Azərbaycanı İran xilas edəcək, yoxsa Qərb?
İran Azərbaycana 1.2 milyard dollar həcmində sərmayə yatırıb. Ancaq Avropa ölkələri Azərbaycan iqtisadiyyatını xilas edə bilər, İran yox.
Bu barədə “Exo” qəzetində nəşr olunan məqalədə deyilir.
Yazının əvvəlində bu günlərdə Bakıda keçirilən İran-Azərbaycan konfransından bəhs edilir. Müəllifin qeyd etməsinə görə, həmin konfransda bildirilib ki, İran Azərbaycana 1.2 milyard dollar həcmində sərmayə yatırıb.
Müəllif bu vəziyyətdən çıxış edərək, İran və Azərbaycan iqtisadi maraqlarını ekspertlərlə müzakirə edir. İqtisadçı-ekspert Oqtay Haqverdiyev qəzetə mövzunu belə dəyərləndirib:
“Əgər imkanlardan danışsaq, Azərbaycan üçün Qərblə sıx iqtisadi əlaqələr qurmaq əlverişlidir. İran neftə alternativ olaraq Azərbaycana heç nə təklif edə bilməz. Avropa ölkələri isə Azərbaycana sənayeni elmi əsaslarla inkişaf etdirməyə dəstək olar. Bu da gələcəkdə ölkənin iqtisadiyyatını xilas edə bilər”.
Ekspertə görə, İran iqtisadiyyatı da tam şəkildə inkişaf etməyib. Amma bəzi sahələrdə əməkdaşlıq mümkündür:
“Bundan əlavə, İran-Azərbaycan münasibətlərində geosiyasi baxışlar daim iqtisadi əlaqələri üstələyəcək. İran Ermənistanı müəyyən məsələlərə qoşmaq istəyəcək ki, bu da problemlər yaradacaq. Bundan irəli gələrək məqsədəuyğunluq və perspektivdən danışırıqsa, Azərbaycan üçün Qərblə iqtisadi əlaqələr qurmaq zərurətdir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=81640