Akif Çovdarov iş yoldaşının intiharı ilə bağlı dindirilə bilər

02.11.2016 - 10:37

akif-covdarov-%c9%99sas“Prezident Administrasiyasının ən zəif tərəfi onun kadr potensialının zəifliyidir”; Müzəffər Baxış: “Onun dindirilməsi, ifadəsinin alınması zərurəti mövcuddur”

“İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz”. Bunu  ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov bildirib. 
Bu haqda A.Çovdarovun vəkili Kamandar Nəsibov məlumat yayıb. Sitat: “Akif Çovdarov bizimlə görüşdü. Getdik rəisin yanına. Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər”.
Maraqlıdır, Akif Çovdarovun kifayət qədər ciddi bir iddiası araşdırılmalıdırmı? Müəmmalı, mübhəm ölüm işləri ilə bağlı belə iddialar mətbuat səhifələrinə çıxdıqdan sonra hansı addımlar atılmalıdır? 
 
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış Akif Çovdarovun söylədiklərinin ciddiliyinə şübhə etmir: “Verilən məlumatlardan belə aydın olur ki, hazırda İlqar Əliyevin ölümü ilə əlaqədar istintaq davam edir. Yəqin ki, istintaqı aparan istintaqçı da onun asılı vəziyyətdə meyiti aşkarlanan kameraya baxış keçirib. Həmin kamera Bakı İstintaq Təcridxanasının ( BİT) neçənci mərtəbəsində olması, kameranın nömrəsi, vəziyyəti, yerləşməsi hadisə yerinin protokolunda qeyd olunub. İlqar Əliyev ölümünə qədər kamerada kiminlə saxlanılıb və s. məsələlər də cinayət işinin materiallarında var. Akif Çovdarov İlqar Əliyevlə bir kamerada saxlanılıbsa, bəli, bu halda kamera yoldaşının ölümü ilə bağlı hökmən Akif Çovdarov dindirilməlidir”.
Image result for müzəffər baxış
 
M.Baxış deyir ki, belə olmayıbsa, A.Çovdarovun vəkili vasitəsilə açıqladıqları elə də ciddi hesab edilməməlidir: “Tutaq ki, İlqar Əliyev BİT-in 1-ci mərtəbəsinin 21-ci kamerasında, Akif Çovdarov isə 3-cü mərtəbənin 11-ci kamerasında saxlanılıbsa, belə olduğu halda Akif Çovdarovun vəkili vasitəsilə KİV-də hansı məlumatları ictimailəşdirməsindən asılı olmayaraq, onun dindirilməsi zərurəti yoxdur”.
Tanınmış hüquqşünas düşünür ki, A.Çovdarov belə açıqlamalarla ictimaiyyətin diqqət mərkəzində qalmaq istəyir: “Amma ola bilər ki, Akif Çovdarov İlqar Əliyevlə qonşu kamerada saxlanıb və onun ölümü ilə bağlı hansısa məlumatları eşidib. Bu halda Akif Çovdarov hansı ağır cinayəti törətməsindən asılı olmayaraq, hərtərəfli istintaqın aparılması, həqiqətin üzə çıxaırılması üçün onun dindirilməsi zərurəti mövcuddur”.
Tanınmış hüquqşünas deyir ki, özünəqəsd Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə tövsif olunan cinayətdir. Bir şəxsi intihara təhrik etmiş şəxsi 7 ilədək cəza gözləyir. Belə cinayətlər az ağır cinayətlər kateqoriyasına aid cinayətdir və Cinayət Prosessual Məcəllənin tələbinə görə, bu qəbildən olan cinayətlərin istintaq müddəti maksimum 10 aydır.
 
