Gəncə sakini "Bank of Baku"dan şikayətçidir
“Bank of Baku” müştərilərdən daha çox pul qoparmaq üçün ən müxtəlif yollara əl atır”

Gəncə şəhər sakini Vaqif Sadıqov redaksiyamıza göndərdiyi məktubda
bank tərəfindən aldadıldığını bildirir. V.Sadıqov məktubunda qeyd edir
ki, qızı xaricdə təhsil almaq üçün 2013-cü ilin aprel ayında “Bank of
Baku”nun Gəncə filialından 1000 manat kredit götürüb. V.Sadıqov qeyd
edir ki, kredit borcunu vaxtından əvvəl 2013 cü ilin dekabr ayında
ödəyib: “2013-cü ilin dekabr ayında kredit borcunu artıqlaması ilə
ödədim. Ümumilikdə banka 1200 manat pul ödəmişəm.
Buna baxmayaraq bank qızımın olmayan borcunun üstünə faizlər gələrək
artıq 200 manat əlavə borc yazıb”. V.Sadıqov məktubunda bildirir ki,
üzləşdiyi haqsızlıqla bağlı “Bank of Baku” ASC-nin idarə heyətinin
sədrinə 4 məktub yazıb: “Mən 27 noyabr 2013, 4 dekabr 2013 və 30 iyun
2014-cü il tarixlərində bankın idarə heyətinin sədrinə yazdığım
məktublara cavab verilmir. Bankın qaynar xətti ilə əlaqə saxladım
məsələyə baxacaqlarını söz versələr də vədlərinə əməl etmədilər. Sonuncu
məktubumu bu günlərdə poçt vasitəsi ilə göndərdim. Bankın məqsədi
məndən daha çox pul qoparmaqdır. Mən bank qarşısında bütün öhdəliklərimi
yerinə yetirmişəm.
Vaxtından əvvəl ödənişi tam şəkildə vermişəm. Görünür, bank daha çox pul qazanmaq arzusundadır”.
Məsələ ilə bağlı “Bank of Baku” ilə əlaqə saxlamaq cəhdlərimiz
alınmadı. Bankın qaynar xətinə və digər telefon nömrələrinə etdiyimiz
zənglərə avtomatik cavab verildi. Bankın operatoru ilə əlaqə saxlamaq
cəhdlərimiz alınmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=10023