“Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasından çıxmalıdır”

22.09.2017 - 10:21

Şəmsəddin Əliyev: “Bu, dövlətin daxili işinə qarışmaq deməkdir”

“Ali Məhkəmənin səlahiyytinin artırılmasına ehtiyac var”

Son illər Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanlanan şikayətlərin sayında artım müşahidə edilməkdədir. Hansı ki, Avropa Məhkəməsi ayrı-ayrı vətəndaşların dövlətimizə qarşı iddialarının böyük əksəriyyətini təmin edib, Azərbaycan məhkəmələrinin qərarlarını ləğv edərək ölkəmiz qarşısında müxtəlif miqdarda təzminat öhdəlikləri qoyub. Moderator.az getdikcə genişlənməkdə olan məlum tendensiyaya, onun həlli yollarına aydınlıq gətirmək üçün tanınmış hüquqşünas, sabiq polis rəisi Şəmsəddin Əliyevə müraciət edib:

Şəmsəddin bəy, öncə bilmək istərdik ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrası bizim üçün nə dərəcədə mütləqdir? Doğrudanmı bu qərarların hamısını qeyd-şərtsiz icra etməliyik?

-Avropa Məhkəməsinin qərarlarının icrası bizim üçün mütləq deyil. Lakin hələ ki, Avropa Məhkəməsinin qərarlarının Avropa Şurasına üzv olan hansısa dövlətlər tərəfindən yerinə yetirilməməsi təcrübəsinə də rast gəlinmir. Icranın yubanması  və yaxud icra olunmaması halları isə var və hələ çox olacaq.( Rusiyada belə hallara daha çox rast gəlinir.)  Məsələ bundadır ki, biz Avropa Məhkəməsinin qərarlarını icra etməyə  bilərik. Bunun üçün  bir məsuliyyət ,tənbeh  yoxdur. Insan hüquq və azadlıqlarının müdafiəsi 1950-ci ilin noyabr ayında Romada qəbul edilən konvensiya ilə tənzimlənir. Avropa İnsan Hüquqları Məhkəməsi də bu konvensiyadan bəhrələnərək yaranıb. Azərbaycan da artıq bu konvensiyanı tanımış, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı öhdəliyə imza atmışdır. Ancaq gəlin bir az düşünək, madam ki, belədir, onda Sovet İttifaqı ilə Avropa Şurası arasında nə fərq oldu? Biz birindən qurtulduq, SSRİ Ali Məhkəməsi, SSRİ Nazirlər Kabineti, SSRİ Ali Sovetindən canımız qurtardı. Müstəqil dövlətimizi yaratdıq. Indi isə başqa bir ittifaqın əlində girinc qalmışıq. Niyə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Azərbaycün üçün üstün hüquqi qüvvəyə malik olmalıdır? Avropa insan hüquqları məhkəməsinin qərarları keçmiş SSRİ Ali Məhkəməsinin qərarlarının icrasını xatırladır.Avropa SSRİ-nin bir az başqa tərəfidir. Ayrıca valyutası, icra və güc strukturları, parlamenti və s.var

Təbii hakimlərimiz arasında naqis qərarlar qəbul edən hakimlər də var.Onlar intizam qaydasında tənbeh də olunurlar. Amma vəziyyət dəyişmir. Avropaya şikayətlər səngimir.(təsəvvür edin vətəndaş öz dövlətini Avropa məhkəməsinə verir.Bu həm vətəndaş üçün ,həm də hakim üçün başucalığı gətirmir. Düşünmək lazımdır nə edək) Şikayətlər bəzi hakimlərin təcrübəsizliyindən, nəzəri baxımdan hazırlıqsızlıqlarından və s.-dən irəli gələ bilər. Çünki hakimlik peşəsi çox çətin peşədir. Hakimin doğru qərar verməsi üçün hüquqi bilikləri tam, dolğun şəkildə bilməsi lazımdır. Hakim vəzifəsi həm də ona görə müqəddəs sayılır ki, bu qərarlar Azərbaycan dövlətinin adından qəbul edilir. Buna görə də məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün hüquqi, fiziki şəxslər üçün məcburidir. Onların icra edilməməsi məsuliyyət yaradır.

