Milli Şuradan iddialı bəyanat
Oqtay Gülalıyev: “ Milli Şuradan kimsə çıxırsa, demək, onların fəaliyyət imkanları bura
qədər olub. Mən onlara sual edirəm, bəs sizin təmsil olunduğunuz partiyanın
perspektivi nə qədərdir və nə qədərmiş?“
“Milli Şuranın əsasnaməsinə görə, sessiyalar bir aydan gec olmayaraq
keçirilməlidir. Amma yer problemi yaşadığımız üçün sessiyalar bir neçə dəfə
təxirə salınıb. Biz ötən həftə sessiyanı keçirməyi planlaşdırırdıq, ancaq
alınmadı. Tək səbəb yer problemidir. İndiyə qədər bizim sessiyamız AXCP-nin
icarəyə götürdüyü qərargahda olub. İndi isə AXCP-nin qərargahı yoxdur”. Bunu Milli Şuranın ictimaiyyətlə
əlaqələr üzrə nümayəndəsi Oqtay Gülalıyev deyib. Onun sözlərinə görə, Milli
Şuranın Koordinasiya Şurasının üzvləri sessiyanın keçirilməsinə yer ayrılması
üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib, lakin bu günə qədər cavab ala
bilməyiblər: “Biz müxtəlif yerlərin ayrılmasını təklif etmişik. Həm də
Milli Şuraya daxil olan partiyaların da ayrı-ayrılıqda müraciətləri olub.
Sonuncu müraciətimiz Milli Şuraya daxil olan qeyri-siyasi təşkilatlardan
birinin adı ilə edilib. Sonradan razılıq əldə olundu, tədbiri keçirmək üçün yer
haqqı da verildi. Ancaq sonradan qarşı tərəf bundan imtina etdi. Odur ki, bizim
sessiya ilə bağlı qeyri- müəyyənlik davam edir. Biz çalışırıq ki, yaxın
vaxtlarda sessiyanı keçirək”.
O.Gülalıyev əlavə edib ki, KXCP öz qərargahında sessiyanın keçirilməsini
təklif etsə də, şəxsən özü bu haqda bir söz deyə bilməz: “Milli Şuranın bir
neçə sessiyası KXCP-də keçirilib. Ancaq oranın müəyyən qədər darısqal olduğuna
dair fikirlər də var. Milli Şura istəyir ki, sessiyaları daha geniş və münasib
yerlərdə keçirsin”.
Milli Şuranın konkret neçə üzvü olduğuna gəldikdə O.Gülalıyev bildirib ki,
bu haqda konkret fikir söyləyə bilməz: “Son zamanlar Azad Demokratlar
partiyasının üzvləri Milli Şurada fəaliyyətlərini dayandırıblar. Bu baxımdan
Milli Şura üzvlərinin sayını konkret deməkdə çətinlik çəkirəm. Onların
istefasına qədər Milli Şuranın səksənə yaxın üzvü olub. Onu da deyim ki, Milli
Şuraya üzv olmaq üçün müraciətlər var. Əgər sessiya keçirilsə, bu məsələyə
baxılacaq”.
Milli Şuranın ictimaiyyətlə əlaqələrinə məsul şəxs Vaqif Mahmudovun bu
qurumu tərk etməsi və onun fəaliyyəti haqqında ciddi ittihamlar irəli
sürməsindən də məlumatsız olduğunu deyib: “Məndə bu haqda məlumat yoxdur.
İstəməzdim ki, kiminsə ünvanına ciddi tənqid və ya ittiham irəli sürüm. Amma
bir çox insanların mübarizə və dözüm imkanları müəyyən vaxta qədərdir. Milli
Şuradan kimsə çıxırsa, demək, onların fəaliyyət imkanları bura qədər olub. Mən
onlara sual edirəm, bəs sizin təmsil olunduğunuz partiyanın perspektivi nə
qədərdir və nə qədərmiş? Siz Milli Şura haqqında belə fikirlər
səsləndirirsiniz, bəs öz siyasi təşkilatlarınızın perspektivi haqda nə deyə
bilərsiniz və ümumiyyətlə deyirsinizmi? Odur ki, mən həmin şəxsin iddialarını
doğru hesab etmirəm. Mən Milli Şura üzvü olan və sonradan burada fəaliyyətini
davam etdirə bilməyən şəxslərə uğurlar arzu edirəm. Amma məsələlərə daha real baxmağı da məsləhət
görürəm”.
teleqraf.com
Short URL: http://www.cumhuriyyet.net/?p=10105