Bakı-Tehran arasında gərginlik necə çözüləcək?

29.12.2016 - 01:43

Azərbaycan-İran münasibətlərində İsrail və Ermənistan faktoru ciddi problemə çevrilir

İsrailin baş naziri Benyami Netanyahunun Azərbaycana səfərindən sonra qonşu İranla Azərbaycanın münasibətlərində yaranan soyuqluq artıq açıq diplomatik gərginliyə çevrilməkdədəir. Netanyahunun səfəri zamanı iki ölkə arasındakı sıx əməkdaşlıq, silah alınması və digər məsələlərlə bağlı verilən mesajar İran hökumətini hərəkətə keçirdi. Bu səfərdən cəmi bir həftə sonra İran prezidenti Həsən Ruhaninin Ermənistana getməsi Netanyahunun Bakıya səfərinə cavab kimi qiymətləndirildi.
İranın müdafiə naziri, general Hüseyn Dehqan Rusiyanın əsas təbliğat maşını olan “Rossia Today” telekanalına müsahibəsi zamanı açıq şəkildə Azərbaycanı hədələyib. Telekanal əməkdaşının İsraillə Azərbaycan arasındakı bu əməkdaşlığı necə qiymətləndirməsi barədə suala iranlı nazir belə cavab verib: «Biz Azərbaycandakı dostlarımızın diqqətinə çatdırmışıq ki, İsrailə bu regiona çıxış imkanı vermək onların xeyrinə olmayacaq. İran buna dözməyəcək. Lakin bu, onların qərarıdır, onların məqsədlərinə çatması və maraqlarının təmin olunması naminə qəbul olunub. Və biz buna qarşı çıxa bilmərik. Hesab edirəm ki, bizim Azərbaycandakı dostlarımız bunu başa düşməlidir: regionda və onun hüdudlarından kənarda bir çoxları Azərbaycanla İran arasında strateji münasibətlərin yaranmasını istəmir və buna mane olmağa çalışır. Əlbətdə, Azərbaycan prezidenti bizimlə münasibətlərin inkişafına çalışır. Ancaq digər qüvvələr var ki, işə qarışır və təsir göstərir. Netanyahunun təhdidinə gəldikdə isə biz onu tanımırıq, hətta qulaq asmağa da hazırlaşmırıq ki, o, nə deyir. Boş sözlərə vergi tutulmur. Qoy nə deyir desin, yorulana qədər” – deyə nazir bildirib.
Azərbaycanla İran arasında gərginliyin olması Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun dünənki açıqlamasında da hiss edildi. İran şirkətinin Şuşada məscid təmiri aparması ilə bağlı separatçı rejimlə “müqavilə” bağlamasını şərh edərkən nazir müavini bildirib ki, bu, beynəlxalq hüquqa zidd hərəkətlərdir.
“Ermənistan çalışır ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, məskunlaşdırma aparsın, xaricdə yaşayan erməniləri burada məskunlaşdırsın. Beynəlxalq hüquq baxımından bu fəaliyyətlərin nəticəsi tanınmır.Ona görə də istənilən ölkə, fiziki və hüquqi şəxs tərəfindən işğal olunmuş ərazilərdəki fəaliyyətlər qeyri-qanunidir. Onlar Azərbaycan qanunları vasitəsi ilə o təqib oluna bilər” – deyən nazir müavini bildirib ki, bununla bağlı xəbərdarlıqlara məhəl qoymayanlar Azərbaycan qanunları çərçivəsində məsuliyyət daşıyırlar.
“Azərbaycanın İsraillə əməkdaşlığı təkcə İranı deyil, Rusiyanı da narahat edir”
