Cənubi Qafqazda gərginliyi Rusiya yaradır, yoxsa…

03.03.2021 - 09:15

Elçin Mirzəbəyli: “Rusiya Cənubi Qafqazda yeganə oyunçu deyil”

Qarabağ müharibəsi yekunlaşdıqdan sonra da Cənubi Qafqaz regionunda gərginlik nəzərəçarpacaq dərəcədə artıb. Gürcüstanla bağlı vəziyyəti izlədikdə burada birbaşa Rusiyanın əli olub-olmadığını iddia etmək olmur, amma “Gürcü Arzusu”nun lideri Bdzina İvanaşvili faktorunu nəzərə aldıqda belə bir ehtimalı gözardı etmək də olmaz.

Ermənistandakı siyasi böhranda isə Moskvanın birbaşa müdaxiləsi haqda danışmaq olar. Ermənistandakı gərginlik və siyasi böhranın isə istər-istəməz Azərbaycana da təsiri var. Məsələn, elə sülhməramlıların hər hansı bir özbaşınalığı dərhal Azərbaycanda əks-reaksiya, narazılıq yaradır.  O halda regiondakı bu gərginliklərin arxasında Rusiya dayanırsa, məqsəd nədir? Rusiya ciddi təsir dairəsində olduğu regionu niyə silkələməkdə maraqlı olsun? Qərbin necə, qismən itirilmiş hesab etdiyi regionda gərginlik yaratmaq imkanları varmı?

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək”

Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, siyasi proseslərdə zaman anlayışı daha genişdir və bu baxımdan, son 32-33 ildə Cənubi Qafqazda gərginliyin olmadığını deyə bilmərik. Əksinə, bu müddət ərzində sabit dövr çox az olub. Bu da daha çox Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrinin sayəsində baş verib. Yəni ölkəmiz öz maraqları ilə qlobal güc mərkəzlərinin maraqlarını uzlaşdıra bilib və bu prosesdən Gürcüstan da qazanclı çıxıb. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi nəticəsində isə uzun illərdən bəri dondurulmuş bir çox problemlər, ziddiyyətlər yenidən gün işığına çıxıb: “Azərbaycanın müharibədəki qələbəsinin Gürcüstanda baş verən proseslərə də təsir göstərdiyini deyə bilərik. Çünki Bdzina İvanaşvilinin ”Gürcü Arzusu” hakimiyyətə məhz Rusiya faktoru üzərindən sahiblənmişdi. Amma bu müddət ərzində nə ilhaq edilmiş ərazilərlə, nə də ölkənin digər problemləri ilə bağlı irəliləyişə nail ola bildi. Əslində Rusiyanın qəbul etdiyi qərarlardan geri çəkilməyəcəyi gözlənilən idi və bu baxımdan da “Gürcü Arzusu”nun hədəfləri elə arzu olaraq da qaldı.

Bu illər ərzində İvanaşvilinin dəstəsi Azərbaycana münasibətdə də səmimi mövqe nümayiş etdirmədi, sadəcə, reallıqla, gürcü müxalifətinin və xalqının mövqeyi ilə barışmaq məcburiyyətində qaldı. İndiki şəraitdə Gürcüstan üçün “Gürcü Arzusu”nun yaratdığı bir çox problemlər bu ölkənin manevr imkanlarını məhdudlaşdıra bilər. Məsələn, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması Gürcüstanın “yeganə tranzit ölkə” statusunu arxa plana keçirə bilər ki, bu da gürcü siyasətçilərinin baxış bucağından yanaşsaq, onlar üçün bir o qədər də əlverişli perspektiv vəd eləmir. Azərbaycan Ordusunun qələbəsi ölkəmizin üstün hərbi potensialını ortaya qoymaqla yanaşı, işğala son verilməsi nümunəsini də yaradıb. Gürcü xalqı da öz siyasi hakimiyyətindən, qarşıdakının mövqeyindən asılı olmayaraq, eyni davranışları tələb edə bilər. Bəzi gürcü siyasətçilərinin yaxın dövrdə yol verdikləri təxribatları da nəzərə alsaq, Azərbaycan Ordusunun nümayiş etdirdiyi üstün güc bu qəbildən olan bütün manevrlərə yer qoymur”.

Politoloq hesab edir ki, Ermənistanda baş verən proseslərin arxasında birmənalı şəkildə ancaq Rusiyanın dayandığını söyləmək də doğru olmazdı. Rusiya Ermənistandakı prosesləri birbaşa öz nəzarətində saxlamaq, iqtidarı da, müxalifəti də öz nüfuz müvəkkillərindən formalaşdırmaq istəyir. Amma buna nail ola bilmir: “Çünki Rusiya Cənubi Qafqazda yeganə oyunçu deyil və Moskvanın iradəsinin tam şəkildə həyata keçməsinə maneə yaradan çoxsaylı faktorlar var. Əgər Paşinyan öz hakimiyyətini aprel ayının ortalarına kimi qoruyub saxlamağı bacararsa, o zaman bu faktorların müqavimət gücünün artacağı ehtimalı daha çoxdur. Rusiyanın nə istəməsindən asılı olmayaraq, artıq bölgə həmin bölgə olmayacaq və ən azı 3-5 il ərzində ziddiyyətlərin davam edəcəyini gözləyirəm. Sülhməramlıların davranışlarına gəldikdə isə bu, Kremlin rıçaqları öz əlində saxlamaq və bizi bu qəbildən olan manevrlərə alışdırmaq cəhdlərinə daha çox bənzəyir”.

E.Mirzəbəyli qeyd etdi ki, Moskva gözlənilən sanksiyaların dalğasında ağır iqtisadi-siyasi böhran yaranacağı təqdirdə, Cənubi Qafqazdan ona təhlükə yaranmaması üçün önləyici tədbirlər həyata keçirməyə çalışır. Amma yenə də klassik səhvlərini davam etdirərək birtərəfli qaydada hərəkət edir: “Son günlər Avrasiya İttifaqının və KTMT-nin bu formatlardan kənarda qalan ölkələrin hesabına genişləndirilməsi məsələsinin Rusiyanın informasiya məkanında fasiləsiz olaraq dartışılması da sübuta yetirir ki, Kreml tələsir və Cənubi Qafqazın tamamilə nəzarətə götürülməsinə çalışır. Amma bununla yanaşı, biz Belarusun siyasi rəhbərliyi istisna olmaqla – xalqın mövqeyi bəllidir – Rusiyanın dominant rol oynadığı təşkilatlarda da mərkəzdənqaçma meyllərinin gücləndiyini görürük. Rusiyanın postsovet məkanında qəbul edilən lider dövlət olmaq imkanı hər zaman olub, amma Rusiya bu prosesə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisindən yanaşa bilməyib, ambisiyalar buna imkan verməyib.  Eyni ambisiyalı və bir az da hikkəli yanaşmalar, təəssüf ki, yenə də özünü büruzə verməkdədir. Rusiyanın postsovet məkanında lider ölkə kimi qəbul edilməsi üçün isə bu ölkə separatçı rejimləri dəstəkləməkdən əl çəkməli və keçmiş sovet respublikalarının ərazi bütövlüyünün qarantı kimi çıxış etməlidir. Bu yanaşma tərzi Rusiyanın siyasi elitasında hakim mövqeyə çevrilməyənədək postsovet məkanındakı ziddiyyətlər qalmaqda davam edəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161651

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930