RAİ Rusiya-Azərbaycan münasibətlərinə dair tədbir keçirdi

17.07.2019 - 15:50

Anar Həsənov: “RAİ bəyanatlarla deyil, həyata keçirdiyi müsbət işləri ilə gündəmdə olacaq”

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) təşəbbüsü ilə “Rusiya Azərbaycan münasibətlərində diaspor vacib amil kimi: KİV-in rolu və müasir proseslər” adlı tədbir keçirilib.

Musavat.com xəbər verir ki, ictimai-siyasi xadimlər, alimlər, ekspertlər, media və QHT nümayəndələrinin qatıldığı tədbirdə Rusiya-Azərbaycan münasibətlərinin mühüm aspektləri müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov konfransın məqsədləri haqqında ətraflı məlumat verib. O, Rusiyada yenidən təşkilatlanma mərhələsində olan Azərbaycan diasporunun fəaliyyətində medianın mühüm rol oynadığını qeyd edib:

“Rusiyadakı regional diaspor təşkilatları yekdilliklə xeyriyyəçi iş adamı, 30 ildən çoxdur ki, diaspora fəaliyyəti ilə məşğul olan Fizuli Məmmədovu Rusiya Azərbaycanlıları İttifaqının sədri seçdilər.

Rusiyanın bır sıra dövlət rəsmiləri Azərbaycan haqqında artıq müsbət mesajlar səsləndirirlər. Bu, belə də olmalıdır. Ancaq əsas məsələ Rusiya vətəndaş cəmiyyətinin də Azərbaycan haqqında münasibətinin müsbətə doğru dəyişməsinə nail olmaqdır. Biz bu istiqamətdə çalışırıq. Rusiya telekanallarına çıxa bilən azərbaycanlı ekspertlərin sayı artmalıdır. Buradakı görüşlərimizdə də bunun zəruriliyini bizə açıq şəkildə bildirirlər. Bizim çox güclü insan kapitalımız və potensialımız var. Ona görə də, hesab edirəm ki, yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq. Biz Rusiya telekanalları ilə görüşlər keçiririk. Görüşlərin əsas məqsədi odur ki, Rusiya teleməkanında ekspert kimi təmsil olunan azərbaycanlıların sayı çox olsun. Bu ekspertlər Rusiyanı dərindən bilən insanlar olmalıdır. Onlar Azərbaycan adına müsbət dividentlər gətirməlidirlər. Belə adamlarımız da var”.

A.Həsənov bildirib ki, Rusiya Azərbaycanlıları İttifaqı Rusiyanın 56 regionunu əhatə edir:
“Bu proses davam edir. Ümid edirik ki, yaxın zamanlarda təşkilat rəsmi qeydiyyatdan keçəcək və bunu yüksək səviyyədə qeyd edəcəyik. Rusiya Azərbaycanlıları İttifaqı zərurətdən doğdu. İki ay ərzində biz Rusiyada həm ictimai, həm də mədəni tədbirlər həyata keçirmişik. Tədbirlərimizdən ən vacibi deyərdim ki, Rusiyanın tarixi otellərindən birində biz, Respublika günümüzü qeyd etdik. Həmin tədbirdə Rusiyanın Dövlət Dumasının deputatları, ekspertləri, Federasiya Şurasının ekspertləri iştirak etdilər. Eyni zamanda Moskva şəhərində qeydiyyatdan keçmiş diaspora təşkilatlarının rəhbərləri də həmin tədbirə qatıldılar. Biz həmişə deyirik ki, Azərbaycanın ünvanına daha çox Rusiyadan rəsmilər xoş sözlər ünvanlayırlar. Bu, belə də olmalıdır. Ancaq bizim məqsədimiz odur ki, həm də vətəndaş cəmiyyətindən ölkəmizə bu cür mesajlar ünvanlansın. İstəyirik ki, Rusiyanın vətəndaş cəmiyyəti ilə çox sıx əlaqədə işləyək. Bu da bizim fəaliyyətimizin istiqamətlərindən biridir. Diaspora çox vacib amildir. Bunu biz qonşularımızın da fəaliyyətində görə bilərik. Qarabağ məsələsi bizim üçün milli-mənəvi dəyər məsələsidir. Çalışırıq ki, bu həqiqətləri Rusiya xalqına çatdıraq”.

Anar Həsənovun sözlərinə görə, RAİ bəyanatlarla deyil, həyata keçirdiyi müsbət işləri ilə gündəmdə olacaq.

Çıxış edən Slavyan Universitetinin Jurnalistika fakültəsinin dekanı Şəhla Həsənova çıxış edərək diaspor fəaliyyətinin olduqca vacib olduğunu vurğuladı.

“Digər xalqlara həqiqətlərimizi aşılamaq üçün, özümüz bu faktları dərindən bilməliyik. Hər şey insan amilindən başlayır. Diaspora fəaliyyətində də elə insanlar olmalıdır ki, onlar Rusiya ilə sıx təmasda olub, Azərbaycanın Rusiya üçün maraqlı tərəflərini göstərə bilsinlər”.

Tədbirdə çıxış edən deputat Aydın Hüseynov Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində diaspora təşkilatlarının mühüm rol oynadığını vurğuladı. O, söylədi ki, ermənilər Rusiya məkanında olduqca aktivdirlər:

“Diaspor təşkilatlarının fəaliyyətinin əsas istiqamətlərindən biri də mövcud olduqları ölkələrlə Azərbaycan arasında münasibətlər qurmaq, qarşılıqlı əlaqələrin genişləndirilməsinə töhfə verməkdir. Bildiyiniz kimi, ermənilərin xarici ölkələrdə güclü lobbiləri var. Onlar çalışırlar ki, yaşadıqları ölkələrin Azərbaycanla münasibətlərini korlasınlar. Diaspora təşkilatlarımız həm də erməni lobbisinə qarşı ardıcıllıqla mübarizə aparmalıdır”.

Tədbirdə eyni zamanda teleaparıcı Turan İbrahimov da çıxış edərək, diaspor fəaliyyətinin ölkələr üçün vacibliyindən danışdı.

Tədbirin sonunda Rusiya Azərbaycanlıları İttifaqının təşəbbüsü və maliyyə dəstəyi ilə fəaliyyətə başlayan Azunion.org saytı da təqdim olundu.

“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129678

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930