Azərbaycan Prezidentinin daha bir hadisə kimi müsahibəsi

24.10.2020 - 10:34

İlham Əliyevin Yaponiyanın məşhur nəşrinə müsahibəsi dünyaya və xalqa mühüm mesajlarla zəngindir

Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın məşhur “Nikkei”  qəzetinə müsahibəsi Qarabağ məsələsində hazırkı duruma tam aydınlıq gətirən fikirlərlə zəngindir. Bu barədə “Yeni Müsavat”a şərhində politoloq Qabil Hüseynli bildirib.

Qabil Hüseynli qeyd etdi ki, Prezident ATƏT-in Minsk Qrupunun həmsədrləri olan üç  ölkənin paytaxtlarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərinin keçirilməsinin təbii olduğunu bildirib. Prezident müsahibəsində ölkəmizin ədalətli mövqedə olduğunu çox ciddi arqumnetlərlə bir daha bəyan edib: “ABŞ, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk Qrupunun üç həmsədr ölkələridir. Xarici İşlər nazirlərinin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır. Cənab Prezident bunları qeyd etdikdən sonra bildirir ki, əlbəttə ki, indi vəziyyət dəyişmişdir. Həqiqətən də artıq vəziyyət dəyişib.  Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir”.

Politoloq hesab edir ki, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilər: “Bu növ görüşlər əvvəllər də olub. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaq. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri ”Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də Azərbaycan Ermənistan hökumətinə sübut etməli idi ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Azərbaycan onların cəzasını yerində verir, əraziləri azad edir, demək olar ki, hər gün Azərbaycan Prezidenti Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri xalqa elan edir”.

 

Q.Hüseynli qeyd etdi ki, atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər: “Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Onlar hərbi mövqelərimizə hücum edirlər. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar: ”Cənab İlham Əliyev tamamilə düzgün olaraq bəyan etdi ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Onlar ikinci dəfə atəşkəsi pozandan sonra Zəngilan şəhəri və bir çox kəndlər azad edildi. Atəşkəs humanitar zəmində elan olunub. Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu, Azərbaycan və  Minsk qrupu tərəfindən rədd edilib”.

Politoloq onu da dedi ki, yerdə qalan əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki, danışıqlar başlaya bilər: “Beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına Azərbaycan və Ermənistan razılıq verməlidir. Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissədir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı da Azərbaycanın birmənalı mövqeyini bəyan edib. Prezident əsaslandırıb ki, bu məsələ sonuncu hissə olduğu üçün Azərbaycan danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməyib. İndi döyüş əməliyyatlarının aktiv fazasıdır. İlham Əliyev konkret sual qoydu ki, bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü Azərbaycan deməlidir. Beləliklə, Prezident cavabını gözləyən sualları qoyub. Bu suallara aydın cavab olmadan mənə elə gəlir müşahidəçi və ya sülhməramlı yerləşdirilməsi məsələsi açıq qalacaq”.

 

Q.Hüseynli bildirdi ki, Azərbaycan Prezidentinin Minsk Qrupunun 30 il ərzində heç bir nəticə əldə etmədiyini müsahibədə dilə gətirməsi də Minsk Qrupunun fəaliyyətinə verilən qiymətdir: “Prezident çox düzgün qeyd etdi ki, Minsk Qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə nail olunmuşdu. Böyük olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. Həmsədrlər BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin onlar özlərinin də səs verdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyi məsələsini Ermənistan qarşısında qoymayıblar. Nəticə isə məlumdur. Cənab Prezidentin Türkiyənin de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan danışıqlara artıq cəlb olunduğunu növbəti dəfə bəyan eləməsi də ciddi məsələ sayılmalıdır.  Azərbaycan Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək verir. Faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu, reallıqdır və bu, Azərbaycan üçün çox yaxşı reallıqdır. Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Bütün bu faktları sadalayan Azərbaycan lideri əsaslandırdı ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və Azərbaycan bunu möhkəm dəstəkləyir”.

Həmsöhbətimiz dedi ki, Prezidentin Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olaraq hüquqlarının qorunacağını bəyan eləməsi isə Azərbaycan dövlətinin Ermənistandan daha bir böyük fərqini nümayiş etdirmiş oldu: “Prezident bildirdi ki, ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq. 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər etnik təmizləmə həyata keçiriblər. Azərbaycan bunu heç vaxt etməyib. Hətta bu toqquşmalar zamanı eyni yolla cavab verməyib. Azərbaycan dövləti bütün bunlara baxmayaraq öz erməni vətəndaşlarının hüquqlraını qorumağa hazır olduğunu dünyaya bəyan edir. Beynəlxalq birlik monoetnik dövlət olan Ermənistanla Azərbaycanın daha bir fərqini görməlidir”.

Politoloq hesab edir ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycan xalqında bir daha əminlik yaradıb ki, Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq: “Prezident xalqın mövqeyini ortaya qoydu. Bəyan edildi ki, Azərbaycan Dağlıq Qarabağda referendum keçirilməsinə heç vaxt razılaşmayacaq. Prezidentin sözlərindən belə aydın oldu ki, danışıqlar zamanı belə bir təklif olub, lakin  Azərbaycan buna razılıq verməyib. İndiki ərazinin böyük bir hissəsinin geri alındığı bir vaxtda referendumdan söhbət gedə bilməz. Prezident öz müqəddəratını təyinetmə prinsipinin ortaya atılmasına da nöqtə qoymuş oldu. Bəyan elədi ki, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək. Bundan söhbət gedə bilməz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156534

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930