Mikayıl Cabbarovun yeni korrupsiya islahatı
Regional Təhsil İdarələrinin yaradılmasının pərdəarxası məqamları
Regional Təhsil İdarələrinin yaradılmasının pərdəarxası məqamları
Artıq bilindiyi kimi prezident İlham Əliyev ölkə təhsilində zəlzələ
sayılacaq sərəncama imza atıb. Söhbət Təhsil Nazirliyinin strukturunun
təkmilləşdirilməsi haqqında sərəncamda qeyd olunan kardinal
dəyişikliklərdən gedir. Həmin sərəncama əsasən rayon təhsil şöbələri
ləğv olunur və onların bazasında regional idarələr yaradılır. Dəyişiklik
Azərbaycan təhsilində irəliləyişə səbəb olacaqmı, ümumiyyətlə rayon
təhsil şöbələrinin ləğvi lazım idimi, formalaşdırılacaq regional
idarələr tərkiblərinə veriləcək rayonların təhsil müəssisələrinə tam və
etibarlı nəzarəti həyata keçirə biləcəkmi, son dəyişiklik kimlər üçünsə
“korrupsiya qapısı” açmır ki – təbii ki suallar kifayət qədərdir. Biz
SAVASH.ORG olaraq bu yazıda məhz həmin suallara cavab tapmağa
çalışacağıq. Bütün bunlar haqda bir qədər sonra daha ətraflı, indi isə
prezidentin məlum sərəncamından sonra formalaşdırılacaq regional təhsil
idarələri və onların tərkibinə veriləcək rayonların siyahısı ilə tanış
olaq…
Hansı rayon hansı regional idarənin tərkibində?
– Sumqayıt şəhər, Abşeron, Xızı və Qubadlı rayon təhsil şöbələrinin bazasında Sumqayıt Regional Təhsil İdarəsi;
– Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon təhsil şöbələrinin bazasında Xaçmaz Regional Təhsil İdarəsi;
– İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin bazasında İsmayıllı Regional Təhsil İdarəsi;
– Şəki şəhər, Oğuz və Qəbələ rayon təhsil şöbələrinin bazasında Oğuz Regional Təhsil İdarəsi;
– Balakən, Zaqatala və Qax rayon təhsil şöbələrinin bazasında Balakən Regional Təhsil İdarəsi;
– Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin bazasında Ağstafa Regional Təhsil İdarəsi;
– Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin bazasında Şəmkir Regional Təhsil İdarəsi;
– Gəncə və Naftalan şəhər, Samux, Göygöl, Goranboy, Kəlbəcər və
Xocalı rayon təhsil şöbələrinin bazasında Gəncə Regional Təhsil İdarəsi;
– Yevlax və Mingəçevir şəhər, Ağdaş və Bərdə rayon təhsil şöbələrinin bazasında Yevlax Regional Təhsil İdarəsi;
– Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi;
– Ucar, Zərdab, Kürdəmir və Göyçay rayon təhsil şöbələrinin bazasında Ucar Regional Təhsil İdarəsi;
– Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbələrinin bazasında Sabirabad Regional Təhsil İdarəsi;
– Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl
rayon təhsil şöbələrinin bazasında Salyan Regional Təhsil İdarəsi;
– Masallı, Yardımlı və Cəlilabad rayon təhsil şöbələrinin bazasında Masallı Regional Təhsil İdarəsi;
– Lənkəran şəhər, Astara və Lerik rayon təhsil şöbələrinin bazasında Astara Regional Təhsil İdarəsi.
RİH başçılarına “öldürücü zərbə: təhsil onların əlindən çıxarıldı
Hər şeydən öncə isə bir suala cavab tapmağa çalışaq. Belə bir
sərəncamın verilməsini və rayon təhsil şöbələrinin ləğvini diqtə edən
əsas faktorlar hansılar ola bilər? Təbii ki, burada təhsillə bağlı
idarəçiliyin təmərküzləşdirilməsi prosesinin həyata keçirildiyi
aydındır. Hər halda özündə bir neçə rayonu birləşdirən Regional Təhsil
İdarələrinin formalaşdırılması Təhsil Nazirliyinin idarəçilik
operativliyinin artmasına səbəb olacaq. Amma təkcə buna görə bunca köklü
dəyişikliyə gedildiyini düşünmək də sadəlöhvlük olardı. Ən azından ona
görə ki, system təxminən eynidir, əgər əvvəl hər rayonun Təhsil Şöbəsi
birbaşa Təhsil nazirliyi ilə əlaqəli işləyirdisə, indi ayrı-ayrı rayon
üzrə kuratorlar Regional İdarəylə, onlar isə öz növbəsində Təhsil
Nazirliyi ilə işləyəcək. Bu baxımdan idarəetmədə hansısa çox ciddi
dəyişikliyin edildiyini irəli sürmək doğru olmazdı.
