Milli Mətbuat Günündə milli mətbuatın nə gündə olduğunu da unutmayın!
Hökumətyönlü medianın yalanları və gerçək mənzərə…
Dünən Milli Mətbuat günü idi. Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin
nəşrə başlamasıyla əsası qoyulan mətbuatımız ötən 139 ildə
enişli-yoxuşlu bir yol qət edib. Ancaq mətbuatın durumu heç zaman son
illərdəki qədər acınacaqlı olmayıb. Görünən budur ki, media, xüsusən də
yazılı KIV-in vəziyyəti qarşıdakı aylarda daha da pisləşəcək. Tənqidçi
medianı Azərbaycan hakimiyyəti birmənalı şəkildə qəbul etmir. Hökumət
onu tənqid edən media qurumlarını ya satın alır, ya da müxtəlif təzyiq
üsullarıyla susdurur. Susmayanları isə cəzalandırır. Kimisini həbs edir,
kimisini döydürür, kimisini də…
Təsadüfi deyil ki, son illərdə beynəlxalq təşkilatların hesabatında
Azərbaycan hökuməti “mətbuatın düşmənləri” sırasında yer alır. ATƏT-in
sərhədləri çərçivəsində hazırda məhbəsdə ən çox jurnalisti olan ölkə
məhz Azərbaycandır.
Hökumət isə “hər şey yaxşıdır” deyib, onu tərifləyənlərə imkanlar
yaradır, tənqidçilərini isə hər addımda vurur. Şəhərin gözəlləşdirilməsi
adı altında köşkləri dəyişdirir və yeni “Press Kiosk”lara elə yer haqqı
tətbiq edir ki, satıcılara qəzet satmaq sərf etmir. Metro
stansiyalarında “terrorun qarşısını almaq” bəhanəsilə qəzet satışı
yığışdırılır, rayonlara qəzet aparılması üçün şərait yaradılmır. Ölkənin
əksər kəndlərində köşklər yoxdur.
“Azadlıq”a edilən basqılardan, hücumlardan isə ümumiyyətlə, danışmağa dəyməz. Dəyərli oxucular bizim problemlərimzidən halidi…
Sadaladıqlarımız mətbuatın problemlərinin çox cüzi hissəsidir. Buna
baxmayaraq, hökumətyönlü media Azərbaycanda Milli Mətbuat Günü haqda
başqa fikirdədir.
Yeni Azərbaycan Partiyasının rəsmi mətbu orqanı olan “Yeni
Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qəzetin dünənki
sayında “Milli mətbuatımız heç vaxt indiki qədər azad, müstəqil və
təminatlı olmayıb” başlığıyla iri həcmli yazı dərc etdirib, hökumətin
“qayğı”sından bəhs edib.
Başqa bir hökumət qəzeti – Milli Məclisinin orqanı olan “Azərbaycan”
qəzetində də baş redaktor, həm də deputat olan Bəxtiyar Sadıqov “Mənim
evim var!” adlı yazı çap edib. Materialda yalnız jurnalistlərə verilən
evlərdən bəhs edib.
Hər iki baş redaktorun yazısında ölkədə tənqidçi mediaya qarşı açılan savaşdan bir kəlmə də söz açılmayıb.
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev
“moderator.az”a açıqlamasında milli mətbuatın son bir ildəki vəziyyətini
xarakterizə edib. Mətbuatdakı mövcud durumun bu müddətdə daha da
pisləşdiyini vurğulayan M.Əliyev bütün təhlillərin bunu təsdiqlədiyini
bildirib: “Son bir ildə mətbuatın durumu yaxşılaşmayıb, əksinə, daha da
pisləşib. Bu sahədə ciddi geriləmələr var. Istər mediaya göstərilən
təzyiq, istər jurnalistlərin həbsi, istər mətbuatın maddi baxımdan
durumu və s. bunu göstərir. Mən bunu kimliyindən asılı olmayaraq, ölkə
rəsmilərindən istənilən şəxsə debatda isbatlamağa hazıram. Əgər kimsə
bunun əksini iddia edirsə, o zaman onunla debatda üz-üzə gələ bilərik.
Hazırda bununla bağlı geniş bir məqalə də yazıram və yəqin ki, yaxın
vaxtlarda dərc olunacaq”.
Tanınmış jurnalist Şahvələd Çobanoğlu isə “facebook” sosial
şəbəkəsində bayramla bağlı bunları yazıb: “…”Əkinçi”nin getdiyi
kəndlərə indi qəzet getmir. …Jurnalistlərə ev verilir, qəzet evləri –
köşklər isə sökülür. Milli Mətbuat gününü yada salanda milli mətbuatın
nə gündə olduğunu da unutmayın”.
Ramin DEKO
Short URL: http://www.cumhuriyyet.net/?p=10022