Müdafiə Nazirliyi bəzi media orqanlarının rəhbərlərilə nədə anlaşıb?
Görüşdə tənqidçi medianın nümayəndələri iştirak etməyib
Iyulun 18-də Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə
təşkilatçılığı ilə bir sıra media qurumlarının nümayəndələrilə görüş
keçirilib. Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbirdə ordu və
media arasında qeyri-rəsmi anlaşma olub. Anlaşmaya əsasən, bundan sonra
milli maraqlar və dövlətçilik əleyhinə dəqiq olmayan məlumatlar
mətbuatda getməyəcək.
Müdafiə Nazirliyinin idarə rəisi, polkovnik Rauf Kişiyev, polkovnik
Rüfət Əmirov və mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı media ilə
əlaqələrin qurulması məsələləri barədə fikirlərini bölüşüb və qonaqları
maraqlandıran suallara aydınlıq gətirib.
Məlumat üçün bildirək ki, 10-dək qəzet və internet portalının
rəhbərlərinin qatıldığı tədbirdə televiziya və radiolar iştirak etməyib.
Müxalifyönlü qəzetlərin rəhbərləri dəvət olunsalar da, tədbirə
qatılmayıblar.
Bu xəbər sosial şəbəkələrdə jurnalistlərin marağına səbəb olub. Kimi
görüşü müsbət addım kimi xarakterizə edib, kimisi isə bunun əksini
yazıb. Tənqid edənlərin əksəriyyəti düşünür ki, Müdafiə Nazirliyinin
belə bir görüş keçirməsinin əsas məqsədi mətbuatda onlar barədə gedən
yazıları dayandırmaqdı.
Görəsən, nədən müxalifyönlü və müstəqil qəzetlər görüşdə iştirak etməyib? Həqiqətənmi onlar gələn dəvətdən imtina ediblər?
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, Müdafiə Nazirliyindən heç kim onları tədbirə dəvət etməyib.
“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev özünün “facebook” səhifəsində görüşlə bağlı bunları yazıb: “Saytlardan
birində oxudum ki, redaktorlar Müdafiə Nazirliyi ilə gizli anlaşıb, nə
bilim, razılığa gəlib və s. Mənə də maraqlıdır, onlar nə barədə anlaşıb.
Çünki orda iştirak etməmişəm. Izlədiyim qədər şablon bir görüş olub.
Bəli, Müdafiə Nazirliyinə zəng edəndə zəngə cavab veriləcək, zəng
edənlər də əldə etdikləri məlumatı yazmazdan əvvəl ora zəng edəcəklər.
Bu gürüşün bir nəticəsi odur ki, jurnalistlərlə ordunun mətbuat xidməti
daha çox zəngləşəcək. Zənglərə verilən şablon cavablar da ki, əvvəlcədən
məlumdur. Qəbul edirəm ki, ordu həssas mövzudur. Amma mənim üçün
maraqlıdır ki, onlar nədə anlaşıblar – ordudakı korrupsiyadan, əsgər
ölümlərindən, əsgərlərə qarşı işgəncə faktlarından və sair yazılmayacaq o
media orqanlarında? Əksəriyyəti onsuz da yazmırdı. Daha bununla bağlı
nə anlaşma? Həm də Kərim Vəliyev yox, Zakir Həsənovun özü görüşməlidir
media ilə. Və gerçəkdən problemlər qaldırılmalıdır o görüşdə. Daha
yığışıb bir-birimizi tərifləməyin nə mənası var?”
Short URL: http://www.cumhuriyyet.net/?p=10016