Prezident Administrasiyasına yürüş olunacaq
Sakinləri aldatmaq məqsədilə bir neçə gün dayanan tikinti
yenidən davam edir; “Göz görə-görə ağacları qırırlar, “dur” deyən
yoxdur”
Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsindəki 10
nömrəli binanın həyətində aparılan tikinti işləri yenidən aktivləşib. Bu
barədə “Yeni Müsavat”a məlumat verən sakinlərin sözlərinə görə, ərazidə
ağacların kəsilməsi yenə də davam edir.
Sakinlər bildiriblər ki, ağacların kəsilməsi və bina ərazisinin
qanunsuz zəbt edilməsi ilə bağlı reportaj “Yeni Müsavat” qəzetində dərc
edildikdən sonra tikinti bir-iki gün dayandırılıb. Eyni zamanda Binəqədi
Rayon İcra Hakimiyyəti və bir neçə nazirliyin əməkdaşları əraziyə
gələrək yoxlamalar aparıblar. 100 ailənin yaşadığı binanın önünü zəbt
edərək, ağacları kəsib bina tikən “Arxin-M LTD” MMC tikinti şirkətinə
sərt xəbərdarlıq edilib. Tikinti şirkəti elə həmin gün işləri
dayandırmaq məcburiyyətində qalıb.
Sakinlər deyiblər ki, sevincləri qısa sürüb. Sözügedən tikinti
şirkəti iyulun 22-si gecə saatlarında işlərə yenidən başlayıb. Ərizədə
qalan şam ağaclarının hamısı kəsilib. Eyni zamanda tikiləcək binanın
təməli qoyulub.
Etiraz edən bina sakinləri bildiriblər ki, ağacların kəsilməsi və
aparılan qanunsuz tikinti ilə bağlı aidiyyəti orqanlara dəfələrlə
müraciət etmələrinə baxmayaraq, nəticəsi olmayıb: “Göz görə-görə
ağacları qırırlar, dur deyən yoxdur. Ağacların kəsilməsi və tikinti
işləri dayandırılmasa, Prezident Administrasiyasına yürüş edəcəyik”.
Məlumat üçün bildirək ki, ərazidə bina tikdirən şəxs biznesmen xanım
Qasımova Aidə Akif qızıdır. Xanım biznesmen bina tikmək üçün əvvəlcə
Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin icra hakimiyyəti
tikinti ilə bağlı icazə verməyib. Daha sonra Bakı meriyasına müraciət
edən tikinti şirkəti “hə” cavabı alıb. Bakı meriyası Qasımova Aidə Akif
qızının adına olan “Arxin-M LTD” MMC-yə tapşırıb ki, tikinti işləri ilə
bərabər ərazidə abadlaşdırma işləri aparılsın, tikiləcək binanın
ətrafında sakinlərin istirahəti üçün bağ salınsın. Meriyanın həmin
sənədində yazılıb ki, əgər tikinti işləri aparılsa, ərazidəki ağaclar
köçürülməlidir. Sakinlərdə olan video və fotoçəkilişlərdən isə
açıq-aşkar görünür ki, onlar ağacları kəsib, maşınlara yükləyib
aparıblar.
Qeyd edək ki, məsələ ilə bağlı qəzetə danışan Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova
bildirib ki, Binəqədidə ağacların kəsilməsi ilə bağlı məsələ dərhal
nəzarətə götürülüb: “Həmin ərazi ilə bağlı görüntülər bizə təqdim
olunub. Əməkdaşlarımız həmin ərazidə olub, yoxlamalar aparacaq. Əgər
hansısa bir ağacın qanunsuz olaraq kəsilməsi faktı aşkarlansa, həmin
tikinti şirkəti barədə tədbir görüləcək”.
Nazirliyin sözçüsü bildirib ki, prezident İlham Əliyev sonuncu
müşavirələrdən birində ağac kəsənlərlə bağlı sərt tədbirlərin görülməsi
ilə bağlı tapşırıq verib: “Nazirlik Bakıda və rayonlarda tez-tez
monitorinqlər aparır. Hansısa yerdə qanunsuz olaraq ağac kəsilirsə,
həmin şəxslərə qarşı çox ciddi tədbirlər görülür. Eyni zamanda
nazirliyin “168” qaynar xətti fəaliyyət göstərir. Vətəndaşlardan xahiş
edirik, əgər belə bir halla rastlaşsalar, dərhal qaynar xəttə zəng
vuraraq məlumat versinlər”.
Mövzu ilə bağlı “Arxin-M LTD” MMC rəhbərliyinin mövqeyini öyrənib dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=10033