"Özünü jurnalist adına layiq görənləri təbrik edirəm"
Əvəz Zeynallı məhbəsdən təbrik göndərdi
“Əvəz Zeynallı özünü jurnalist adına layiq görən bütün həmkarlarını
Milli Mətbuat Günü münasibəti ilə təbrik edir. O, müstəqil mətbuat
uğrunda mübarizəsinin davam etdirilməsini çox istəyir”. Bu barədə 9
illik həbsə məhkum edilmiş “Xural” qəzetinin baş redaktoru Əvəz
Zeynallının həyat yoldaşı Məlahət Zeynallı “Turan”a bildirib.
M.Zeynallı deyib ki, Azərbaycan mətbuatında son üç ildə baş verən
geriləmələr Əvəz Zeynallını çox incidir. “Bütün çətinliklərə baxmayaraq,
dəyərli insanlar media azadlığı uğrunda mübarizəni yenə də davam
etdirir”.
O, Zeynallı ailəsinin ilk gündən həmkarlarının və beynəlxalq
ictimaiyyətin dəstəyini hiss etdiyini bildirib. “Ailəmiz ilk gündən bu
dəstəyi hiss edib. Əvəz Zeynallı ictimai bəraət qazandıqdan sonra isə
ailəmizə mənəvi dəstək dəfələrlə artıb. Yəni bu mənəvi dəstəkdir. Bu
dəstək olmasa idi, bizə də çətin olardı. Bir çox beynəlxalq
təşkilatların Əvəz Zeynallının dərhal həbsdən azad edilməsini tələb edən
çox ciddi bəyanatları var”.
Amerika Dövlət Departamenti, çoxsaylı beynəlxalq təşkilatlar baş
redaktorun dərhal həbsdən azad edilməsini tələb edib. Amnesty
International təşkilatı Əvəz Zeynallını “vicdan məhbusu” kimi tanıyıb.
“Beynəlxalq təşkilatların nümayəndələri, diplomatik missiyalar dövlət
başçısı ilə görüşlərində də Əvəz Zeynallının həbsinin əsl səbəblərini
çatdırır. Ola bilsin ki, dövlət başçısına səhv məlumatlar versinlər.
Amma bunlara baxmayaraq, Əvəz Zeynallıya münasibətdə dəyişiklik yoxdur”,
deyə o qeyd edib.
Məlahət Zeynallının fikrincə, baş redaktorun həbsi sadəcə müstəqil
mətbuatın susdurulmasıdır. “Xural” qəzeti müstəqil fəaliyyət göstərirdi,
heç bir quruma və şəxsə bağlı deyil”.
Əvəz Zeynallıdan məhkəməyə şikayət edən millət vəkilinin özü eyni
ittihamla həbs edilib. Zeynallıya 9 il, millət vəkilinə 3 il həbs
verilib. “Əvəz Zeynallı ilə bağlı Gülər Əhmədovanın şikayəti məhkəmədə
təsdiqini tapmadı. Əhmədovaya qarşı ittiham isə videolarda əksini tapıb
və böyük məbləğlərdən söhbət gedir. Deputat seçkilərindən söhbət
gedirdi. Burada ağır da olsa, fakt var idi ki, parlamentə seçkilər
xalqın istəyi ilə keçirilmir. Bu, bir təsdiq idi. Bunun müqabilində
məhkəmənin qərarında “Əvəz Zeynallının Gülər Əhmədovadan rüşvət tələb
etmə niyyəti” yazılıb. Bu “arzu, niyyət” də təsdiq olunmayıb. Hüquqda
niyyətə və arzuya qiymət də yoxdur. Bunun müqabilində Əvəz Zeynallıya 9
il, ortada fakt ola-ola G.Əhmədovaya 3 il həbs verdilər. Sonra isə
azyaşlı uşağı var deyə Gülər Əhmədovanı həbsdən azad etdilər”, deyə
Məlahət Zeynallı bildirib.
Halbuki, baş redaktor həbs edilərkən onun qızlarının 8 və 10 yaşları var idi.
Əvəz Zeynallının ailəsi ölkədə müstəqil mətbuatın olmasını arzulayır.
Short URL: http://www.cumhuriyyet.net/?p=10025