Sizcə məlum məsələ konstitusiyada hansı şəkildə tənzimlənir? Bu barədə ölkə konstitusiyasında nə isə varmı?

-Ölkə konstitusiyasında belə bir müddəa var ki, daxili qanunlarla beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, o zaman bizim tərəfdar çıxdığımız beynəlxalq müqavilələr tətbiq edilir.  Lakin düşünürəm ki, belə bir ifadənin konstitusiyamızda yer alması xalqımızın iradəsinə uyğun deyil. Qanunlarımız kifayət qədər təkmildir. Zaman-zaman lazımi dəyişiliklər əlavələr aparılır.Konstitusiyamızın 151-ci maddəsində ehtiva edilən həmin maddənin çıxarılmasının vaxtı çatıb. Avropa məhkəmələrinin qərarları milli qanunvericiliyə zidd olmadığı hallarda qəbul edilə bilər. Bu baxımdan artıq biz Avropa İnsan Hüquqları Məhkəməsinin yuristikasından  çıxmaq barədə düşünməliyik.

Avropa Məhkəməsinin qərarları nə dərəcədə obyektivdir? Sizcə bu qərarlarda siyasi çalar, siyasi maraqlar mövcuddurmu?

-Avropa Məhkəməsinin qərarlarından bir çox hallarda bəzi dövlətlələrə,eyni zamanda Azərbaycana qarşı da  siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Azərbaycan dövlətindən şikayət edən Azərbaycan vətəndaşının tələbi təmin olunur,amma həmin qərardan narazı qalan tərəfin şikayət etmək hüququna imkan verilmir.Belə məhkəmə olar? Burada yalnız siyasi məqsəd güdülür. Bu, onu göstərir ki, Avropa Məhkəməsi hüququn bərabərlik prinsipinə əməl etmir.

Sizcə müraciətlərə 4-5 il ərzində baxılmasının özü nə dərəcədə məntiqlidir?

-Məhkəmələrin heç birində hər hansı bir işi 4-5 il icraatda saxlamaq məsələsi yoxdur. Avropa Məhkəməsində isə işə bəzən 6 ildən sonra baxırlar. Bu qədər müddətmi olar? Bizdə isə istər CPM-nə, istər MPM-ə, istər məhkəmələr və hakimlər haqqında qanunlarda bu müddət lokonik şəkildə öz əksini tapıb. Məsələn, orada dəqiq göstərilir ki, məhkəmə qərardadlarından 10 gün müddətində şikayət vermək olar. Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, Avropa Məhkəməsinin qərarından şikayət vermək mümkün deyil. Niyə? Məsələn, tutaq ki, dövlət  vətəndaşın idiasını təmin edən Avropa Məhkəməsinin qərarından şikayət etmək istəyir. Ona belə bir imkan verilmir. Bu, hüquqi məntiqə ziddir.

Necə hesab edirsiniz, Azərbaycan Avropa Məhkəməsinin qərarlarının icrasından imtina etməlidirmi?

-Rusiya prezidenti Vladimir Putin hələ 2014-cü ildə Dövlət Dumasındakı çıxışı zamanı bildirmişdi ki, Rusiya Avropa Məhkəməsi yuristikasından çıxmağa qərar verməlidir. Bunun üçün zaman yetişib.RF-nın İstintaq komitəsinin sədri ,hüquq elmləri doktoru Aleksandr Bastrıkin ölkə konstitusiyasından “beynəlxalq normalar Rusiya hüquq sisteminin ayrılmaz tərkib hissəsidir”müddəasının çıxarəlmasının zəruriliyini gündəmə gətirmişdir. Bu o deməkdir ki, bu barədə sadəcə biz düşünmürük. Bu cür düşünən dövlətlər çoxdur. Avropa ölkələrinin çoxunda İngiltərə,AFR,İtaliya və digər dövlətlər Avropa Məhkəməsinin qərarlarını qəbul etmirlər. Oradakı hakimlər işi oxumurlar. Sadəcə, məruzəçilər bu müraciətlərin tərcümə olunmuş variantını oxuyur, hakimlər də tərcümə əsasında işə baxırlar. Onlar bəzən kor-koranə qərar qəbuledirlər. Çünki bilirlər ki, onların qərarlarından şikayət vermək mümkün olmayacaq. Avropa məhkəməsinin tərkibi uzun müddətdir ki, erməni işğalçıların vandalizmi və Azərbaycan xalqına qarşı soyqırımı nəticəsində miyard manatlarla-xarici valyuta ilə dəyən maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı müraciətlərə sayğısızlıq göstərir, hərbi xuntanın cinayət məsuliyyətinə cəlb olunması üçün tribunalların təşkilində maraqlı deyil. Milyonlarla insanların pozulmuş və təcavüzə məruz qalmış hüquqlarının bərpası barədə niyə düşünmürlər? Köçəryanlar, Sarkisyanlar beynəlxalq hərbi məhkəmələrdə Nürinqberq, Ruanda və Haaqa hərbi məhkəmələrinə xas tərzdə cavab verməlidirlər. Amma biz,bunu görmürük, Avropa isə görmək istəmir. İnsan hüquq və azadlıqlarının əsl müdafiəsi və bariz nümunəsi budur.

