İşsizlərin sayı artacaq
ARDNŞ ilin sonuna qədər işçilərin 40 faizini ixtisara salacaq

Dövlət Neft Şirkətində kütləvi ixtisarların növbəti mərhələsinə start
verilib. Bu barədə “axar.az”ın yaydığı məlumatda bildirilir ki, bir
müddət öncə ştat vahidlərinin azaldılması istiqamətində kütləvi
ixtisarlar başlasa da, sonradan buna ara verildi. Hətta vaxtilə ARDNŞ-in
Insan Resursları Departamentində müsabiqədən keçən, bundan əlavə,
müsahibə mərhələsini adlayan şəxslər təkrar imtahanlara cəlb edildilər.
Işdə qalmaq üçün rəqabət yaradan bu imtahanlar həm peşəkar kadrların
seçimində, həm də ixtisarların hüquqi müstəviyə qalxmasında önəmli rol
oynayırdı.
Imtahanlardan keçə bilməyənlərin ixtisarı aparılsa da, qərar yenidən
dəyişib. Bildirilir ki, artıq ARDNŞ-in Təhlükəsizlik Idarəsi və
Nəqliyyat Departamentinin bir-iki həftə öncə imtahan verərək yaxşı
nəticə göstərmiş əməkdaşlarıyla bərabər, digər rəhbər və adi işçilərinə
bildirişlər paylanıb. Bildirişdə isə 2 ay müddətinə özlərinə iş
tapmaqları xahiş olunur və bağlanmış müqavilələrin ləğv ediləcəyi xəbər
verilir.
Neftçilərin Hüquqlarının Müdafiə Mərkəzinin rəhbəri Mirvari
Qəhrəmanlı “Azadlıq”a açıqlamasında bildirib ki, bu, yeni xəbər deyil.
Hüquq müdafiəçisinin sözlərinə görə, bir müddət əvvəl başlanmış
ixtisarlar bu gün də davam edir. Ümumiyyətlə, bu prosesin ilin sonuna
qədər davam edəcəyi gözlənilir: “Ixtisarlar ARDNŞ-in tabeliyində olan
“Azəriqaz”da da gedir və işçilərə bildirişlər paylanır. Istismar
sahələri ləğv olunur və onların hamısını birləşdirib Bakı Şəhər Qaz
Istismar Idarəsi yaradırlar. Çoxlu sayda mühəndis, texniki işçi, rəis
ixtisara düşür. Təbii ki, rəislər və baş mühəndislər işsiz qalmayacaq.
Işsizlər ordusuna adamı olmayan mühəndislər daxil olacaq. “AzNeft”
Istehsalat Birliyinin Neft və Qazçıxarma idarələrində 10-a qədər idarə
var ki, oradakı sexlər ləğv olunub sahələr yaradılır. Burada da
əməkhaqları azaldılır, ixtisarlar aparılır. Fikrimcə, ilin sonuna qədər
Dövlət Neft Şirkətinin 40 faizə qədəri ixtisara düşəcək. Təxminən 30-35
min civarında işçi qalacaq”.
Mirvari Qəhrəmanlı ARDNŞ-də ixtisarların gözlənilən olduğunu deyir.
Hüquq müdafiəçisinin sözlərinə görə, bunun da səbəbi hasilatın aşağı
düşməsidir: “Dövlət Neft Şirkəti özünə aid olan və olmayan bütün işlərlə
məşğul olduğundan hasilatı qaldıra bilmir”.
Ramin DEKO
Short URL: http://www.cumhuriyyet.net/?p=10076