Azərbaycan uzaq Venesuelladan nə alıb, nə satacaq? – ŞƏRH
“Neftin qiyməti kəskin düşdüyündən Venesuellada ağır iqtisadi və sosial vəziyyət yaranıb, əhali dükanlarda yeməyə bir şey tapmır”.
Bu sözləri politoloq Elxan Şahinoğlu Venesuella Bolivar Respublikasının prezidenti Nikolas Maduranın Azərbaycana səfərini şərh edərkən deyib:
“Venesuella Bolivar Respublikasının prezidenti Nikolas Maduranın Azərbaycana səfərinin yalnız bir məqsədi var: Neft. Doğrudur Bakıdakı danışıqlarda iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığından da danışılıb. Ancaq Azərbaycanın uzaq Venesualla ilə nə alıb-satacağı suallar doğurur. Venesuella neft ölkəsidir və tamamən neft satışından asılıdır. Neftin qiyməti kəskin düşdüyündən Venesuellada ağır iqtisadi və sosial vəziyyət yaranıb, əhali dükanlarda yeməyə bir şey tapmır, ərzaq dalınca qonşu Kolumbiyaya gedirlər”.
Politoloq bildirib ki, Venesuella müxalifəti Maduranı hakimiyyətdən uzaqlaşdırmaq üçün fəallaşıb: “Parlament müxalifətin nəzarətindədir. Növbəti mərhələdə prezidentə qarşı impiçment gəlir. Madura keçmiş xarizmatik lider Uqo Çaves qədər populyar deyil. Çaves kimi Madura da qatı anti-amerikançıdır, ancaq bu Venesuella üçün xilas yolu deyil. Venesuella bir ara digər anti-amerikaçı dövlətlər – Rusiya və Çin kapitalını cəlb etmək istəyirdi. Kapital qoydular, ancaq hazırda həm Rusiya, həm də Çin Venesuellanın gələcək taleyi üçün narahatdırlar və mümkündür ki, kapitallarını tədricən çıxartsınlar və əlavə investisiyalardan imtina etsinlər”.
Elxan Şahinoğlu qeyd edib ki, Madura Venesuellada iqtisadiyyatı şaxələndirə bilmir: “Onun yeganı ümidi neftin qiymətinin artımınadır. Bir müddət əvvəl İstanbulda keçirilən enerji konfransında məhz buna görə qatılmışdı. Rusiya prezidenti Vladimir Putinlə görüşdə ona dedi ki, İstanbuldakı çıxışınız neftin qiymətinin 1-2 dollar artımına səbəb olub. Gör nəyə sevinirdi. Bakıya gəlişi də eyni məqsəd daşıyır: necə edək ki, neftin qiymətini qaldıraq? Bu sualın cavabı Bakı üçün də bəlli deyil. Maduranın Azərbaycanın ardınca digər neft istehsalçısı ölkələrinə səfəri davam edir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=79935