100 müharibə əlilinə maşın verildi
İyulun 23-də Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycan Prezidenti cənab
İlham Əliyevin 30 aprel 2014-cü il tarixli Sərəncamına əsasən, Böyük
Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən daha 100
nəfərini “Naz-Lifan” markalı minik avtomobili ilə təmin edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə,
həmin şəxslərdən 38 nəfəri Böyük Vətən müharibəsi əlili, 42 nəfəri hərbi
xidmət vəzifələrini yerinə yetirərkən əlil olan, 20 nəfəri isə Çernobıl
AES əlilidir. Sərəncama uyğun olaraq, bu ilin əvvəlinədək növbəyə
dayanmış Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan
şəxslərdən artıq 523 nəfəri dövlət hesabına minik avtomobili ilə təmin
olunub. Növbədə olan digər belə şəxslərin də gələn ayın sonunadək
avtomobillə tam təminatı nəzərdə tutulur. Bundan öncə isə Azərbaycan
Prezidentinin 23 dekabr 2013-cü il tarixli Sərəncamı ilə 2014-cü ilədək
növbəyə dayanmış Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin cari ilin
aprel-may aylarında avtomobillə tam təminatı yerinə yetirilib.
Beləliklə, möhtərəm dövlət başçısının qeyd olunan iki Sərəncamı əsasında
cari ilin aprelindən bəri müvafiq kateqoriyalara aid 1200 nəfər
əlilliyi olan şəxsə avtomobil verilib.
Minik avtomobili ilə təmin olunmaq üçün növbəyə dayanmış əlilliyi olan
şəxslərin siyahıları ƏƏSMN-nin rəsmi internet saytında
(www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Avtomobillərlə
təminat” alt-bölümündə ictimaiyyətə təqdim olunur. Avtomobillərin
verilməsi həmin siyahılar əsasında, yəni növbəlilik prinsipi üzrə həyata
keçirilir. Eyni zamanda, həmin alt-bölmədə “Dövlət hesabına minik
avtomobilləri ilə təmin olunmaq üçün tələb olunan sənədlər” qovluğuna
daxil olmaqla əlil vətəndaşa verilmiş avtomaşının digər şəxs tərəfindən
idarə edilməsi üçün təqdim edilməli olan sənədlərin siyahısı da əksini
tapıb.
Yeni minik avtomobilinə sahib olan Böyük Vətən müharibəsi əlilləri və
onlara bərabər tutulan şəxslər Prezident cənab İlham Əliyevin
Azərbaycanın sürətli sosial-iqtisadi tərəqqisini təmin edən uğurlu
siyasətinin eyni zamanda hər bir vətəndaşın, o cümlədən əlilliyi olan
şəxsin sosial firavanlığına xidmət etdiyini vurğulayıb, onlara
göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin başçısına
minnətdarlıqlarını ifadə ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=10044