Müxalif partiyalar nə iş görür?

22.10.2016 - 10:27

1Əksər siyasi təşkilatların başı özünə qarışıb; biri qurultaya hazırlaşır, başqası ayaqda durmağa çalışır…

Adətən partiyalar yay aylarında aktiv fəaliyyət göstərmirlər. Ötənlərdə siyasi qurumlarin fəaliyyəti payızda və yazda daha çox nəzərə çarpırdı. 
Amma indi  yay tətilini əsas gətirib aktiv fəaliyyəti olmayan bir çox siyasi partiyalar, artıq “qış yuxusu”na getməyə hazırlaşırlar. Faktiki olaraq müxalifət partiyalarının hansısa bir hərəkətliliyi hiss olunmur. Referendum öncəsi bir-iki tədbir, aksiya keçirməklə onlar missiyalarını bitmiş hesab etdilər. Baxmayaraq ki, partiya rəhbərləri referendumun nəticələrini gözlədiklərini, ondan sonra uyğun addımlar atacaqlarını deyirdilər…
Maraqlıdır, partiyalar hazırda hansı işlə məşğuldurlar?
“Yeni Müsavat”ın sorğusuna cavab verən Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, onlar üçün hazırda əsas iş qurultaya hazırlaşmaqdır: “Qurultaylar partiyanın fəaliyyəti üçün önəmlidir. Partiyanın cari fəaliyyətinin əsas dəyişiklikləri qurultayda olur. Bu il də bizim qurultay ilimizdir. Ucqar kənd rayonlarında konfranslarımızı  tam yekunlaşdırmışıq. Hazırda isə bu istiqamətdə  təqvim planına uyğun olaraq, Bakı şəhərində və digər böyük şəhərlərdə olan təşkilatların konfransları keçirilir. Bizim konfransları keçirməkdə əsas problemimiz yerlə bağlıdır. İcra strukturları bunun üçün bizə yer vermirlər. Rayon təşkilatlarının  tərkibində olan özək təşkilatlarının yığıncaqları bitəndən sonra bir konfransı ona  uyğun təşkil edirik. Həmçinin biz hər 4 ildən bir partiyanın üzvlərinin sayını tam dəqiqləşdirib, anket sorğularını yeniləyirik. Partiya üzvlərinin təhsil, yaş, cins, etnik tərkibini müəyyənləşdiririk. Hazırda  təşkilat şöbəsi bu məsələləri həll edib. Qurultayda partiyanın rəhbər strukturlarına yeni şəxslər də seçiləcək. 2018-ci ildə də prezident seçkiləri gəlir. Bu seçkilər öncəsi də qurultay olduğuna görə bu məsələyə partiyanın qurultayı baxacaq və münasibətini bildirəcək”.
Yeni yaranan AĞ Partiyanın üzvləri isə hələ ki təşkilatlanma işi ilə məşğuldurlar. Bu barədə partiyanın lideri Tural Abbaslı qəzetimizə məlumat verib. T. Abbaslı  onların eyni zamanda partiyanın qurultaydan sonra sənədləşmə işləri ilə məşğul olduqlarını da bildirdi.
KXCP sədrinin müavini  Xəzər Teyyublu da təşkilatlanma işləri ilə məşğul olduqlarını bildirib: “Çalışırıq ki, rayon təşkilatlarımızla əlaqələri daha da intensivləşdirək. Eyni zamanda partiyanın bayram və siyasi tədbirləri olduğu zaman da bu, rəhbərlik səviyyəsində müzakirə olunur, qərar verilir. Təşkilatlanma istiqamətində nə işlər lazımdırsa, partiya rəhbərliyinin qərarı ilə onları görürük”.
Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə bildirib ki, partiyanın siyasi kursu digərlərindən fərqlənir: “Hazırda partiya olaraq əsas işimiz təşkilatlanmadan ibarətdir. Bəzi təşkilat komitələrimizdə  əskiklərin  aradan qaldırılması ilə də məşğuluq. Sıralarımıza yeni gənclər qatılır, hər həftəsonu müavinlərlə dəyirmi masalar keçirilir, qarşıdakı həftə üçün fəaliyyət planı bəlirləyirik. Yeni qatılan gənclərlə işləyir, ictimai-siyasi proseslərdə aktiv fəaliyyətlər üçün onlarla görüşüb, müzakirələr edirik.  Gənclərimizi ”xərcləməmək” əsas məqsədlərimizdən biridir. Gənclərin siyasətdə olması siyasətin ağ-qara rənginin dəyişməsi deməkdir. Çünki gənclik daha enerjili, potensiallı və çağdaş dövrün tələblərinə uyğun addım atmaqda  həvəslidir. Təbii ki, bu həvəsin cəsarətə çevrilməsində əmək tələb olunur. Partiyamızın bundan sonrakı fəaliyyətində də tutduğumuz siyasi xətti yürütməkdə davam etmək əsas məqsədimizdir. Bu ilin başlanğıcında da təşkilatlanmanın sürətləndirilməsi, 2016-cı ili quruculuq ili elan etmişdik”.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da bildirib ki, bütün partiyalarda olduğu kimi onların da partiyasında ciddi xarakter daşıyan qabarmalar yoxdur:
“Referendum prosesində bizim partiya fəal iştirak etdi. Bu, kifayət qədər ciddi proses idi. Bundan sonra da Azərbaycanın siyasi mühitində, dövlətçiliklə, xalqın milli maraqları ilə bağlı siyasi arenada fəaliyyətimizi davam etdirəcəyik. Təbii ki, partiya quruculuq işlərinə də  diqqət yetiriləcək. Dekabr ayında partiyanın Ali Məclisinin növbəti sessiyasının  çağırılması gözlənilir. Yəqin ki, orada növbəti il üçün proqramımızı quracağıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=79822

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728