Şəmsəddin bəy, sizcə Avropa Məhkəməsinə ünvanlanan şikayətlərin sayını azaltmaq üçün hansı addımlar atılmalıdır?

 -Avropa Məhkəməsinə şikayətlərin getməməsi üçün məhkəmələrlə bağlı islaharlar bir az da təkmilləşməlidir. Hakim peşəsinə layiq olmayan şəxslər bu vəzifədən kənarlaşdırılmalıdır.Daha çox dövlət universitetlərini,nüfuzlu ali məktəbləri bitirən hüquqşünaslara üstünlük verilməlidir.Yerliçilik,qohumluq və digər maraq doğuran prinsiplərdən çəkinmək lazımdır. Məhkəmə-Hüquq Şurası hakimlərin fəaliyyətinə nəzarət etsə də, bu nəzarət qənaətbəxş deyil. Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə nəzarət baxımından səlahiyyəti artırılmalıdır. Bu gün Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək onu yenidən baxılması üçün geri qaytarır. Apellyasiya Məhkəməsi isə yenə də eyni qərar çıxardır. Onda bunun nəyi Ali Məhkəmə oldu? Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinin aktlarından çıxardığı qərarlaırn icrası məcburi xarakter daşımalıdır. Bu qərarlar sözsüz icraya yönəlməlidir. Əgər Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını təkrar baxılması üçün geri qaytarıbsa, artıq məsələyə əvvəlkindən fərqli şəkildə baxılmalıdır. Məhkəmə-Hüquq Şurasından öncə hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə Ali Məhkəmə baxırdı. Indi  Məhkəmə-Hüquq Şurasına həvalə edilmişdir. Ali Məhkəmənin burda heç bir rolu yoxdur. Ona görə də Ali Məhkəmənin qəbul etdiyi qərarları Apelyyasiya Məhkəmələri qulaqardına vururlar. Çünki onların tənbeh edilməsi ilə bağlı səlahiyyət Ali Məhkəmədən alınaraq Məhkəmə-Hüquq Şurasına verilib. Məhkəmə-Hüquq Şurasının tərkibində isə elə  şəxslər var ki, onlar toxunulmazlıq hüququna malik deyillər. Halbuki, Məhkəmə-Hüquq Şurasına daxil olan şəxslərər – hakimlərə, vəkillər və s. qanun toxunulmazlıq hüququ verir. Ölkə konstitusiyasında  isə  qeyd edilir ki, toxunulmazlıq hüququ yalnız hakimlərə, millət vəkillərinə, ombudsmana, baş prokurora, baş nazirə və prezidentə verilir. Burada başqa personalar yoxdur. Orada demir ki, Məhkəmə-Hüquq Şurasına daxil olan bütün şəxslər toxunulmazlıq hüququna malikdirlər. Burada da bir boşluq var. Bu məsələlərə yenidən baxmağa ehtiyac var. Hesab edirəm ki, Ali Məhkəmənin səlahiyyətinina artırılmasına ehtiyac var. Çünki Respublika Ali Məhkəməsində kifayət qədər peşəkarlığı, nəzəri və hüquqi erudiyasına görə fərqlənən hüquqşünaslar var. Bu, mənim sübyektiv mülahizələrimdir.