Bütün bu məsələlər İran-Azərbaycan münasibətlərinin bundan sonrakı vəziyyətinə necə təsir edəcək, əlaqələr hansı çərçivədə davam edəcək? Politoloq Sülhəddin Əkbər Bizimyol.info saytına şərhində bildirib ki, İran müdafiə nazirinin müsahibədə işlətdiyi fikirlər kifayət qədər korrektdir. “İranla Azərbaycanın maraqlarının toqquşduğu yerlər, sahələr var. İran İsrail və Azərbaycan-İsrail münasibətləri də maraqların toqquşduğu sahələrdən biridir. İsraillə Azərbaycanın əlaqələrinin inkişaf etdirilməsi istər-istəməz İranı qıcıqlandırır və onun maraqlarına uyğun deyil. İran və Rusiya 100 illərdir ki, Xəzər hövzəsinə üçüncü ölkəni buraxmamaq barədə razılaşıb. Bu razılaşmanın tarixi Türkmənçay, Gülüstan müqaviləsinədək gedib çıxır. Yəni bu, 100 illiklərlə tarixi dərinliyi olan bir məsələdir. Ona görə də Rusiya ilə İran nəinki İsrailin, heç bir başqa gücün – Türkiyə də daxil olmaqla, ABŞ, Avropa Birliyi, NATO-nun, Böyük Britaniyanın da burada maraqlarının inkişafını istəmirlər. Söhbət təkcə Azərbaycandan deyil, bütövlükdə Xəzər bölgəsindən gedir. Rusiya-İran strateji əməkdaşlığının kökündə yatan fikirlərdən biri də budur ki, üçüncü bir qüvvə Xəzər hövzəsinə buraxılmamalıdır. Xəzərlə bağlı bütün anlaşmalarda qırmızı xətlə keçən məsələlərdən biri də budur. Çünki bu hər iki ölkənin fundamental strateji maraqlarına toxunur. Ona görə də Rusiya jurnalistinin məhz belə bir provakativ sual verməsi də bununla bağlıdır və məqsədyönlüdür. Çünki Azərbaycanın İsraillə əməkdaşlığı – xüsusilə də hərbi-təhlükəsizlik sahəsindəki əməkdaşlığı təkcə İranı deyil, eyni zamanda Rusiyanı da narahat edir. Rusiya bu prosesə İranı da qoşaraq, Azərbaycana birtərəfli təsirini İran vasitəsilə tamamlamaq istəyir”.
“Ruhaninin səfəri siyasi dairələrdə və cəmiyyətdə neqativ qarşılandı”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirir ki, İran prezidenti Həsən Ruhaninin 21 dekabrda Ermənistana birgünlük səfəri Azərbaycanda ciddi tənqidlərə məruz qaldı. “Rəsmi Bakı İranın daxili işlərinə qarışmasa da, bu səfər siyasi dairələrdə və cəmiyyətdə neqativ qarşılandı. Azərbaycanda hesab edirlər ki, əgər İran Azərbaycanla sıx əməkdaşlığa çalışırsa, Ermənistan siyasətini korrektə etməlidir. İranlı diplomatlar Tehranın məhz Bakı ilə münasibətlərə önəm verdiklərini, İrəvanla əlaqələri isə qonşuluq prinsipinə uyğun olduğunu bildirirlər. Buna baxmayaraq, bu izah Azərbaycann siyasi dairələrini və cəmiyyətini qane etmir. Çünki Ermənistan hakimiyyəti İranla əməkdaşlıqdan maksimum faydalanmağa çalışır.
Həsən Ruhaninin Ermənistana səfərindən bir həftə sonra İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Bakıya gəldi. Mahmud Vaezi İran-Azərbaycan hökumətlərarası birgə komissiyanın həmsədridir. Ona görə də onun il ərzində Bakıya tez-tez səfər etməsi anlaşılandır. Tehranda onu da anlayırlar ki, Həsən Ruhaninin Ermənistana səfərinin Azərbaycanda doğurduğu mənfi reaksiyanı bir yolla neytrallaşdırmaq lazım idi. Mahmud Vaezi məhz bu işin öhdəsindən gələ biləcək fiqurdur. Çünki, Vaezi Bakıya etdiyi intensiv səfərlər sayəsində Azərbaycan rəsmiləri ilə sıx münasibətlər qurub və görüşlərdə ancaq iki ölkənin əməkdaşlığına xidmət edən layihələrdən danışır. Vaezinin Azərbaycana budəfəki səfəri də xüsusi bir tədbirlə yadda qalacaq: Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd qatarı işə düşür. Bu marşrut il ərzində 12 min insanın daşınmasına imkan verəcək. Yaxın perspektivdə isə Astara-Astara dəmir yolu də işə düşəcək ki, iki qonşu ölkənin tarixində ilk dəfə olaraq nəqliyyat xətləri birləşəcək”.
“İranla Azərbaycan arasında son 11 ayda ticarət dövriyyəsinin həcmi 60 faiz artıb”
