Neft Fondu gəlirlərinin 80 faizini xərcləyib
Məhəmməd Talıblı: “Bu cür sürətli xərclənmə vəsaitin tükənməsinə aparır”
Dövlət Neft Fondunun (DNF) 2014-cü ilin yanvar-iyun ayları ərzində
büdcə gəlirləri 6,493 milyard manat, büdcə xərcləri isə 5,163 milyard
manat təşkil edib. Xərclərin təqribən 79,5 faizi xərclənib. DNF-nin
yaydığı hesabatda bildirilir ki, ilin ilk altı ayı ərzində Fondun neft
və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6,374 milyard
manat təşkil edib. Bu ilin yanvar-iyun tarixləri ərzində Neft Fondunun
vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirləri isə 118,8 milyon
manat olub (“Bizim yol”).
Hesabata görə, Neft Fondunun 2014-cü il büdcəsinin icrası
çərçivəsində 4,883 milyard manat vəsait dövlət büdcəsinə transfert
edilib.
2014-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 26,2 milyon manat təşkil edib.
2014-cü ilin ilk altı ayı ərzində valyuta məzənnələrinin
dəyişməsindən yaranan fərq üzrə Fond 6,5 milyon manat gəlir əldə edib.
Burada qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun
büdcədənkənar gəlirləri 78,1 milyon manat, ABŞ dolları, avro, ingilis
funt sterlinqi və digər valyutaların dəyişməsindən dəyən zərər isə 71,6
milyon manat olub.
Neft Fondunun gəlirləri gələcək nəsillər üçün nəzərdə tutulsa da, biz
hazırda fərqli mənzərəni müşahidə edirik. NF əldə etdiyi gəlirlərin,
demək olar, hamısını ya büdcəyə transfertlər, ya da birbaşa investisiya
lahiyələrinə yönəltməklə xərcləyir.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, NF-nin
aktivlərinin idarə olunması hazırda aşağı faizlərlə həyata keçirilir.
NF-nin vəsaitlərinin gələcək nəsillərə saxlanılması ilə bağlı əvvəlki
bəyanatlara hazırda riayət edilmədiyini deyən M.Talıblı vurğuladı ki, bu
formada xərcləmə ondan xəbər verir ki, neft gəlirlərinin sürətlə
xərclənməsi kursu götürülüb: “Əvvəlki illərlə bağlı müqayisə aparsaq
görərik ki, Neft Fondunun illik gəlirlərinin 97 faizi həmin il ərzində
xərclənir. Bu cür sürətli xərclənmə vəsaitin tükənməsinə aparır.
Aktivlərin idarə olunması isə hazırda yüksək faiz gətirmir. Hətta bəzi
illərdə bu heç bir faizə çatmır. Ölkədəki komerssiya bankları isə
maliyyə vəsaitinin tapılması üçün xarici banklara müraciət edirlər. Bu
isə ölkədəki faiz dərəcələrinin yüksəlməsinə səbəb olur”.
M.Talıblı hesab edir ki, NF-nin aktivlərinin hazırda idarə olunması
siyasəti tamamilə yanlışdır. “Eyni zamanda əldə olunan gəlirlərin
sürətlə xərclənməsi və düzgün idarə olunmaması gələcək nəsillərin
ehtiyaclarının qarşılanmasında effektiv olmayacaq. Çünki Neft Fond ölkə
iqtisadiyyatını post neft dövrünə hazırlamalı idi. Bu dövr isə
qeyri-neft sektorunun inkişafına vəsaitlər tələb edəcəkdi. Neft
gəlirlərinin aşağı düşdüyü bir zamanda Neft Fondunun vəsaitlərinin
tükənməsi ciddi fəsadlar yarada bilər”, deyə M.Talıblı vurğuladı.
Short URL: http://www.cumhuriyyet.net/?p=10018