son günlər müzakirə mövzularındandır. Ancaq XİN-in bununla bağlı ehtiyatlılığını məntiqli sayanlar da var. Hesab olunur ki, Rusiyanı qıcıqlandırmaq təhlükəlidir.
Politoloq Elxan Şahinoğlu rəsmi Bakının şimal qonşumuzun Azərbaycan əleyhinə davranışlarına sükutlu reaksiyasını təbii sayır: “Rusiya hakimiyyəti tənqidi xoşlamır. Ona görə də rəsmi Bakı düşünür ki, Rusiyanı Ermənistanı silahlandırdığına görə tənqid etsə, bu, Kremldə neqativ qarşılanacaq. Rəsmi Bakı isə Kremllə münasibətləri gərginləşdirmək istəmir. Ancaq Moskvaya narahatlığımızı ifadə edən mesajlarımızı göndərməsək, yanlış olaraq düşünəcəklər ki, Azərbaycan mövcud duruma etiraz etmir”.
Bu arada Rusiyanın hətta nüvə müharibəsinə hazırlıqları həyata keçirdiyi məlum olub. Belə ki, Rusiyanın Sankt-Peterburq şəhərində “Zenit-Arena” stadionunun tikintisini aparan menecerlərə Fövqəladə Hallar Nazirliyindən xəbərdarlıq gəlib ki, dərhal layihədə düzəliş edilsin və müharibə zamanı insanların sığınması üçün bunker inşa edilsin. Digər tərəfdən, bu günlərdə Rusiya prezidenti Vladimir Putin hərbi təyinatlı plutonium ehtiyatlarının ləğvinə dair ABŞ-la imzalanmış müqavilədən çıxmaq barədə qərar verib. Bu, Birləşmiş Ştatlarla Rusiya arasında gərginliyin getdikcə artdığı, Rusiyanın “nüvə dəyənəyi”ni getdikcə daha tez-tez yellədiyi bir vaxtda baş verir. “Bu, Moskva ilə Vaşinqton arasında son onilliklər ərzində ən ciddi gərginlikdir”-Rusiya İctimai Palatasının üzvü Sergey Markov deyir. “Müharibə hətta ABŞ-dakı noyabr seçkilərinə qədər başlaya bilər”- o əlavə edib. Markov bildirib ki, o, şəxsən özü potensial hərbi böhrana hazırlaşmaq üçün 200 banka pörtlədilmiş mal əti ehtiyatı yığmağı planlaşdırır. “Hamıya da bunu məsləhət görürəm” Markov əlavə edib.
Rusiyanın Qərb ölkələri ilə sərhədlərinə də “İsgəndər-M” raketlərini yerləşdirməsi, üstəlik, nüvə müharibəsi tədarükünə başlaması olduqca təhlükəli vəziyyətdən xəbər verir. İqtisadi cəhətdən ciddi sanksiyalarla üz-üzə qalan şimal qonşumuzun bu aqressiyasının səbəbi nədir?
 
Elxan Şahinoğluna görə, səbəb sadədir: “Rusiya prezidenti Putin Amerikanın hegemonluğunu qəbul etmir, ölkəsinin də böyük güc olduğunu və Vaşinqtonun bununla hesablaşmasını istəyir”. Ekspertə görə, məhz bunun nəticəsidir ki, Rusiya 2008-ci ildə Gürcüstanla müharibə edərək Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıdı, Krımı işğal etdi, Ukraynanı parçaladı və Suriyaya müdaxilə etdi. “Rusiyanın Ermənistana ötürdüyü raketlər də bu siyasətin tərkib hissəsidir. Kreml ”İsgəndər” raketlərini işğalçıya ötürərkən Azərbaycanın həssasiyyətini qulaqardına vurdu” – E.Şahinoğlu bildirdi.
Image result for Elxan Şahinoğlu
“Rusiyanın Suriya ilə bağlı siyasətinə tamamilə bəraət qazandırmaq olar. Rusiya həmişə bildirir ki, ekstremistlərə, terrorçulara, radikallara  qarşı səyləri birləşdirmək lazımdır”. Bu fikirləri isə Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Sputnik agentliyinə müsahibəsində deyib (modern.az). Dövlət başçısı bildirib ki, terrorçular arasında yaxşı və pis deyə bölgü aparmaq yanlışdır. Onun sözlərinə görə, tarix dəfələrlə belə yanaşmanın bumeranq effekti yaradacağını sübut edib. Prezident Avrasiya İttifaqı ilə bağlı suala da maraqlı reaksiya verib. ”Azərbaycan Avrasiya məkanındakı prosesləri izləyir. Avrasiya İttifaqına inteqrasiya olmaq üçün iqtisadi, sosial və siyasi motivasiya olmalıdır”,- deyə ölkə başçısı qeyd edib. “Gələcəkdə Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını istisna etmək olmaz”. Azərbaycan prezidenti Avrasiya məkanındakı prosesləri fəallıqla izlədiklərini deyib. “Bu gün Avrasiya İttifaqına üzv ölkələrlə iqtisadi, həmçinin, siyasi əməkdaşlıq kifayət qədər möhkəmdir. Təbii ki, əgər İttifaq cəldedici olarsa, ora bir çox ölkələr yönələcək”.
Ölkə başçısının bu mövqeyi balanslı siyasətin məntiqi davamı kimi dəyərləndirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=79539

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31