Elxan Şahinoğlu əlavə edir ki, ümumiyyətlə Qərb ölkələri İrana qarşı sanksiyaları ləğv etdikdən sonra Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıqda inkişaf sezilir. “Misal üçün iki ölkə arasında son 11 ayda ticarət dövriyyəsinin həcmi 60 faiz artıb. Üstəgəl İran Azərbaycanda bir neçə iri layihə reallaşdırmaq – zavod və fabriklər inşa etmək istəyir. Azərbaycanın Neftçala şəhərində avtomobil zavodunun inşası davam edir, Pirallahıda birgə dərman istehsalı zavodunun təməlqoyma mərasiminə isə hazırlıq gedir. 2017-c ildə iki ölkə arasında iqtisadi əməkdaşlığın sürətlənəcəyi haqqında da rəsmilər optimist fikirlər söyləyirlər. Azərbaycan hökuməti İrandan Azərbaycana turist axınının artacağına da ümidlidir. Əgər bunun üçün keçmiş illərdə viza sadələşdirilməsi tələb olunurdusa, hazırda bu proseduru ASAN-viza xidməti vasitəsilə 3 gün ərzində internet üzərindən həyata keçirmək mümkündür.
Mahmud Vaezi dekabrın 27-də prezident İlham Əliyevlə görüşdə dedi ki, İran prezidenti Azərbaycanla əlaqələrin 2017-ci ildə də inkişafı məqsədi ilə ona yol xəritəsinin hazırlanmasıyla bağlı tapşırıq verib. Görünür, bu “yox xəritəsində” Azərbaycanla əməkdaşlığın konkret istiqamətləri göstəriləcək.
“Dehqaninin açıqlaması Azərbaycanın daxili işlərinə qarışmaqdır»
Politoloq qeyd edir ki, əslində Vaezi çıxışında problemlərin varlığına işarə etdi. “Məsələn məlum oldu ki, Tehran bank sektorları arasındakı əlaqələri genişləndirmək istəyir. Görünür, bu əlaqələrin həcmi Tehranı qane etmir və ya İran Azərbaycanla torpaqların müştərək şəkildə istifadəsi imkanlarını müzakirə edilməsində maraqlıdır. Bu da çox ciddi təşəbbüsdür ki, rəsmi Bakı buna dərhal müsbət cavab verə bilməz.
Rəsmi Bakı da Tehranla iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır və mümkündür ki, Mahmud Vaezinin Bakıda söylədiyi “cüzi probemlər” yaxın müddətdə həllini tapsın. Ancaq rəsmi Bakı İranın rəsmi və dini dairələrinin Azərbaycanın daxili işlərinə qarışmasını istəmir. Məsələn, Mahmud Vaezinin Bakıda olduğu gün İranın müdafiə naziri Hüseyn Dehqanın müsahibəsi dərc olunub. Həmin müsahibədə İranın müdafiə naziri deyib ki, Tehran “İsrailin Azərbaycandakı iştirakına dözə bilməz” və guya İsrail Azərbaycanla İran arasındakı münasibətləri pozmaq istəyir.
Bu növbəti dəfə İran rəsmisinin Azərbaycanın daxili işlərinə qarışmasıdır. Bu cür açıqlamalar Mahmud Vaezinin fəaliyyətini də çətinləşdirir. Çünki, Vaezi bir tərəfdən Azərbaycanla əlaqələrin inkişafına, ortaq layihələrin reallaşmasına çalışarkən, iranlı bir başqa məmur bu əməkdaşlığa kölgə salan açıqlama verir ki, nəticədə rəsmi Bakı qonşu dövlətlə münasibətlərdə ehtiyatlı mövqeyinə qayıdır. Buna baxmayaraq, İranın müdafiə naziri eyni müsahibədə bu sözləri də deyib: “İsraillə əməkdaşlıq Azərbaycanın qərarıdır və biz buna qarşı çıxa bilmərik”. Yəni İranın müdafiə naziri hər halda onu da anlayır ki, müstəqil Azərbaycanın siyasətinə təzyiq etmək düzgün deyil”.

Rəşad VAQİFOĞLU, “Bizim Yol”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85228

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2017
BE ÇA Ç CA C Ş B
« Dek    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031