“Sərdar Cəlaloğlu nə vaxt Nobel mükafatı alarsa…”
Sərdar Cəlaloğlu İlqar Məmmədovla bağlı açıqlama verib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında İlqar Məmmədovun Azərbaycan siyasətində tutulmadan əvvəl də o qədər də parlaq liderlik ortaya qoymadığını bildirib:
“Uzun müddət Etibar Məmmədovun katiblərindən biri olub. O qədər də tanınmış katib olmayıb. Siyasətdən uzaqlaşıb Amerika səfirliyinə işə gedəndən sonra yenidən deputatlığa namizəd kimi siyasətə qayıdıb. Səfirliyin yardımı ilə Amerikada təhsil alan tələbələrdən ibarət REAL təşkilatını yaradıb. Bu baxımdan İlqar Məmmədovun təşkilatçı olması, lider olması ilə bağlı fikirlər mifdən başqa bir şey deyil. Düzdür o həbsxanadadır, həbsxanada olduğu üçün onun haqqında başqa bir söz deyə bilmərik. Amma bir adam həbsxanadadır, çətinlikdədir…
İlqar Məmmədovun ümumiyyətlə bizim başa düşdüyümüz kimi liderlik etməyə nə əqli potensialı var, nə də onun xarakteri imkanı var ki, belə bir liderlik etsin. Müəyyən bir qrupun, belə deyək ki, Amerika Səfirliyinin nəzarəti altında olan bir qrupun lideri ola bilər. Çünki o gənclərin çoxu Amerikada təhsil alıb, müəyyən bir Qərb dəyərlərini, Amerikanın dəyərlərini mənimsəmiş adamlardır. Diqqətlə fikir versək onlar da artmır, elə bir qeyri-adi dərəcədə gücləri, potensialları da yoxdur”.
Sərdar Cəlaloğlunun İlqar Məmmədovla bağlı açıqlaması cavabsız qalmayıb. “Respublikaçı Alternativ” (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli Qaynarinfo.Az-a açıqlamasında bildirib ki, Sərdar Cəlaloğlunun İlqar Məmmədov haqqında səsləndirdiyi bəyanatlar qeyri-ciddidir:
“Sərdar Cəlaloğlunun əsassız fikirləri ictimaiyyət üçün təəccüblü deyil. Sərdar Cəlaloğlu nə vaxt Nobel mükafatı alarsa, onda mən və partiyamız onun ittihamlarına ciddi cavab verə bilərik. Belə qeyri-ciddi açıqlamalara cavab vermək isə nə mənə, nə də REAL partiyasına yaraşar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=81040