Regional Təhsil İdarələrinin yaradılmasının pərdəarxası məqamları
Dəyişikliyin başlıca səbəblərindən biri kimi isə şübhəsiz ki, rayon
icra hakimiyyətlərini təhsil işləri ilə bağlı “oyundankənar vəziyyət”ə
salmaq taktikasının düşünüldüyünü ehtimal etmək daha doğru olardı.
Etiraf edək ki, rayon təhsil şöbələri Təhsil Nazirliyindən daha çox
fəaliyyət göstərdikləri rayonun icra hakimiyyətlərinə tabe idi. Bu isə
əksər hallarda RİH başçılarının rayon təhsilinə ayrılan küllü miqdarda
dövlət vəsaitini mənimsəməsi hallarına yol açırdı. Hər halda bunun
təsdiqi kimi ölkə mətbuatında anoloji problemləri özündə əks etdirən
yüzlərlə faktı missal göstərmək olar. Amma nəzərdə tutulan dəyişiklikdən
sonra heç bir RİH Regional Təhsil İdarələrinə nüfuz edə bilməyəcək. Ən
azından ona görə ki, hər bir Regional Təhsil İdarəsi bir yox bir neçə
rayon üzərində hakimi mütləq olacaq ki, bud a faktiki olaraq onları
RİH-lərdən daha səlahiyyətli və nüfuzlu hala gətirmiş olacaq. Belə bir
perspektiv isə təhsil naziri Mikayıl Cabbarovun mövqelərinin güclənməsi
anlamına gəlir. Bununla belə gözlənilən daha bir təhlükə var:
Mikayıl Cabbarov üçün açılan “korrupsiya qapısı”
Nə qədər qəribə səslənsə də məlum dəyişiklik təhsil naziri Mikayıl
Cabbarov üçün əlavə və çoxmilyonluq qazanc mənbəyinə çevrilə bilər.
Hələlik hazırda rayon TŞ müdiri vəzifəsində işləyənlərin sonrakı taleyi
açıq şəkildə sual altına salınıb. Əslində isə sərəncamın icrasına
başlanılması o demək olacaq ki, həmin şəxslər avtomatik olaraq
tutduqları vəzifələri itirmiş olacaqlar-çünki onların rəhbərlik
etdikləri strukturun özü birdəfəlik ləğv olunacaq. RTŞ-lərin bazasında
yaranacaq Regional Təhsil İdarələrinə kimlərin rəhbər təyin olunması isə
məsələnin əsas tərəfidir. İndi özünüz düşünün, beş rayonun təhsil
şöbəsi ləğv olunur, əvəzində regional idarə yaradılır və burada yalnız 1
nəfərin rəhbər olması mümkündür. Həmin beş nəfərin yalnız birinin bəxti
gətirə bilər, hətta bud a mümkündür ki, heç bəxt onların da üzünə
gülməsin, Regional İdarəyə tamamilə qıraqdan da rəhbər gətirilə bilər.
Rəqabəti təsəvvür edirsinizmi? Azərbaycan reallığında isə bu vəzifəyə
görə rüşvət məzənnəsinin dəfələrlə qaldırılmasıdır. Regional Təhsil
idarəsinin müdiri artıq RTŞ müdiri deyil, daha səlahiyyətli və daha
əzəmətli bir gücə sahibdir. Belə bir gücə sahib olmağı isə hazırda RTŞ
müdiri vəzifəsində çalışan kim arzulamaz ki….
Bütün bunların nəzərə alınması isə baş verənlərin təhsil naziri
Mikayıl Cabbarov üçün çox böyük “korrupsiya qapısı”nın açılması
deməkdir. Arzu edirik ki, biz bu ehtimalımızda yanılaq, amma…Amması
yaxın gələcəkdə bəlli olacaq…
Savaş.org
Short URL: http://www.cumhuriyyet.net/?p=10104