Azərbaycan Parlamenti bir günlük iş rejiminə keçib?
24.10.2016 - 10:12
Son aylarda Azərbaycan Parlamentinin bir günlük iş rejiminə keçdiyi müşahidə olunur. Xüsusilə, bu hal deputatların yay tətilindən sonra özünü büruzə verir. Belə ki, əvvəllər həftənin 2 və 5-ci günləri toplaşan Milli Məclis artıq cümə günlərinə iclas salır.
Mandat sahibi olan partiya sədrlərinin bununla bağlı mövqelərini aldıq. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirdi ki, iclasın zamanı spiker tərəfindən müəyyən olunur: “Əvvəlki dövrlərdə qanunvericilik sahəsində qəbul olunan qanunlar var idi. Amma indiki şərtlərdə əksər qanunlar qəbul olunduğundan, konkret nəzərdə tutulan məsələlərin müzakirəsindən söhbət gedir. Belə bir müzakirə üçün də yeni qanunların qəbulu, konvensiyalara qoşulmaq üçün məsələlər indi çox da aktual deyil. Əvvəllər tez-tez yeni konvensiyalara qoşulur, yeni qanunlar qəbul olunurdu. İndi isə qanunların əksəriyyəti qəbul olunub. Ancaq gündəlik ortaya çıxan ictimai münasibətlərin tənzimlənməsindən söhbət gedir. Zərurət olarsa, ayda daha çox iclaslar keçirmək olar. Hər hansı bir şəkildə məhdudlaşdırıcı hal yoxdur. Ayda iki dəfə iclas keçirilməlidir və bu iclaslar da keçirilir. Milli Məclis daimi qrafiklə işləyən orqan kimi fəaliyyət göstərmədiyindən, iclası çağırmaq artıq rəhbərliyin işidir. Deputatların tələbi ilə fövqəladə iclaslar ola bilər. Belə tələblər də olmadığından, iki dəfə iclas keçirmək kifayət olur”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev əvvəlki dönəmlərdə 2 və 5-ci günlər plenar iclasların olduğunu söylədi: “Son dönəmlərdə ayda iki dəfə plenar iclaslar olur. Qalan hər gün iş günü sayılır. Ancaq komitələr işləyir. Çoxdan belədir, bu indi olmayıb. Əvvəlki beş illikdə də belə idi. Amma ondan əvvəlki beş illikdə isə həftənin 2 və 5-ci günləri iclaslar olurdu. Amma indi ayda iki dəfə plenar, komitə iclasları isə hər gün olur. Hər gün də iş günüdür”.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı parlamentin bir günlük iş rejiminə keçməsi ilə bağlı səslənən fikirlərlə razılaşmır: “Ayın 28-də Milli Məclisin bu ay ərzində üçüncü iclası keçiriləcək. Hər iclasımızda çoxsaylı qanun layihələri müzakirəyə çıxarılır və qəbul olunur. Bildiyiniz kimi, ölkəmizdə müxtəlif sahələrə aid olan qanunların mütləq əksəriyyəti qəbul olunub. Bəzi sahələrə aid qanunların qəbul olunması üzrə işlər gedir. Müzakirəyə təqdim olunan qanun layihələrinin xeyli hissəsi əlavələr və düzəlişlərlə bağlıdır ki, bu da təbiidir, cəmiyyətin tələb və çağırışlarına müvafiq olaraq qanunda öz əksini tapmalı, təsdiq olunmalıdır. Bəzən 25-30-a yaxın qanun layihəsi müzakirəyə çıxarılır ki, bəzi hallarda bunun 3/2 hissəsi əlavə və dəyişikliklərdir. Dünyanın əksər ölkələrində bu təcrübə özünü göstərir. Ona görə də bütün bunlar parlamentin zəifliyini, işgüzarlığını göstərməli deyil və bu anlama gəlməməlidir. Parlament bu gün bütün gücü ilə işləyir, Azərbaycan dövlətçiliyinə olduqca mühüm töhfələr verir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=79921