Hakimiyyət Avropanın enerji proyektindən qaça bilməyəcək
Vəfa Quluzadə: “Avropa Birliyinin enerji siyasəti Qərbin
ilkin maraqlarındandır və Azərbaycanın bu layihələrdə iştirakı bizim
mənafeyimizə uyğundur”
ABŞ Konqressi Rusiyanın təcavüzünün qarşısının alınması haqqında
qanun layihəsini ikinci oxunuşda qəbul etməsi maraqlı situasiya yaradıb.
Konqress ABŞ prezidentinə bir sıra keçmiş sovet ölkələrinin, o sıradan
Azərbaycanın təhlükəsizliyini təmin etməsi üçün addımlar atmağa çağırır.
Bu isə artıq yaranmış situasiyada Rusiya ilə ABŞ-ı iki əks-düşərgə kimi
üz-üzə qoyur. Baş verənlərin fonunda cərəyan edən digər hadisələr də
maraq doğurur.
Belə ki, bir müddət əvvəl Qərbi Balkan ölkələrinin liderləri Avropa
Birliyinin enerji siyasəti prinsiplərinə əməl etməklə bağlı öhdəlik
götürüblər. Almaniya kansleri Angela Merkelin altı Balkan ölkəsinin
lideri ilə son görüşü Avropa Birliyinin enerji siyasətinin müəyyən
edilməsindəki prioritetləri ortaya qoydu. Görüşdən sonra Qərbi Balkan
ölkələri Rusiyanın mövqeyinə zidd olan Avropa Birliyinin enerji siyasəti
prinsiplərinə tərəfdar olduqlarını bildiriblər.
Onu da xatırladaq ki, bu açıqlamalar Böyük Britaniyanın energetika
naziri Maykl Fallon Bakıda səfərdə olarkən verdiyi mühüm bəyanatlarla
üst-üstə düşür. Britaniyanın “Tranxəzər” layihəsini aktiv formada
dəstəklədiyini deyən nazir vurğulamışdı ki, Qərb bu istiqamətdə hətta
Rusiyanın hədələrinə də qarşı durmağa hazırdır. Bütün bu mənzərəni
Avropa Birliyinin komissarı Ştefan Fülenin açıqlaması tamamlayır. Füle
Rusiyanın “Cənub axını” layihəsinin Avropa Birliyi üçün tam yararsız
olduğunu bəyan etməklə yanaşı Rusiyanın ünvanına sərt mesajlar da
ünvanlamışdı. Artıq açıq şəkildə görünür ki, beynəlxalq aləm Azərbaycanı
Avropanın enerji təhlükəsizliyi siyasətində mühüm halqa sayır. Belə
olan halda artıq Azərbaycanın beynəlxalq aləmin bu təpkisinə qarşı uzun
müddət duruş gətirəcəyi inandırıcı deyil.
Politoloq Vəfa Quluzadə hesab edir ki, əslində
Rusiyanın hazırda atdığı addımların fonunda Avropada olduqca təhlükəli
durum yaranıb. Putinin hazırda atdığı addımları və Avropanın baş
verənlərə qeyri-adekvat yanaşmasını Hitlerin hakimiyyətə gəlməsi ilə
müqayisə edən V.Quluzadə bildirdi ki, ümumiyyətlə, SSRI dağıldıqdan
sonra Qərbin Rusiyaya yanaşması sərt xətt üzrə inkişaf edib: “Rusiya
hazırda itirilmiş mövqelərini bərpa etməklə məşğuldur. Atılan addımlar
SSRI-nin keçmiş sərhədlərini bərpaya hesablanıb. Qərb bu reallığı nə
qədər tez anlasa, situasiyadan çıxış yolu bir o qədər tez tapılar”.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyi layihələrində iştirakına
gəlincə, V.Quluzadə bildirdi ki, Qərbin təminatları ciddi və əsaslı
olarsa, o zaman Azərbaycanın milli maraqları Qərbə bu istiqamətdə dəstək
verməyi tələb edir. Hazırda Rusiyaya qarşı atılan addımların yalnız
bəyanatlardan ibarət olduğunu deyən V.Quluzadə düşünür ki, Rusiyaya
qarşı sanksiyalarla yanaşı bu dövlətin Ukraynanı tam tərk etməsi üçün
sərt addımlar atılmalıdır: “Avropa Birliyinin enerji siyasəti Qərbin
ilkin maraqlarındandır və bu maraqlar reallaşacaq. Ona görə Azərbaycanın
bu layihələrdə iştirakı bizim maraqlarımıza uyğundur. Amma biz bu
addımı atmamışdan öncə təhlükəsizliyimizə tam əmin olmalıyıq. Belə bir
təminat olmayınca Azərbaycanın bu layihələrə qoşulması heç bir nəticə
verməyəcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10020