Bəs İlqar Əliyevin ölüm işinin ən maksimal müddətə qədər araşdırılması və sona çatdırılmaması nə ilə əlaqədardır?  
M.Baxış deyir ki, cinayətin açılmaması üzündən müddətin uzanması və istintaqın 10 aydan daha artıq uzadılması qanunda nəzərdə tutulur: “Ola bilsin ki, konkret qərar qəbul edə bilmirlər. Özlərində də şübhələr var ki, İlqar Əliyev kimlər tərəfindənsə özünü asmağa təhrik edilib. Məsələn, həmin təcridxanadan yolu düşən, Azərbaycanda kifayət qədər tanınan insanlar var ki, birmənalı deyirlər ki, orada özünü asmaq mümkün deyil. Görünür, istintaqın özündə də müəyyən şübhələr var ki, cinayət işinin istintaqı ən son müddətə qədər davam etdirilir. İstintaq müəyyən şübhələri aradan qaldırmaq üçün zəruri istintaq hərəkətlərini həyata keçirə də bilər”.
Tanınmış hüquqşünas son illərin Azərbaycan istintaq praktikasından da danışdı: “Son illərdə belə işlərdə istintaqı dayandırırlar, 1-2 ay ötür, həmin dayandırılma qərarını ləğv edirlər və yenidən bir müddət istintaq davam edir. Bu hal bir neçə dəfə təkrar olunur və beləliklə, iş bir neçə il davam edir. Əksər hallarda isə belə işlərdə heç bir nəticə də olmur”.
 
Müzəffər Baxış deyir ki, az ağır cinayətlər kateqoriyasına aid olan bir işin istintaqı üçün 10 aylıq müddət böyük bir zaman kəsiyidir: “Sovetlər dönəmində müddətlərin aşılmasına görə müstəntiqləri tənbeh edirdilər. İndi isə belə deyil. Müddətin ötürülməsi xırda bir şey sayılır deyə məsuliyyətsizlik yaranıb. Əslində isə bu qəbildən olan işlər çox ciddi işlərdir. Bir vətəndaşın asılmış meyiti dövlətin nəzarəti altında, dövlətin qurumunda aşkar olunub. Ortada onun öldürülüb asılması iddiası var. Və yaxud onun özünü asmağa məcbur olunması bildirilir. Dövlət bu məsələləri araşdırmaqda maraqlı olmalıdır. Vətəndaşın özünü asmasının səbəbi, onun öldürülüb asılması iddiası tam və obyektiv araşdırılmalıdır. Amma Azərbaycanda vəziyyət bir qədər başqa cür olduğuna görə buna əhəmiyyət vermirlər. İstənilən halda İlqar Əliyevin işi üzrə istintaq həqiqəti üzə çıxarmalıdır. Bilinməlidir ki, Akif Çovdarovdan da geri qalmayan biri özünü niyə asıb və ya onu kim, hansı məqsədlə intihar həddinə çatdırib”.
Qeyd edək ki, ötən il oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində başladılan qəfil əməliyyat zamanı 7 yüksək vəzifəli həbs edilmişdi. İlk həbs olunan MTN-çilərdən biri də məhz İlqar Əliyev olmuşdu. Eldar Mahmudovun şəxsi tapşırıqlarının icraçısı, ictimai fəallara, müxalifətçilərə, mətbuat nümayəndələrinə qarşı əməliyyatların icraçısı kimi ad çıxaran İ.Əliyev barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. Ona ilkin olaraq  Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə ittiham edib qandallamışdılar. Cəmi 2 ay sonra – 2015-ci il dekabrın 20-də isə polkovnik İlqar Əliyevin asılmış vəziyyətdə olan meyitini saxlanıldığı BİT-dəki kamerasında aşkarladılar. Həmin gündən 10 ay keçir və istintaq hələ ki, konkret nəticəyə gələ bilmir. İ.Əliyevin intihar etməsinə inanalar bunun əksini söyləyənlərdən qat-qat azdır. Və ortada bu versiyanı təkzib edən məlumatlar çoxluq təşkil edir. Belə məlumatların sırasına A.Çovdarovun iddiası da əlavə olunanda tərəzinin gözü daha çox inanmayanların xeyrinə əyilir. İstintaq tərəzisinin hansı yana əyiləcəyini də birmənalı söyləmək zamanı da uzaqda deyil. 10 aylıq istintaq müddəti bitməkdədir…

Short URL: http://www.cumhuriyyet.net/?p=80859

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930