Sizcə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar zamanın tələbinə cavab verirmi?

-Cəmiyyət dəyişdikcə hüquq sahələrində də dəyişikliyə zərurət yaranır, cinayətlərin də növləri dəyişir. 25 il bundan qabaq bir dələduzluq faktı vardısa, indi 4 mindən çox dələduzluq faktı qeydyyata alınır. Korrupsiya, insan alveri cinayətləri var. 25 il bundan qabaq isə bu cinayət növlərindən söhbət belə gedə bilməzdi. Deməli, biz də dəyişən cəmiyyətə uyğun şəkildə dəyişməli, bu islahatları məlum dəyişikliklərin ruhuna uyğun şəkildə həyata keçirməliyik. Niyə bizim məhkəmələrin qərarlarından Avropa Məhkəməsinə şikayət olunmalıdır? Bu, ağrılı bir haldır. Bunun olmaması üçün ciddi islahatlar həyata keçirməliyik. Avropa Məhkəməsinin qərarlarının Azərbaycanda birmənalı şəkildə realizə edilməsi bir növ ölkəmizin, habelə oxşar münasibətə məruz qalan digər dövlətlərin daxili işinə qarışmaq deməkdir. Beynəlxalq hüququn 10 prinsipi var. Oradakı mühüm prinsiplərdən biri də dövlətlərin daxili işlərinə müdaxilə etməyin yasaqlanmasıdır. Bu, qəti şəkildə qadağan olunur. Lakin Avropa Məhkəməsi hərəkətləri ilə  bu prinsipləri pozur.

-Məhkəmə sistemində hansı yeniliyin tətbiqini bu gün üçün zəruri hesab edirsiniz?

Mən hakim deyiləm,amma hesab edirəm ki,məhkəmələrin fəaliyyətinə nəzarəti məhkəmə hüquq şurası yox,Ali məhkəmə həyata keçirməlidir.Diqqət yetirin,hakimlərin ştat üzrə say tərkibini Məhkəmə hüquq şurası müəyyən edir.Hüquqi məntiqə sığmır. Ali Məhkəməyə əlavə səlahiyyətlər verilməlidir. Ali Məhkəmə Avropa Məhkəməsinə gedən hər bir işi dərindən öyrənməli, əgər orada doğrudan da hakim səhlənkarlığı , naqisliyə aparan yol varsa, o zaman həmin hakimin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmalıdır. Hakimlər öz vəzifələrinə başlamazdan öncə vətənə sədaqət ruhunda and içirlər. Bu, konstitusyon vəzifədir. Vətənə sədaqətsizlik gösərməyin özü cinayət məsuliyyəti yaradır. Əgər hakim andına sadiq qalmayıbsa, şəxsi maraqlarına, dost-qohum maraqlarına üstünlük  veribsə, ictimai marağa dirsək göstəribsə, dövlətin ona etibar etdiyi yüksək vəzifəyə dönük çıxıbsa, belə hakimləri vəzifədə saxlamaq olmaz. Bunu aşkar etmək isə o qədər də çətin deyil. Korrupsiya hallarının, eyni zamanda arzuolunmaz qərarların qarşısını almaq üçün hakimlərin sosial durumunda ciddi dəyişikliklər edilməli, əmək haqları beş dəfə artmalı, mənzil, avtonəqliyyat vasitələrilə təmin olunmalı, dəftərxana ləvazimatlarını belə kənardan almamalıdır. Bir sözlə, hakimin heç nəyə ehtiyacı olmamalıdır. O, zabitəli və elit həyat sürməlidir. Belə olarsa, bizim hakimlərin işlərində prosesual qüsurlar da az olar.

Hər bir hakim alturist vətəndaş olmalıdır. Hakim öz şəxsi maraqlarına  üstünlük verə bilməz. Yalnız ictimai və dövlət maraqlarını üstün tutmalıdır. Hakim öz qərarlarını dövlətin adından verir. Əgər hakim bu məsuliyyəti dərk edərsə, onu heç bir şəkildə ələ almaq olmaz. Çünki bir hakimin ələ alınması dövlətin məhkəmə sisteminə vurulan ən ağır zərbədir.

Seymur Əliyev

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99554

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930